Livan nəyə hazırlaşır? - Son həmlə...
Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində diplomatik əlaqelər davam edir. Livan və İsrail Vaşinqtonda keçirilən danışıqların üçüncü raundu çərçivəsində təhlükəsizlik sahəsində mümkün uzunmüddətli razılaşmanı müzakirə etməyə başlayıblar. ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüşlərdə sərhəd təhlükəsizliyi, atəşkəs mexanizmləri və regional sabitlik məsələlərinin əsas müzakirə mövzuları olduğu bildirilir. Tərəflər arasında aparılan danışıqlar uzun illərdir davam edən qarşıdurmanın diplomatik yollarla həlli baxımından mühüm addım kimi qiymətləndirilir. Görüşlərin gündəmində həmçinin sərhəd xəttində təhlükəsizlik risklərinin azaldılması və mümkün insidentlərin qarşısının alınması məsələləri də yer alır.

Livan və İsrail arasında ABŞ vasitəçiliyi ilə aparılan danışıqları Crossmedia.az-a şərh edən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, prosesdə əsas məsələlərdən biri Hizbullah faktorudur: "Çünki Livan Hizbullahı öz cənub sərhədlərindən çıxara bilmir, zəifdir. ABŞ və Fransanın dəstəyi ilə Livan çalışacaq ki, həm İranla bağlarını tam qoparsın, həm də Hizbullahı silahsızlaşdırsın. Danışıqlar da bu müstəvidə gedir. Lakin hazırda atəşkəs tam olmasa da, müəyyən qədər hərbi əməliyyatlar dayanıb. İsrail də Livanın cənubuna nəzarət edir. Oradakı bütün yaşayış məskənlərini darmadağın edib. Hizbullah da həmçinin İsrailin şimal sərhədində yerləşən yaşayış məskənlərini dağıdıb".
Şərhçi hesab edir ki, Hizbullah Livanda kifayət qədər güclənərək İsrailə qarşı müqavimətini davam etdirir: "İsrailin Livandan istədiyi məhz Hizbullahı tərk-silah etmək və uzaqlaşdırmaqdır. Bunu isə Livan təkbaşına edə bilmir. Çünki 40 ildir ki, Livanda Hizbullah güclüdür. Bu səbəbdən Livan da istəyir ki, Hizbullaha qarşı hərbi əməliyyatları davam etdirsin. Lakin tərəflər arasında razılaşmanın əldə olunması regionda sülhə və siyasi sabitliyə gətirib çıxara bilər".
Fatimə
19:05 21.05.2026
Oxunuş sayı: 53