İran: Uranın ölkədən çıxarılmasına qadağa qoyuldu
İranda zənginləşdirilmiş uranın xaricə çıxarılması ilə bağlı qərar verilib və bu proses dayandırılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ ilə aparılan danışıqlarda Vaşinqtonun əsas tələblərindən biri məhz İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması olub. Lakin İran tərəfi bu tələbi qəbul etməyərək materialın tam şəkildə ölkə daxilində saxlanılmasına qərar verib.
Tehran bu addımı təhlükəsizlik riskləri ilə əsaslandırır. Bildirilir ki, uranın xaricə çıxarılması ölkəni gələcəkdə mümkün hərbi təhdidlərə qarşı daha həssas vəziyyətə sala bilər.
Eyni zamanda İran rəsmiləri son aylarda yaranan gərginliyin və qısa müddətli sakitlik dövrünün ABŞ və İsrail tərəfindən taktiki manevr kimi istifadə oluna biləcəyini istisna etmirlər.
19:15 21.05.2026
Oxunuş sayı: 45