Kağız etibarnamələr tarixə çevrilə bilər
Azərbaycanda etibarnamə sisteminin sadələşdirilməsi və bəzi hallarda tam ləğvi ilə bağlı müzakirələr son dövrlərdə yenidən aktuallaşıb.
Xüsusilə, nəqliyyat vasitələrinin idarə olunması üçün tələb edilən etibarnamələrin artıq müasir rəqəmsal xidmətlər fonunda köhnəlmiş mexanizm olduğu bildirilir.
Ekspertlər hesab edir ki, elektron hökumət sistemlərinin inkişafı, “myGov” və “Mobil Notariat” kimi platformaların tətbiqi və məlumat bazalarının inteqrasiyası nəticəsində kağız üzərində etibarnamələrə ehtiyac mərhələli şəkildə aradan qalxa bilər.
Hazırda Azərbaycanda etibarnamələrin elektron qaydada rəsmiləşdirilməsi mümkün olsa da, bu sistem hələ tam şəkildə ənənəvi prosedurları əvəz etmir.
Bununla yanaşı, hökumət rəqəmsallaşmanın genişləndirilməsi və notariat xidmətlərinin sadələşdirilməsi istiqamətində addımlar atır.
Mütəxəssislər bildirirlər ki, gələcəkdə xüsusilə avtomobillə bağlı etibarnamələrin ləğvi həm vətəndaşların vaxt itkisini azalda, həm də əlavə maliyyə xərclərinin qarşısını ala bilər.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycanda avtomobil üçün etibarnamə sistemi hüquqi baxımdan ləğv oluna bilər və son illərdə bununla bağlı müzakirələr də xeyli intensivləşib. Hazırda qüvvədə olan qaydalara görə, şəxs öz adına qeydiyyatda olmayan avtomobili idarə etmək üçün notarial qaydada təsdiqlənmiş etibarnaməyə malik olmalıdır.
Etibarnaməsiz idarəetmə isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə yaradır. Müzakirələrin əsas səbəbi odur ki, dünyada avtomobil idarəçiliyi artıq daha çox rəqəmsal identifikasiya üzərindən qurulur. Bir çox ölkədə sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat sənədi və sığorta məlumatı kifayət edir. Azərbaycanda isə hələ də notarius vasitəsilə etibarnamə alınması tələb olunur ki, bu da həm vaxt itkisi, həm əlavə xərc, həm də müəyyən korrupsiya riskləri yaradır. Bu səbəbdən müxtəlif ekspertlər etibarnamənin xüsusilə, fiziki şəxslər arasında ləğvini təklif edirlər.
Etibarnamə sistemi ləğv olunarsa, böyük ehtimalla tam nəzarətsiz modelə keçid olmayacaq. Əvəzində sistem rəqəmsal icazə mexanizmi ilə əvəz edilə bilər.
Yəni avtomobil sahibi “myGov”, “ASAN Login”, “eGov” və ya DİN-in elektron platforması üzərindən müəyyən şəxsi öz avtomobilinə sürücü kimi əlavə edə bilər.
Bu zaman məlumat birbaşa dövlət bazasında görünəcək və yol polisi sürücünün həmin avtomobili idarə etmək hüququnu sistem üzərindən yoxlayacaq. Bu model artıq bir çox ölkədə istifadə olunur və faktiki olaraq “elektron etibarnamə” prinsipi sayılır.
Başqa ehtimal olunan mexanizm isə sığorta əsaslı məsuliyyət modelidir. Yəni avtomobilin kim tərəfindən idarə olunmasından çox, sığorta paketində həmin şəxsin göstərilməsi əsas götürülə bilər.
Belə halda avtomobil sahibi əlavə sürücünü elektron şəkildə sığorta sisteminə daxil edir və avtomobili həmin şəxs qanuni idarə edə bilir. Bu yanaşma həm məsuliyyətin müəyyənləşdirilməsini asanlaşdırır, həm də qəza zamanı hüquqi mübahisələri azaldır.
Bununla yanaşı, etibarnamənin tam ləğvi bütün sahələrə aid olmaya bilər. Fiziki şəxslər arasında sadə idarəetmə etibarnaməsi aradan qalxa bilər, amma hüquqi şəxslərin — şirkətlərin, lizinq və icarə avtomobillərinin istifadəsində müəyyən səlahiyyət sənədi qalmalıdır.
Çünki kommersiya nəqliyyatında məsuliyyət bölgüsü daha mürəkkəbdir və burada sürücünün statusu ayrıca qeyd olunmalıdır. Hüquqi baxımdan isə bunun üçün bir neçə qanunda dəyişiklik tələb olunur.
İlk növbədə “Yol hərəkəti haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində və müəyyən hallarda Mülki Məcəllədə dəyişiklik edilməlidir. Hazırda DYP də bildirir ki, etibarnamə tələbi birbaşa qanundan irəli gəldiyi üçün, onun ləğvi yalnız qanunvericilik dəyişiklikləri ilə mümkündür.
Praktiki baxımdan Azərbaycan artıq texniki olaraq buna hazır görünür. Çünki ölkədə elektron hökumət sistemləri, ASAN xidmət infrastrukturu, onlayn avtomobil paylaşımı və rəqəmsal identifikasiya mexanizmləri mövcuddur.
Bu səbəbdən gələcəkdə klassik kağız etibarnamələrin mərhələli şəkildə elektron icazə sistemi ilə əvəz olunması kifayət qədər real görünür. Əsas məsələ dövlətin hansı modeli seçəcəyindən və məsuliyyət mexanizmini necə quracağından asılı olacaq".
Elmir Heydərli
17:15 21.05.2026
Oxunuş sayı: 53