ABŞ A7 ödəniş şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Rusiyanın və İranın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi A7 ödəniş şəbəkəsini transmilli cinayət təşkilatı kimi tanıyıb.
Crossmedia.az xəbər verir ki, “Forbes Ukraine” bu barədə məlumat yayıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, A7 şəbəkəsi beynəlxalq sanksiyalardan yayınmaq və Rusiya müştərilərinin ödənişlərini həyata keçirmək üçün yaradılıb.
Yeni status ABŞ maliyyə qurumlarına A7-nin üçüncü ölkələrdə qeydiyyatdan keçmiş subagentlərinin iştirakı ilə həyata keçirilən pul köçürmələrini aparmağı qadağan edir.
A7 sanksiyaya məruz qalan şəxslər və sektorlarla bağlı ödənişləri adi kommersiya əməliyyatları kimi göstərmək üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən vasitəçi şirkətlərdən ibarət şəbəkədən istifadə edib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, şəbəkənin xidmətlərindən İran İslam İnqilabı Keşikçiləri Korpusu və İran Mərkəzi Bankı da yararlanıb. A7-nin subagentlərinin kibercinayətkarlara xidmət göstərdiyi, həmçinin İran neftinin satışına və silah tədarükünə kömək etdiyi bildirilib.
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, nazirlik İran və digər rəqiblərin sanksiyalardan yayınmasına imkan verən maliyyə infrastrukturunu aradan qaldırmağa çalışır.
21:29 03.10.2026
Oxunuş sayı: 50