Bu zərərli vərdiş xərçəng yaradır
Qəlyan son illərdə xüsusilə gənclər arasında sadəcə əyləncə vasitəsi kimi deyil, həm də tütün məmulatlarına alternativ və guya daha “zərərsiz” seçim kimi təqdim olunur. Tüstünün sudan keçməsi isə bu təsəvvürü daha da gücləndirir. Halbuki mütəxəssislər qəlyanın filtrasiya olunaraq zərərsizləşməsi fikrinin yanlış olduğunu bildirirlər. Qəlyan zamanı qısa müddət ərzində böyük həcmdə tüstünün orqanizmə daxil olması sağlamlıq üçün ciddi risklər yarada bilər. Ağız boşluğundan ağciyərlərə, ürək-damar sistemindən xərçəng riskinə qədər bir sıra təhlükələr qəlyan istifadəsi ilə əlaqələndirilir. Üstəlik, qəlyan çəkən təkcə özünü deyil, ətrafındakı insanları da tüstüyə məruz qoyur. Bəs qəlyan həqiqətən siqaretdən daha təhlükəsizdirmi, yoxsa bu, sadəcə cəmiyyətdə formalaşmış yanlış təsəvvürdür?
Terapevt Şahvələd Məmmədov Crossmedia.az-a açıqlamasında qəlyanın insan orqanizminə təsirləri barədə danışarkən bildirib:
“Ümumiyyətlə, siqaret çəkənlərlə qəlyan çəkənlər arasında orqanizmə zərərli təsir baxımından ciddi fərq yoxdur. Qəlyan çəkənlərdə belə bir fikir formalaşıb ki, guya qəlyan tüstüsü sudan keçdiyi üçün filtrasiya olunur və zərərsizləşir. Bu, tamamilə yanlışdır. Təsəvvür edin ki, bir sutka ərzində bir qutu siqaret çəkən insanla 30-60 dəqiqə ərzində ardıcıl olaraq böyük həcmdə qəlyan tüstüsü qəbul edən insanın vəziyyəti arasında ciddi fərq yoxdur. Siqareti bir sutka ərzində müəyyən fasilələrlə çəkərək tüstünü orqanizmə daxil etmək mümkündür. Qəlyanda isə qısa müddət ərzində böyük həcmdə tüstü qəbul edilir. Bəzən insanlar uzunmüddətli qəlyan istifadəsinə də üstünlük verirlər. Qəlyan tüstüsünün sudan keçməsi onun təmiz və zərərsiz olması demək deyil".

Həkim qeyd edib ki, müntəzəm qəlyan istifadə edən insanlar müxtəlif yan təsirlərlə və xəstəliklərlə üzləşə bilərlər: "Qəlyan çəkənlərdə ağız boşluğunda herpes, digər infeksiyalar və yaralar yarana bilər. Bundan başqa, qəlyan tüstüsü ətrafdakı insanlar üçün də təhlükəlidir və passiv siqaret çəkməyə bənzər təsir yaradır. Beləliklə, qəlyan çəkən şəxs ətrafındakı insanları da tüstüyə məruz qoyur. Qəlyan istifadəsi ağciyər və bronx-ağciyər xəstəliklərinin, xroniki obstruktiv ağciyər xəstəliyinin artmasına, ürəyin işemik xəstəliyinin və hipertoniya xəstəliyinin inkişafına səbəb ola bilər. Uzunmüddətli qəlyan istifadəçiləri isə xərçəng təhlükəsi ilə üzləşə bilərlər. Ona görə qəlyan çəkənlərin “mən siqaretdən fərqli olaraq qəlyan çəkirəm, tüstü sudan süzülür və filtrasiya olunur” düşüncəsinə qapılması tamamilə yanlışdır. Qəlyanın da sağlamlığa ciddi zərərli təsirləri var. Hətta qəlyan çəkənlərin bəzi digər xəstəliklərə düçar olma riski siqaret çəkənlərdən daha yüksək ola bilər. Sağlamlıq baxımından nə qəlyanın, nə də siqaretin müsbət təsirindən danışmaq mümkündür”.
Zeynəb Həsən
19:08 17.08.2026
Oxunuş sayı: 59