İslam qaydalarına görə Həcc ziyarətinə kimlər getməlidir?
Qurban bayramının yaxınlaşması ilə əlaqədar olaraq müsəlman dünyasında həcc ziyarətinə hazırlıqlar da sürətlənib. Hər il minlərlə insan müqəddəs torpaqlara üz tutaraq İslamın ən önəmli ibadətlərindən birini yerinə yetirir. Həcc ziyarəti insanın həm mənəvi saflaşması, həm də dini borcunu yerinə yetirməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Zəvvarlar bu müqəddəs səfərin həyatlarında unudulmaz iz buraxdığını bildirirlər. Bayram ərəfəsində keçirilən tədbirlərdə də həccə yollanan insanlara xoş arzular çatdırılır. İştirakçılar birlik, mərhəmət və paylaşmağın Qurban bayramının əsas mesajlarından biri olduğunu vurğulayırlar. Müqəddəs səfərə çıxan zəvvarların salamat şəkildə geri dönməsi üçün dualar edilir.

İlahiyyatçı Əkrəm Həsənov Qurban bayramında Həcc ziyarəti barədə Crossmedia.az-a danışıb.
O, Həcc ibadətinin İslamın ən böyük ibadətlərindən biri hesab edildiyini qeyd edib: "Bu ibadət forması təkcə bir səfər eləmək kimi deyil, həm də əsas insanın həm mənəvi, həm əxlaqi, həm də psixoloji tərəfləri baxımdan yenilənmə məktəbi kimidir. Bu barədə Allah Qurani Kərimdə buyurur: “İnsanlar içərisində həcci elan et. Qoy onlar piyada və arıq dəvələr üzərində uzaq yollardan sənə gəlsinlər” (Həcc surəsi, 27). Digər bir ayədə isə buyurulur: “Onun yoluna gücü çatan hər kəsin Allah üçün Kəbəni həcc etməsi insanların boynunda olan bir haqqdır” (Ali İmran surəsi, 97). Bu ayələr göstərir ki, həcc sadəcə bir ənənə deyil, imkanı çatan müsəlman üçün ilahi çağırışdır. Həcc ibadətini yerinə yetirmək üçün müsəlmanlar Allahın Quranda əmrini yerinə yetirmiş olurlar. Bəzən müasir dövrdə ateizmin və elmin sürətli inkişaf tempinə uyğun olaraq bəzi ateistlər iddia edirlər ki, pulunuzu aparıb ərəblərə verincə burada yaxşı işlər görün. Əslində bu sözlər həqiqəti əks etdirmir. Çünki, həcc ibadətini icra edənlər pullarını kiməsə vermirlər. Sadəcə təhlükəsiz şəkildə ibadət ayinini yerinə yetirmək üçün, özlərinin rahatlığı və təhlükəsizliyi üçün müəyyən miqdarda pul xərcləyirlər. Bu da belədir ki, biz onsuzda hansı bir işi görürüksə mütləq imkanlarımıza uyğun həmin işi icra edirik. Həcc ibadətini yerinə yetirən müsəlmanlar da həm ibadət etmək, həm də rahat şəkildəz təhlükəsiz halda gedib gəldikləri üçün təbii olaraq xərc çəkməlidirlər. Əslində Həcc insanın Allah qarşısında bərabərliyini ən açıq şəkildə göstərən ibadətlərdəndir. Orada varlı ilə kasıbın, rəhbərlə adi insanın, fərqli millət və rənglərin eyni libasda dayanması insanlığa çox böyük mesaj verir. Müasir dünyada insanlar irq, status, maddiyyat və siyasi fərqlərlə parçalanarkən həcc milyonlarla insanı bir ümmət ruhunda birləşdirir. Bu baxımdan həcc həm də sosial və mənəvi birlik məktəbidir. Peyğəmbərimiz Məhəmməd (ona və ailəsinə salam olsun) buyurub: “Kim Allah üçün həcc edər, pis söz danışmaz və günah etməzsə, anadan doğulduğu gün kimi günahlardan təmiz qayıdar” (Buxari, Müslim). Başqa bir hədisdə buyurulur: “Qəbul olunmuş həccin qarşılığı yalnız cənnətdir” (Buxari). Bu hədislər həccin insanın ruhunda yaratdığı böyük dəyişimi göstərir. Həcc insanın daxilində hesabat hissini gücləndirir. İnsan ehrama girəndə sanki dünyəvi fərqlərdən soyunur və Allah qarşısında öz həqiqi halını görür. İslam alimləri həccin yalnız fiziki ibadət olmadığını xüsusi vurğulayıblar. İmam Qəzali yazırdı ki, Kəbəni təvaf etmək insanın qəlbini Allah ətrafında dövr edən hala gətirməlidir. İbn Teymiyyə isə bildirirdi ki, həccin əsas məqsədi sadəcə mərasimləri yerinə yetirmək deyil, təqva və itaət ruhunu gücləndirməkdir. Sələf alimləri həccdən qayıdan insanın həyatında dəyişiklik görməyin vacibliyini deyirdilər. Yəni həcc yalnız şəkil çəkdirmək və “hacı” adı almaq üçün deyil, insanın daxilən dəyişməsi üçündür".
Ə.Həsənov həccə kimlərin getməsi ilə bağlı danışarkən bildirib ki, İslam şəriətinə görə həcc maddi və fiziki imkanı çatan, ağıllı və həddi buluğa çatmış hər müsəlmana ömründə bir dəfə vacibdir: "Maddi imkan dedikdə yalnız bilet almaq nəzərdə tutulmur. İnsan öz ailəsini çətin vəziyyətdə qoymadan, borc içində batmadan, təhlükəsiz şəkildə gedib qayıda bilməlidir. Fiziki baxımdan çox ağır xəstə olan və ya səfərə gücü çatmayan insanlar isə məsul sayılmırlar. Quranda buyurulur: “Allah heç kəsə gücündən artıq yük yükləməz” (Bəqərə surəsi, 286). Bu gün həcc ibadətinə təkcə dini yox, elmi və psixoloji tərəfdən də baxılır. Müasir tədqiqatlar göstərir ki, kollektiv ibadətlər, mənəvi bağlılıq və ibadət zamanı yaranan daxili sakitlik insan psixologiyasına ciddi təsir edir. İnsan gündəlik həyatın stressindən, maddi yarışından bir müddət uzaqlaşır, özünü və həyatını yenidən düşünür. Xüsusilə Ərəfat dayanacağı insanın həyat hesabatı verdiyi ən böyük mənəvi anlardan biri hesab edilir. Ancaq təəsüf ki, ora gedənlərin çoxusu bu məsələlərə fikir vermirlər. Bəzən gedib orada gecələyəndə dua eləmək, kömək istəmək, ibadət eləmək əvəzinə səhrada uzanıb dincəlirlər və ya bazarlarda gəzib nəsə alıb gətirirlər. Buna bizdə həm ziyarət həm ticarət anlayışı deyilir. Həcc həm də insanı səbirə öyrədir. İzdiham, isti hava, yorğunluq və çətinliklər insanın əxlaqını sınağa çəkir. Quranda buyurulur: “Həcc zamanı qadına yaxınlıq, günah və mübahisə yoxdur” (Bəqərə surəsi, 197). Bu ayə göstərir ki, həcc sadəcə fiziki hərəkətlər deyil, nəfs tərbiyəsidir. İnsan dilini, davranışını və qəzəbini idarə etməyi öyrənməlidir. Bu gün sosial şəbəkələr dövründə bəzən həccin ruhundan çox görüntüsü ön plana çıxarılır. Halbuki həccin mahiyyəti nümayiş deyil, təvazökarlıqdır. Əsl həcc insanın Allahla münasibətini dəyişən həccdir. Əgər insan həcdən qayıtdıqdan sonra harama münasibəti dəyişmirsə, insanlara münasibəti gözəlləşmirsə, vicdanı daha həssas olmursa, deməli həccin ruhunu tam dərk etməyib".
İlahiyyatçının fikrincə, həcc müsəlmana ölümü də xatırladır. Ehram libası kəfəni xatırladır. İnsan milyonlarla adamın içində öz acizliyini və faniliyini anlayır. Bu səbəbdən bir çox alimlər həcci insanın həyat məktəbi adlandırıblar: "Həcc insanı həm Allaha, həm də insanlığa yaxınlaşdırmalıdır. İbadətin ən böyük nəticəsi də məhz budur. Təəsüf ki, bir çox müsəlmanlar bu mənəvi anlayışları qavramadan israfa yol verərək sadəcə səfərə gedib gəlmiş olurlar".
Fatimə Məmmədova
19:25 21.05.2026
Oxunuş sayı: 53