Kişineuda Nizami Gəncəvinin abidəsi önündə iməcilik keçirilib
Moldova Azərbaycanlıları Konqresi (MAK) paytaxt Kişineunun Rışkan bölgəsində yerləşən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi önündə ənənəvi iməcilik təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
İməciliyə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Tural Səfərov, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, komitənin əməkdaşı Təhmasib Atakişiyev, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, konqresin üzvü Mehriban Bədəlova, MAK-nin nəzdində fəaliyyət göstərən həftəsonu məktəbinin müəllimi Səidə Səfərova, MAK Şurasının üzvləri Ramil Adıgözəlov, Marif Berqan və Rəhim Səfərov, Azərbaycan icmasının ağsaqqalı Əli Bayramov, diaspor fəalları, eləcə də opera ifaçıları Aleksey Botnarçuk və Gülnarə Raylyanu qatılıb.
İştirakçılar yaşıllıq sahəsində və ətraf ərazilərdə təmizlik işləri aparıb, oturacaqları rəngləyiblər. Görülən işlər nəticəsində abidənin ətrafı səliqəli və baxımlı vəziyyətə gətirilib, şəhər sakinləri və qonaqlar üçün daha rahat və xoş mühit yaradılıb.
Nizami Gəncəvinin abidəsi önündə iməciliyin təşkili Moldova Azərbaycanlıları Konqresinin uzun illərdir davam etdirdiyi gözəl ənənələrdən biridir. Dahi şairin xatirəsinə ehtiramın ifadəsi olan bu təşəbbüs həm Azərbaycan xalqının zəngin mədəni irsinə hörmətin təzahürü, həm də şəhər mühitinin abadlaşdırılmasına verilən töhfə kimi qiymətləndirilir.
Moldova Azərbaycanlıları Konqresi iməciliyin təşkilinə göstərdiyi dəstəyə görə Rışkan bölgəsinin pretoru Mixail Furkulitsaya minnətdarlığını bildirib.
17:11 24.06.2026
Oxunuş sayı: 47