Azərbaycanın yaxın dostu kimlərin hədəfindədir?
Siyasi arenanın tanınmış simaları və onların ailə üzvləri ətrafında baş verən hər bir gözlənilməz hadisə təbii olaraq cəmiyyətdə böyük rezonans doğurur və müxtəlif fərziyyələrin yaranmasına zəmin hazırlayır. Türkiyənin keçmiş xarici işlər naziri, Azərbaycanda hər kəsin yaxından tanıdığı və Vətən müharibəsindəki qətiyyətli mövqeyi ilə rəğbət qazanmış Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlunun müəmmalı şəkildə silahla yaralanması və ardınca vəfat etməsi xəbəri də məhz belə bir gündəm formalaşdırıb. İlk anlarda ictimaiyyətə "sui-qəsd" və ya "güllələnmə" kimi təqdim olunan hadisələr, şəxsin statusu və siyasi əlaqələri fonunda dərhal "pərdəarxasında kimlər dayanıb?", "bunun siyasi motivi varmı?" suallarını ağla gətirir. Lakin hadisənin real təfərrüatları və rəsmi istintaqın gəldiyi ilkin qənaətlər bəzən ilk təəssüratlardan tamamilə fərqli bir mənzərəni ortaya qoyur.

Məsələ ilə bağlı beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a açıqlama verib: "Aydın Çavuşoğlunun ictimai bir fiqur olduğu bəllidir. Təbii ki, qardaşı da böyük bir siyasi karyerası olan adamdır. Azərbaycanda, yeri gəlmişkən, önəmli dostlarından biridir və şəxsən Çavuşoğlu cənab Prezidentin də yaxın dostudur. Ona çox müsbət münasibət bəsləyir. Bizim də yaddaşımızda Vətən müharibəsində oynadığı mühüm rol ilə qalıb, rəğbət qazanıb".
Ə. Əliyev bu məsələdə dəqiqləşdirilməli məqamların olduğunu da qeyd edib:
"Burada dəqiqləşdirilməli məqamlar var, amma bu, daha çox həmin şəxsin özünə qəsd etməsi, yəni intiharı üzərində fokuslanır. İlkin olaraq, sui-qəsd, güllələnmə kimi informasiyalar var idi, amma sonra o prosesdə ikinci, üçüncü bir şəxsin olmadığı meydana çıxdı və silahın da özünə aid olduğu aydınlaşdı. Bu mənada həmin şəxsin ticari bağlantıları, ictimai nüfuzlu mövqeyi bəlli olsa da, hansısa daxili səbəblərdən özünə qəsd etmə ehtimalı daha güclüdür".
Turqut Ansari
18:08 21.05.2026
Oxunuş sayı: 343