TDT+ yaradılır: Hansı dövlətlər üzv olacaq?
Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətləri və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Belə ki, ötn günlərdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı Türkiyənin irəli sürdüyü “TDT+” formatının yaradılması təşəbbüsünü dəstəklədiklərini açıqlayıb.
Tokayev bildirib ki, bu formata qoşulmaq istəyən bütün ölkələr üçün aydın meyarlar müəyyən edilməlidir. O, həmçinin TDT-nin hərbi alyans olması ilə bağlı iddiaları rədd edərək vurğulayıb ki, təşkilat qardaş ölkələr arasında ticari-iqtisadi, yüksək texnoloji, rəqəmsal və humanitar əməkdaşlığın gücləndirilməsinə xidmət edən unikal platformadır.

Türk Dövlətləri Təşkilatının"+" modelinin perspektivləri barədə Crossmedia.az-a danışan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılovun sözlərinə görə, Türkiyənin irəli sürdüyü Türk Dövlətləri Təşkilatı+ modeli Türk Dövlətləri Təşkilatının yeni mərhələyə keçdiyini göstərir: "Nəzərə almaq lazımdır ki, Qazaxıstan bu məsələdə ehtiyatlı mövqe tutur. Yəni, o hərbi blok məsələsi ilə bağlı Tokayevin açıqlaması onu göstərir ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiyanın liderliyi ilə formalaşan və hərbi blok kimi tanınan təşkilatın üzvüdür. Tokayevin də bu cür çıxışı hardasa başa düşüləndir. Burada söhbət Türk Dövlətləri Təşkilatını hərbi blokdan və ya NATO tipli ittifaq kimi təqdim etməkdən getmir. Hazırda bu mərhələyə çatmayıb, ondan sonra hərbi blok kimi bir ittifaqdan söhbət getmir. Əsas məqsəd Türk Dövlətləri Təşkilatının ətrafında daha geniş tərəfdaşlıq dairəsi yaratmaqdır. Belə ki, üzv dövlətlər, müşahidəçilər qalır, əlavə olaraq Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq etmək istəyən dövlətlər və beynəlxalq təşkilatlar üçün Türk Dövlətləri Təşkilatı+ mexanizmi formalaşır. Tokayevin də Türk Dövlətləri Təşkilatının hərbi alyans olmadığını vurğulaması bu kontekstdə təsadüfi deyil. Bu, eyni zamanda Rusiya, Çin, Qərb və İran kimi regional və qlobal güclərə bir mesajdır ki, Qazaxıstan bunu hərbi blok kimi görmək istəmir. Mesaj əsasən üçüncü dövlətlərə yönəlmiş bir mesajdır və göstərir ki, Türk Dövlətləri Təşkilatı iqtisadiyyat, yüksək texnologiyalar, rəqəmsallaşma və humanitar sahədə olan bir platformadır. Hazırda vəziyyət də məhz bu cürdür. Artıq təşkilatla əlaqəsi olan ölkələr var. Məsələn, Macarıstan və Türkmənistan. Sonra Şimali Kipr Türk Cümhuriyyəti və iqtisadi təşkilatlarda müşahidəçi statusunda olan ölkələrdən söhbət gedir".
Müsahibimiz hesab edir ki, Pakistan və Türkiyə, Azərbaycanla çox yaxın strateji münasibətləri olan ölkələrdir və gələcəkdə Pakistanın müşahidəçi, daha sonra isə birbaşa üzv olma ehtimalı böyükdür: "Körfəz ölkələrindən Səudiyyə Ərəbistanı və Qətər daha çox iqtisadi, enerji, logistika və investisiya əməkdaşlığı çərçivəsində maraqlı tərəfdaş kimi fəaliyyət göstərə bilərlər. Amma onların üzvlüyündən söhbət getmir, inanmıram ki, gələcəkdə də üzv olsunlar. Söhbət xüsusi tərəfdaşlıq və ya dialoq tərəfdaşlığından gedir. Azərbaycanın mövqeyi isə həmişə bu məsələlərdə kifayət qədər açıq, aydın və Türk Dövlətləri Təşkilatının inkişafına hər cür dəstək verən bir mövqedir. Prezident İlham Əliyevin də Türk Dövlətləri Təşkilatının mədəni birlik kimi deyil, 21-ci əsrin ən təsirli geosiyasi və iqtisadi mərkəzlərindən birinə çevrilən platforma kimi inkişaf etməsi ilə bağlı təşəbbüsləri olub. Məsələn, onun Türkiyədə çıxışında təşkilatın genişlənməsi, Azərbaycanın təşkilat daxilində əməkdaşlığının dərinləşməsi, rəqəmsal İpək Yolu, nəqliyyat dəhlizləri və fiber-optik xətlər ilə bağlı fikirləri göstərir ki, Azərbaycanın mövqeyi Türk Dövlətləri Təşkilatında praktiki əməkdaşlıq səviyyəsindədir və effektiv fəaliyyət proqramları ilə təşkilatın inkişafını dəstəkləyir".
M.Cəbrayılov bildirib ki, ilk növbədə, nəqliyyat-logistika və Orta Dəhliz çərçivəsində məsələyə baxmaq lazımdır: "İkinci, rəqəmsal əməkdaşlıq və süni intellektlə bağlı məsələdir. Çünki bu gün rəqəmsal əməkdaşlıq və süni intellekt dövlətlərarası və təşkilatdaxili əməkdaşlığın vacib hissəsidir və bundan qaçmaq olmaz. Üçüncü isə enerji, investisiya və humanitar birlik sahələridir. Bu, əməkdaşlıq formatıdır və Prezident Administrasiyasının mövqeyi də bu prosesi regional və strateji əməkdaşlıq səviyyəsində inkişaf etdirir".
Fatimə
19:17 21.05.2026
Oxunuş sayı: 81