Dantenin yubileyi – unudulmaq faciəsi
Bəzən hansısa tamaşaya sadəcə teatr sevgisinə görə getmirsən. Səni ora aparan bir cümlə, bir xatirə ya da hansısa insanın səsində qalan xüsusi bir vurğu olur. “Dantenin yubileyi” ilə mənim aramda yaranan bağ bir qədər belə başladı. Bu əsər haqqında mənə həmkarlarımdan biri danışmışdı. Elə danışmışdı ki, sanki söhbət hansısa ədəbi mətndən yox, uzun illər içində daşıdığı canlı bir xatirədən gedirdi. O, Feyzulla Kəbirlinskini sadəcə bir obraz kimi yox, həyatda rast gəlinən, bəzən yanından ötüb keçdiyimiz, bəzən də fərqinə varmadan incitdiyimiz insanlar kimi təsvir edirdi.
Qəribədir ki, həmin əsərə qarşı yaranan maraq məndə ilk günkü kimi qaldı. Bəlkə də elə buna görə Akademik Milli Dram Teatrında “Dantenin yubileyi” tamaşasının nümayiş olunacağını eşidəndə mən də özümü bu tamaşanı xüsusi həyəcanla gözləyən insanlar sırasında tapdım.
Tamaşa başlayanda isə anladım ki, bu, sadəcə məşhur bir əsərin səhnə həlli deyil. Bu, insanın görünməmək qorxusu, unudulmaq ağrısı və həyata bir az gecikmişlərin səssiz faciəsi haqqında dərin poetik etirafdır. Elə ilk səhnələrdən hiss olunurdu ki, Anarın yaratdığı Feyzulla Kəbirlinski obrazı zaman keçsə də köhnəlməyib. Çünki dövr dəyişsə də, insanların içindəki tənhalıq dəyişmir.
“Bu gecə, bu qoca, bu ocaq...”
Bəzən bir tamaşanın bütün fəlsəfəsi cəmi üç-dörd sözün içində gizlənir. Tamaşanı izləyərkən də məni ən çox məhz bu cümlə düşündürdü. Feyzulla Kəbirlinski tamaşa boyu həmin sözləri düzgün deməyə çalışırdı. Daha doğrusu, yalnız səhnədə yox, elə həyatda da. Çünki onun faciəsi məhz bundan ibarət idi: o, bütün ömrü boyu eşidilmək istəmişdi. Amma heç kim onu həqiqətən dinləməmişdi.
Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri Azərbaycan ədəbiyyatında “kiçik insan” mövzusunun ən ağrılı, ən incə və ən insani yozumlarından biridir. Bu əsərdə müəllif böyük qəhrəmanlardan, monumental xarakterlərdən, pafoslu tale sahiblərindən danışmır. Əksinə, səhnənin kənarında qalmış, həyatın fonunda görünməzləşmiş, istedadı ilə yox, yalnız inadkar yaşamaq eşqi ilə ayaqda qalan bir insanı mərkəzə gətirir.
Rejissor Ərşad Ələkbərovun quruluşunda təqdim olunan eyniadlı tamaşa da məhz bu unudulmuş insan ağrısını son dərəcə incə və düşünülmüş teatr dili ilə açmağa çalışırdı. Tamaşa ilk dəqiqələrdən hiss etdirirdi ki, burada məqsəd sadəcə məşhur bir əsəri səhnələşdirmək deyil. Burada Anarın hekayəsi yenidən oxunur, müasir insanın tənhalığı ilə üz-üzə gətirilir və ən əsası, tamaşaçıdan Kəbirlinskiyə gülməzdən əvvəl onun gözlərinin içinə baxmaq tələb olunur.
Səhnənin mərkəzində dayanan köhnə sarı avtobus tamaşanın ən mühüm dramaturji detalına çevrilmişdi. Bu avtobus gah teatr idi, gah dublyaj studiyası, gah ev, gah metro, gah restoran. Məkanlar “dəyişirdi”, amma əslində heç nə dəyişmirdi. Çünki Kəbirlinskinin həyatı elə həmin avtobus kimi köhnə, yorğun və tənhaydı. Səhnənin ortasında tək qalan avtobus necə bu böyük boşluğun içində unudulmuş görünürdüsə, Feyzulla Kəbirlinski də cəmiyyətin içində elə görünürdü. O, artıq zamanı keçmiş adam idi. Müasir teatrın ritmi dəyişmişdi, səhnənin dili dəyişmişdi, estetika dəyişmişdi, amma Kəbirlinski hələ də sənətə köhnə bir məhəbbətlə bağlanmağa davam edirdi. Onun ən böyük faciəsi zamanın onu artıq qəbul etməməsi idi.
Məhz buna görə tamaşa boyu hiss olunan absurd atmosfer əslində həyatın özündən doğurdu. İnsan gah gülür, gah boğulur, gah da nə üçün kədərləndiyini anlaya bilmir. Çünki Kəbirlinski tragikomik obrazdır. O həm gülüncdür, həm də dəhşətli dərəcədə ağrılıdır. Zaldan yüksələn gülüş səslərinin arxasında isə qəribə bir vicdan hissi dolaşırdı. Tamaşaçı anlayırdı ki, güldüyü adam əslində öz həyatını çiyinlərində daşıyan yorğun bir insandır.
Anarın böyüklüyü də məhz burada üzə çıxır. O, Kəbirlinskini lağ obyektinə çevirmir. Əksinə, bütün uğursuzluqlarının içində onu mənəvi cəhətdən ucaldır. Çünki Kəbirlinski bəlkə də böyük aktyor deyil, amma böyük ürəyə sahib insandır. Kimsəsiz uşağı öz soyadına götürəcək qədər vicdanlı, sənəti ona heç nə verməsə belə səhnəni sevməyə davam edəcək qədər saf insandır. Bu səbəbdən tamaşanın əsas ağrısı “istedadsız adamın faciəsi” yox, “yaxşı insanın tənhalığı” olur.
Baş rolda çıxış edən Sabir Məmmədov Kəbirlinski obrazını son dərəcə incə psixoloji çalarlarla qururdu. Onun Kəbirlinskisi daim özünü doğrultmağa çalışan, amma hər dəfə bir az daha sarsılan adam idi. Ən maraqlısı isə o idi ki, aktyor obrazı aciz göstərməyə çalışmırdı. Əksinə, Sabir Məmmədovun ifasında Kəbirlinski bəzən ironik, bəzən qəribə şəkildə həyatsevər görünürdü. Elə bil bütün alçaldılmaların içində özünü qorumağa çalışan son insan qırıntısını saxlayırdı. Aktyor xüsusilə susduğu anlarda çox güclü idi. Çünki bu tamaşada sözlərdən çox baxışlar danışırdı. Kəbirlinskinin bükülmüş çiyinləri, tərəddüdlü baxışları, gah sürətlənən, gah dayanıb sanki boşluğa ilişən addımları onun daxilindəki görünməz çöküşü açırdı.
Əslində tamaşanın ən ağır qatlarından biri də budur: Kəbirlinski öz uğursuzluğunun fərqindədir. O anlayır ki, böyük aktyor deyil. Anlayır ki, onunla lağ edirlər. Anlayır ki, oğlu ondan utanır. Amma yenə də səhnədən gedə bilmir. Çünki insan bəzən bacarmadığı şeyə daha çox bağlanır. Həyatda başqa tutacağı olmayan adam üçün sənət peşədən daha çox yaşamaq səbəbinə çevrilir. Kəbirlinski də məhz belə adamlardandır.
Tamaşada Sənubər İsgəndərlinin yaratdığı Həcər obrazı ayrıca diqqət tələb edir. Bu obraz çox asanlıqla sadəcə “deyingən arvad” şablonuna çevrilə bilərdi. Lakin tamaşada Həcər tamam başqa rakursdan açılırdı. Onun sərtliyinin altında yorulmuş qadın taleyi dayanırdı. O da illər boyu hansısa böyük aktyorun həyat yoldaşı olacağını düşünüb, amma nəticədə məişət içində itib qalmış qadına çevrilib. Sənubər İsgəndərli obrazı elə plastika və daxili ritmlə qururdu ki, Həcərin hər sərt cümləsinin altında gizlənmiş sevgini hiss etmək olurdu. Tamaşanın finalına yaxın metro səhnəsində isə bu obraz tamamilə başqa rakursda açılırdı. Həcər orada ərini danlamırdı. Əksinə, onu alçalmaqdan qoruyurdu. Bəlkə də tamaşanın ən insani səhnəsi məhz bu idi.
Maraqlıdır ki, tamaşada hiss olunan minimalist estetika emosional təsiri daha da gücləndirirdi. Artıq dekorların, pafoslu mizanların olmaması Kəbirlinskinin daxili boşluğunu daha aydın göstərirdi. İşıq həlli, canlı musiqi, italyan melodiyalarının leytmotiv kimi istifadəsi isə əsərin poetik qatını dərinləşdirirdi. Dantenə edilən musiqili göndərmələr təkcə estetik detal deyildi. Bu, həm də “yubiley” anlayışının ironiyasına çevrilirdi. Dünyanın böyük dahiləri təntənəli şəkildə xatırlanarkən Kəbirlinski kimi adamlar həyatda bircə dəfə belə layiq olduqları diqqəti görə bilmirlər.
Tamaşanın ən təsirli məqamlarından biri də budur ki, burada qəhrəmanın faciəsi böyük hadisələrlə verilmir. Burada nə ölüm var, nə qəhrəmanlıq, nə də gurultulu dramatizm. Sadəcə insanın yavaş-yavaş görünməzə çevrilməsi var. Ən ağır faciə də məhz budur.
Bugünkü dövrdə “Dantenin yubileyi”nə baxarkən istər-istəməz müasir insan haqqında düşünürsən. Sosial şəbəkələrin, sürətli şöhrətin, görünmək ehtirasının hökm sürdüyü zamanda Kəbirlinski daha ağrılı görünür. Çünki o, görünmək istəyir, amma bacarmır. O, sevilmək istəyir, amma alınmır. O, lazım olmaq istəyir, amma artıq heç kimə lazım deyil. Bu isə yalnız bir aktyorun yox, bütöv bir dövrün faciəsidir.
Anarın yaratdığı Kəbirlinski Azərbaycan ədəbiyyatında “kiçik insan”ın ən böyük obrazlarından biridir. Çünki o, zəif olsa da saxtakar deyil. Uğursuz olsa da qəddar deyil. Gülünc olsa da ləyaqətini tam itirmir. Ən önəmlisi isə budur ki, o, insan olaraq qalır.
Tamaşadan çıxarkən insanın beynində qəribə bir hiss dolaşırdı. Sanki Kəbirlinski səhnədə qalmırdı, bizimlə birlikdə şəhərə çıxırdı. Metroya düşürdü, avtobusa minirdi, küçədə itib-batırdı. Çünki həyatda da saysız-hesabsız Kəbirlinskilər yaşayır. Öz ömrünü görünmədən başa vuran, amma yenə də yaşamağa davam edən adamlar...
Bəlkə də “Dantenin yubileyi”nin sirri elə bundadır. O, insanı böyük ideyalarla yox, kiçik ağrılarla sarsıdır. Və anlayırsan ki, bəzən ən böyük faciə insanın uğursuz olması deyil. Ən böyük faciə onun unudulmasıdır.
18:15 21.05.2026
Oxunuş sayı: 42