Paşinyanın addımı Moskvanı qəzəbləndirdi: Zaxarovadan SƏRT AÇIQLAMA
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqı sammitində iştirak etməməsini şərh edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Moskva İrəvandan Paşinyanın sammitdə iştirak etməyəcəyi ilə bağlı rəsmi bildiriş alındığını açıqlayıb. Ermənistanı iclasda baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.
Zaxarova bildirib ki, Aİİ tədbirlərində üzv ölkə rəhbərlərinin iştirak etməməsi nadir hal deyil, lakin Paşinyanın bu addımları artıq sistemli xarakter almağa başlayıb.
O qeyd edib ki, mövcud qaydalara əsasən, Aİİ və Avrasiya Hökumətlərarası Şurasının üzvləri iclaslarda iştirak etməlidirlər. Zaxarovanın sözlərinə görə, bu vəziyyət birliyin fəaliyyəti üçün “faciə” sayılmasa da, Ermənistanın siyasi kursunu əks etdirir.
Rusiya rəsmisi əlavə edib ki, Moskva İrəvanın siyasətini bəyanatlarla deyil, konkret addımlarla qiymətləndirir və eyni vaxtda həm Aİİ-də üzvlüyü qorumağın, həm də alternativ inteqrasiya istiqamətinə yönəlməyin çətin olduğunu vurğulayıb.
17:44 21.05.2026
Oxunuş sayı: 47