Alzheimer xəstəliyi getdikcə daha gənc yaşlarda görünür – Fərid Museyibov
Avstraliya və ABŞ alimlərinin birgə apardıqları yeni araşdırma göstərib ki, beynin sağlam saxlanılması altshaymer xəstəliyinin yaddaş və düşüncə qabiliyyətlərinə təsirini əhəmiyyətli dərəcədə azalda bilər.
Tədqiqatçılar müəyyən ediblər ki, aktiv həyat tərzi, düzgün qidalanma, keyfiyyətli yuxu və zehni fəaliyyətlər koqnitiv funksiyaların qorunmasında mühüm rol oynayır.
Araşdırma çərçivəsində 65-80 yaş arası 600-dən çox şəxsin beyin sağlamlığı və koqnitiv göstəriciləri analiz olunub.
Nəticələr həmçinin göstərib ki, yüksək sosial-iqtisadi vəziyyətə malik insanların altshaymer xəstəliyinin yaddaşa təsiri qarşısında daha davamlı ola bilməsi ehtimalı var.
Alimlər hesab edirlər ki, bu istiqamətdə aparılacaq əlavə tədqiqatlar xəstəliyin erkən mərhələdə qarşısının alınması üçün yeni imkanlar yarada bilər.
Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru həkim onkoloq Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ümumiyyətlə, Alzheimer xəstəliyi son illərdə bütün dünyada sürətlə artmaqda davam edir. Bu xəstəlik əsasən yaşlı insanlarda, xüsusilə 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunur.
Lakin son aparılan araşdırmalar göstərir ki, artıq 65 yaşdan aşağı insanlarda da xəstəliyin əlamətlərinə rast gəlinir. Hətta bəzi hallarda 50 yaşlarında ilkin simptomlar ortaya çıxır.
Mütəxəssislərin fikrincə, xəstəliyin yaranmasında əsasən genetik faktor mühüm rol oynayır. Bununla yanaşı, baş travmaları və digər risk amillərinin də təsiri olduğu bildirilir. Xəstəliyin dəqiq yaranma səbəbi isə hələ tam müəyyən edilməyib.
Alzheimer xəstəliyi beyində müəyyən zülalların həddindən artıq toplanması nəticəsində yaranan neyrodegenerativ xəstəlik hesab olunur. Bu proses beyin hüceyrələrinin fəaliyyətinin pozulmasına və yaddaşın zəifləməsinə səbəb olur.
Hazırda xəstəliyin tam müalicəsi mövcud deyil. Ancaq müəyyən dərman vasitələri və müalicə üsulları xəstəliyin inkişaf sürətinin azalmasına kömək edə bilir. Diaqnoz əsasən klinik əlamətlər, nevroloji müayinələr, tomoqrafiya və digər tibbi müayinə üsulları ilə təsdiqlənir.
Alimlər hesab edirlər ki, beyində müdafiə xarakterli zülalların həddindən artıq ifrazı müəyyən kimyəvi proseslərə səbəb olur və bu proseslər xəstəliyin inkişaf mexanizmlərində mühüm rol oynayır".
Elmir Heydərli
16:56 21.05.2026
Oxunuş sayı: 54