Argentina ilk milli nanosatellitini orbitə çıxardı
Argentina ilk milli texnoloji nanosatelliti ETNS-i Yer orbitinə göndərib.
Crossmedia.az xəbər verir ki, Argentina Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
ETNS “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələr Bazasından orbitə buraxılıb. Peyk “Transporter-18” missiyası çərçivəsində aşağı Yer orbitinə yerləşdirilib.
Layihə Argentina Müdafiə Elmi və Texniki Tədqiqatlar İnstitutu (CITEDEF) tərəfindən Argentina Ordusunun iştirakı ilə hazırlanıb. ETNS-in əsas məqsədi peyk texnologiyalarını real kosmik mühitdə sınaqdan keçirmək və ölkənin bu sahədə mütəxəssis hazırlığı və texnoloji imkanlarını inkişaf etdirməkdir.
Nanosatellitin elektronika, enerji, rabitə, naviqasiya, istiqamətləndirmə, missiya proqram təminatı və məlumatların emalı üzrə texnologiyaları sınaqdan keçirməsi nəzərdə tutulur. Peykin 500-600 kilometr yüksəklikdə orbitdə fəaliyyət göstərməsi və Yer ətrafında təxminən 90 dəqiqəyə bir dövrə vurması planlaşdırılıb.
13:09 03.10.2026
Oxunuş sayı: 48