Kiberfırıldaqçılıq halları artıb: Qarşısını necə almaq olar?
Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri və Məhsullarının İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cuvarov bildirib ki, ölkədə son illər fırıldaqçılıq əməliyyatlarının kəskin artması bu sahədə profilaktik tədbirlərin, rəqəmsal savadlılığın və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsini zəruri edir.
Rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi və nağdsız ödənişlərin sürətlə artması ilə paralel olaraq kibermühitdə maliyyə təhlükələri də daha aktual xarakter almağa başlayıb. Son illərdə bank kartları, elektron ödənişlər və onlayn əməliyyatlar üzərindən həyata keçirilən fırıldaqçılıq hallarında artım müşahidə olunur ki, bu da həm vətəndaşların maliyyə təhlükəsizliyi, həm də ümumilikdə ödəniş ekosisteminin dayanıqlılığı baxımından ciddi çağırışlar yaradır.
Mövzu ilə bağlı İnformasiya Texnologiyaları eksperti Eyvaz Kərimov Crossmedia.az-a açıqlama verib: “Son illərdə ölkəmizdə rəqəmsal ödənişlərin, onlayn bankçılıq xidmətlərinin və elektron ticarətin sürətlə inkişaf etməsi vətəndaşlar üçün böyük rahatlıqlar yaratsa da, təəssüf ki, kibercinayətkarların fəaliyyət imkanlarını da genişləndirib. Fırıldaqçılıq əməliyyatlarının artmasının əsas səbəblərindən biri sosial mühəndislik üsullarının daha peşəkar şəkildə tətbiq edilməsidir. Cinayətkarlar müxtəlif kommunikasiya kanalları vasitəsilə vətəndaşların etibarını qazanaraq onların bank kartı məlumatlarını, birdəfəlik şifrələrini və digər məxfi məlumatlarını əldə etməyə çalışırlar. Digər mühüm amil rəqəmsal savadlılıq səviyyəsinin bütün istifadəçilər arasında eyni olmamasıdır. Xüsusilə saxta zənglər, SMS-lər, elektron məktublar və sosial şəbəkələr üzərindən göndərilən aldadıcı keçidlər vasitəsilə həyata keçirilən hücumlar vətəndaşların diqqətsizliyindən istifadə edir. Bəzi hallarda insanlar bank əməkdaşı, dövlət qurumu nümayəndəsi və ya texniki dəstək əməkdaşı kimi təqdim olunan şəxslərin tələblərinə inanaraq öz məlumatlarını könüllü şəkildə təqdim edirlər”.
Ekspert əlavə edib ki, təhdidlərin minimuma endirilməsi üçün ilk növbədə maarifləndirmə tədbirlərinin davamlı şəkildə genişləndirilməsi vacibdir: “Vətəndaşlar bilməlidirlər ki, heç bir bank və ya maliyyə qurumu telefon vasitəsilə kartın tam nömrəsini, CVV kodunu və ya birdəfəlik təsdiq şifrələrini tələb etmir. Şübhəli keçidlərə daxil olmamaq, naməlum mənbələrdən göndərilən faylları açmamaq və yalnız rəsmi tətbiq və platformalardan istifadə etmək tövsiyə olunur. Eyni zamanda, maliyyə və dövlət qurumları tərəfindən təhlükəsizlik sistemlərinin daim yenilənməsi, çoxmərhələli autentifikasiya mexanizmlərinin tətbiqi və fırıldaqçılıq hallarının operativ aşkarlanması istiqamətində tədbirlərin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Texnologiya və maarifləndirmənin paralel inkişafı kibertəhlükələrin təsirini azaltmaq üçün ən effektiv yanaşma hesab olunur. Nəticə etibarilə, fırıldaqçılıqla mübarizə yalnız texniki həllərlə deyil, həm də istifadəçilərin məsuliyyətli davranışı və rəqəmsal təhlükəsizlik qaydalarına əməl etməsi ilə mümkündür. Dövlət qurumları, maliyyə sektoru və vətəndaşların birgə səyləri bu sahədə risklərin əhəmiyyətli dərəcədə azalmasına töhfə verə bilər”.
Ayhan
13:01 11.06.2026
Oxunuş sayı: 56