Yeniyetmə “zarafat” etmək üçün məktəblilərə atəş açıb
Sankt-Peterburqda məktəblinin yanağına pnevmatik silahla atəş açılıb. Hadisənin zarafat məqsədilə törədildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “78 | xəbərlər” Telegram kanalı bu barədə məlumat yayıb.
Hadisə oktyabrın 2-də Vasilyevski adasında baş verib. Zərərçəkənin anasının sözlərinə görə, oğlu dostu ilə gəzintiyə çıxarkən yaşıdlarından ibarət bir qrupla qarşılaşıb.
Qrupdakı yeniyetmələrdən biri pnevmatik tapança çıxararaq onlara atəş açmağa başlayıb. Nəticədə bir neçə yeniyetmənin əl və ayağından yaralandığı, məktəblilərdən birinin isə yanağından güllə ilə vurulduğu bildirilib.
Ananın sözlərinə görə, güllə yanaqdan keçərək dişə dəyib və nəticədə diş də zədələnib. Hadisə şahidləri atəş açan şəxsin bunu “sadəcə zarafat etmək üçün” etdiyini bildiriblər.
İnsidentin digər təfərrüatları açıqlanmayıb.
20:36 03.10.2026
Oxunuş sayı: 66