Quba: qədim memarlıqla müasir inkişafın vəhdətində yaşayan şəhər
Qubanın küçələrinə ilk addımımı atdığım andan hiss edirəm ki, bu şəhər yalnız gözlə görünən məkan deyil. Burada hər daş divarın öz yaddaşı, hər məhəllənin öz səsi, hər küçənin isə danışılmamış bir hekayəsi var. Mən sanki bu şəhəri gəzməkdən çox, onunla söhbət edirəm - qədim evlərin kölgəsində keçmişin nəfəsini duyur, yeni tikililərin ritmində bu günün dəyişən simasını oxumağa çalışıram. Quba memarlığında daşın möhkəmliyi ilə ağacın istiliyi, insan əməyinin zərifliyi ilə təbiətin ahəngi bir-birinə qarışır. Burada şəhərsalma yalnız küçələrin və binaların düzülüşü deyil; bu, insanların yaşayış tərzinin, estetik düşüncəsinin və zamanla qurduğu münasibətin canlı ifadəsidir. Mənim üçün Quba sadəcə bir şəhər deyil. O, keçmişlə bu günün eyni küçədə yanaşı addımladığı, yaddaşın və yenilənmənin bir-birini tamamladığı canlı bir hekayədir. Bu şəhəri gəzdikcə anlayıram ki, memarlıq bəzən daşdan daha artıqdır - o, bir xalqın ruhunu görünən edən səssiz sənətdir.
Azərbaycanın şimalında, Böyük Qafqaz dağlarının ətəyində yerləşən Quba əsrlərin yaddaşını bu günə daşıyan nadir şəhərlərdən biridir. Bu şəhərdə tarix sadəcə arxivlərdə və kitablarda yaşamır - küçələrdə nəfəs alır, daş divarlarda iz salır, qədim məhəllələrin səssizliyində danışır. Quba həm qədim şəhərsalma ənənələrinin, həm də müasir inkişaf modelinin bir arada qorunduğu məkan kimi Azərbaycanın memarlıq xəritəsində xüsusi yer tutur.
Qubanın küçələrində addımladıqca hiss olunur ki, burada memarlıq yalnız tikinti anlayışı deyil. Bu şəhərdə hər bina bir dövrün estetik zövqünü, həyat tərzini və düşüncə mədəniyyətini əks etdirir. Daşın möhkəmliyi ilə ağacın istiliyi, təbiətin sərtliyi ilə insan əməyinin zərifliyi bir-birinə qarışaraq Qubanın özünəməxsus memarlıq ruhunu formalaşdırır.
Tarix boyu qədim İpək yolu üzərində yerləşən Quba mühüm ticarət və mədəniyyət mərkəzlərindən biri olub. Müxtəlif xalqların və mədəniyyətlərin qovuşduğu bu şəhər zamanla multikultural həyat tərzinin canlı nümunəsinə çevrilib. Burada azərbaycanlılarla yanaşı dağ yəhudiləri, ruslar, malakanlar, tatlar, ləzgilər, xınalıqlılar, qrızlılar, buduqlular və digər xalqlar yaşayır. Məhz bu müxtəliflik Qubanın memarlıq simasında da aydın hiss olunur. Fərqli xalqların yaşayış üslubu, tikinti ənənələri və estetik baxışları şəhərin ümumi görünüşündə öz izini qoyub.
Qubada şəhərsalma mədəniyyətinin formalaşması əsasən XVII–XVIII əsrlərə təsadüf edir. Həmin dövrdə şəhər ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf etməyə başlayır, yaşayış məhəllələri və küçə şəbəkəsi planlı şəkildə qurulur. Fətəli xan dövründə Quba xanlığın paytaxtına çevrilərək regionun siyasi və iqtisadi mərkəzi statusunu qazanır. Bu mərhələdə şəhərdə inzibati binalar, bazarlar və müdafiə tikililəri inşa edilir, şəhərsalma daha sistemli xarakter alır. Çaylar və dağlıq relyef nəzərə alınaraq yeni məskunlaşma sistemi formalaşdırılır. Şəhərin planlaşdırılmasında təbii-coğrafi şəraitlə memarlığın harmoniyası açıq şəkildə görünür.
Bu gün Qubanın qədim memarlıq ənənələrini əks etdirən tikililərin böyük hissəsi XIX əsrə aiddir. Bununla belə, XVIII əsrdə formalaşmış bəzi məhəllə planlamaları hələ də ilkin görnüşünü qoruyub saxlayır.
Qədim yaşayış evləri arasında XIX əsrdə imkanlı sakinlərdən biri olan Əlibaba Bağırovun inşa etdirdiyi ev xüsusi diqqət çəkir. Şəhərin qədim küçələrindən hesab olunan Ərdəbil küçəsində yerləşən bina bu gün də yaşayış evi kimi istifadə olunur və Qubanın klassik yaşayış memarlığının nümunələrindən biri sayılır.
Qubanın tarixi-memarlıq irsini yaşadan tikililərdən biri də Əliqulu Əhmədova məxsus yaşayış evidir. Şəhərin indiki Qələbə küçəsində yerləşən, qırmızı kərpicdən tikilmiş ikimərtəbəli bina XIX əsrə aiddir. Tikilinin memarlığında milli ornamentlərdən məharətlə istifadə olunub. Aynabəndi, dam örtüyü və fasad həlli binaya xüsusi estetik görünüş verir. Tarixi abidə kimi qorunan bu evdə hazırda Əliqulu Əhmədovun nəvəsi Orucəli Əhmədov yaşayır.
Qubanın memarlıq salnaməsində dini tikililər xüsusi yer tutur. Şəhərin mərkəzinə doğru irəlilədikcə qədim məscidlər insanı ilk baxışdan özünə cəlb edir. Bu məscidlər təkcə ibadət məkanı deyil, həm də şəhərin memarlıq yaddaşı və mənəvi kimliyidir.
Cümə məscidi Qubanın ən möhtəşəm dini abidələrindən biridir. Qırmızı kərpicdən inşa edilmiş bu məscid böyük günbəzi və monumental görünüşü ilə seçilir. Məscid 1802-ci ildə Qazi İsmayıl əfəndinin maddi dəstəyi ilə tikilib. Rəvayətə görə, tikintini həyata keçirən usta işi yarımçıq qoyaraq İrana gedib. İllər sonra geri qayıdıb tikintini davam etdirərkən bunun səbəbini belə izah edib: bünövrənin tam möhkəmlənməsi üçün zamana ehtiyac vardı. Məscidin tikintisi fasilələrlə təxminən on il davam edib. İçəri daxil olduqda qədim ornamentlər, geniş ibadət zalı və sakit atmosfer insanda xüsusi mənəvi rahatlıq yaradır. Bu məscidin divarları əsrlər boyu neçə-neçə nəslin dualarına şahidlik edib.
Ərdəbil məscidi isə daha fərqli memarlıq üslubu ilə diqqət çəkir. Məscidin cənub fasadında yerləşən daş kitabədə tikilinin 1893–1894-cü illərdə inşa edildiyi qeyd olunub. Sadə görünüşünə baxmayaraq, bu məscid dərin tarixi aura yaradır. Yerli sakinlərin sözlərinə görə, vaxtilə burada dini və elmi söhbətlər aparılıb, maarifçilik mühiti formalaşıb. Məscidin memarlığında cənub üslubunun təsiri açıq hiss olunur.
Səkinəxanım məscidi Şərq memarlığının incəliklərini özündə yaşadan nadir tikililərdən biridir. Məscid görkəmli maarifçi, alim və yazıçı Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə onun həyat yoldaşı Səkinə xanım tərəfindən 1854-cü ildə inşa etdirilib. Bu fakt Qubada qadınların ictimai və mənəvi həyatda tutduğu mühüm mövqeni də göstərir. Günəş işığı məscidin pəncərələrinə toxunduqca bina tamam fərqli gözəllik qazanır.
Hacı Cəfər məscidi isə sadəliyi ilə seçilir. Məscid 1905-ci ildə Quba sakini Hacı Cəfərin şəxsi vəsaiti hesabına tikilib. Böyük dəbdəbədən uzaq olsa da, burada xüsusi doğmalıq və sakitlik hiss olunur. Bu məkan şəhərin səs-küyündən uzaqlaşaraq mənəvi rahatlıq tapmaq istəyən insanlar üçün sanki zamanın dayandığı bir ünvandır.
Şəhərin memarlıq simasını tamamlayan məkanlardan biri də Nizami parkıdır. Parkda yerləşdirilən müxtəlif heykəllər və kompozisiyalar Azərbaycan ədəbiyyatını, xalqın gündəlik həyatını və milli ruhu əks etdirir. Ağacların kölgəsində ucalan bu heykəllər parkı sadəcə istirahət məkanı deyil, açıq səma altında sənət qalereyasına çevirir.
Parkdan aşağı enən pilləkənlər isə insanı XIX əsrin yadigarı olan məşhur tağlı körpüyə aparır. Tağlı körpü Qudyalçayın üzərində yerləşərək Quba şəhəri ilə Qırmızı qəsəbəni birləşdirir. Bu körpü yalnız iki sahili deyil, müxtəlif xalqları və dinləri də bir araya gətirən mənəvi bağın simvoludur.
Vaxtilə Fətəli xanın himayəsi ilə burada məskunlaşan dağ yəhudiləri ilə yerli müsəlman əhali arasında formalaşmış dostluq və qarşılıqlı hörmət münasibətləri bu gün də yaşayır. Burada bayramlar birlikdə qeyd olunur, yaslar birlikdə paylaşılır. Körpünün daşları sanki əsrlərin tolerantlıq tarixini öz yaddaşında qoruyur.
Qırmızı qəsəbəyə daxil olduqda qədimliklə müasirliyin yenidən vəhdət təşkil etdiyi hiss olunur. Burada qədim qırmızı damlı evlər, müasir memarlıq üslubunda tikilmiş yeni binalar, abad küçələr və parklar bir-birini tamamlayır. Qəsəbədə yerləşən qədim sinaqoqlar bu gün də dini və mədəni həyatın mühüm hissəsi olaraq qalır. Bu yaşayış məntəqəsi multikultural harmoniyanın canlı nümunəsidir.
Qubanın memarlıq salnaməsi Xınalıq olmadan tamamlanmış hesab edilə bilməz. Dəniz səviyyəsindən 2250 metr yüksəklikdə yerləşən kənd təxminən beş min illik yaşayış və memarlıq mədəniyyətini qoruyub saxlayır. Burada evlər pilləvari şəkildə — bir evin damı digərinin həyəti prinsipi ilə tikilib. Bu memarlıq həlli sərt dağ iqliminə uyğunlaşmanın və kollektiv yaşayış fəlsəfəsinin nəticəsidir.
Xınalıqlılar danışırlar ki, qədim dövrlərdə kənddə ev tikilərkən insanlar çay kənarında sıraya düzülərək daşları bir-birinə ötürməklə yamac boyunca tikinti işləri aparıblar. Dam örtükləri isə xüsusi ağac növləri və gil qarışığından hazırlanıb ki, daha möhkəm olsun. Xınalıq evləri daşdan tikilsə də, həmin daşlar minilliklərin istiliyini və insanla təbiətin harmoniyasını özündə yaşadır.
Dar keçidlər, torpaq damlar və təbii relyefə uyğun memarlıq həlli Xınalığı açıq səma altında canlı muzeyə çevirir. Kənd ərazisində qədim məscidlər, 31 türbə və ziyarətgah yerləşir. Kənddən dörd kilometr məsafədə isə zərdüştlük dövrünə aid, daxilində daim alov yanan qədim məbəd mövcuddur.
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Xınalıq və “Köç Yolu” mədəni landşaftı Qubanın yalnız regional deyil, bəşəri əhəmiyyətə malik memarlıq və mədəni irsə sahib olduğunu təsdiqləyir. Kəndin tarixi hissəsində yerləşən 160 ev ənənəvi üsullarla inşa olunub. Son illər qəzalı vəziyyətdə olan evlərin bərpası istiqamətində layihələr həyata keçirilib və artıq onlarla ev təmir edilərək sakinlərin istifadəsinə verilib.
Quba bu gün keçmişlə gələcəyin eyni küçədə yanaşı addımladığı şəhərdir. Burada qədim daş divarlarla müasir memarlıq bir-birinə zidd deyil, əksinə bir-birini tamamlayır. Bu şəhər sübut edir ki, memarlıq yalnız bina tikmək deyil — yaddaşı qorumaq, mədəniyyəti yaşatmaq və insan ruhunu zamanın içində görünən etmək sənətidir.
Bu gün Quba yalnız qədim tarixi ilə deyil, həm də sürətli inkişaf tempi ilə diqqət çəkir. Şəhərin müxtəlif hissələrində aparılan abadlıq və yenidənqurma işləri onun simasını müasir şəhər modelinə yaxınlaşdırır. Xüsusilə Quba Meydanında həyata keçirilən yenilənmə layihələri şəhərə yeni nəfəs qazandırır. Yenidən qurulan parklar, istirahət guşələri və müasir işıqlandırma sistemi şəhərin estetik görünüşünü daha da zənginləşdirir.
Turizm bölgəsi kimi tanınan Qubada yeni hotellər, istirahət mərkəzləri və turizm obyektləri inşa olunur. Bununla yanaşı, şəhərin tarixi ruhunun qorunması da xüsusi diqqət mərkəzində saxlanılır. XIX əsrin Şərq memarlığını yaşadan Günbəzli hamam bunun ən yaxşı nümunələrindən biridir. Əsaslı şəkildə bərpa olunan bu tarixi abidə hazırda turistlərin böyük maraq göstərdiyi məkanlardan birinə çevrilib.
Qubanın müasir simasını formalaşdıran layihələr sırasında ASAN Xidmət Mərkəzi, yeni Avtovağzal Kompleksi, Olimpiya İdman Kompleksi, Yaşıl Teatr və çoxmərtəbəli yaşayış binaları xüsusi yer tutur. Küçələrdə quraşdırılan müasir işıqlandırma sistemi isə şəhərə xüsusilə gecə saatlarında fərqli gözəllik bəxş edir. İşıqlar altında Quba həm qədim, həm də müasir şəhər təsiri bağışlayır.
Diqqət çəkən mühüm məqamlardan biri də kənd yollarının yenilənməsidir. Ən ucqar yaşayış məntəqələrinə qədər uzanan müasir yollar bölgənin sosial-iqtisadi inkişafına yeni imkanlar açır. Bu dəyişikliklər Qubanı yalnız turizm mərkəzi deyil, həm də rahat və müasir yaşayış məkanına çevirir.
Ümumdünya Şəhərsalma Forumu — WUF-13 ərəfəsində Qubada keçirilən tədbirlər və festivallar da şəhərin qədim və müasir şəhərsalma mədəniyyətini bir daha nümayiş etdirdi. Xarici qonaqlar Qubanın memarlıq zənginliyinə, təbiətinə və multikultural mühitinə heyranlıqlarını xüsusi vurğuladılar.
Şəhərsalma və memarlıq mədəniyyətinin qorunması bu gün təkcə yerli deyil, beynəlxalq səviyyədə də böyük əhəmiyyət daşıyır. Bu baxımdan WUF 13 — Ümumdünya Şəhərsalma Forumu urbanistika, davamlı inkişaf və müasir memarlıq sahəsində mühüm platformalardan biri hesab olunur. Quba kimi zəngin tarixi-memarlıq irsinə malik bölgələr isə forum iştirakçıları üçün xüsusi maraq doğurur.
Beləliklə, Qubanın zəngin şəhərsalma və memarlıq ənənələri Azərbaycanın qədim mədəni irsinin mühüm tərkib hissəsi kimi bu gün də öz aktuallığını qoruyur. Bakıda keçirilən WUF 13 festivalı çərçivəsində ölkəmizə gələn xarici qonaqların Qubanın tarixi şəhərsalma mədəniyyəti ilə, eyni zamanda işğaldan azad edilmiş Qarabağ bölgəsində — Şuşada, Ağdamda, Cəbrayılda, Füzulidə və digər şəhərlərimizdə aparılan müasir quruculuq və şəhərsalma layihələri ilə tanış olması Azərbaycan memarlıq məktəbinin inkişaf səviyyəsini nümayiş etdirir. Bu cür beynəlxalq təmaslar qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə, milli memarlıq irsimizin dünyada daha yaxından tanınmasına və gələcək şəhərsalma layihələrində yeni əməkdaşlıqların formalaşmasına mühüm töhfə verəcəkdir.
Ramiz Ramazanlı
İctimai Televiziyanın bölgə müxbiri
19:14 21.05.2026
Oxunuş sayı: 48