Dünyanın gələcəyinə təsir edəcək əsas faktorlar açıqlandı
Rusiya ilə NATO arasında münasibətlərdə gərginlik davam edir. Son dövrlərdə tərəflər arasında qarşılıqlı ittihamlar və sərt açıqlamalar daha da intensivləşib. Xüsusilə təhlükəsizlik və hərbi planlaşdırma ilə bağlı verilən mesajlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Moskva NATO-nun hərbi imkanlarının genişlənməsini diqqətlə izlədiyini və bunu öz təhlükəsizlik strategiyasında nəzərə alacağını bildirir. Xüsusilə nüvə potensialı ilə bağlı açıqlamalar tərəflər arasında gərginliyin yeni mərhələyə keçə biləcəyi ehtimallarını artırır.

Politoloq Oqtay Qasımov Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiyanın NATO-ya ünvanladığı xəbərdarlıqlar yeni xarakter daşımır və bu cür bəyanatlar zaman-zaman iki tərəf arasında qarşılıqlı ittihamlar fonunda səslənir: "Ukrayna–Rusiya müharibəsinin başlamasından sonra NATO-nun Ukraynaya açıq dəstək verməsi Moskvanın narazılığı ilə qarşılanır və Rusiya bir sıra hallarda cəbhədəki uğursuzluqları NATO ilə əlaqələndirməyə çalışır. Eyni zamanda Rusiya tərəfindən NATO sərhədləri yaxınlığında müxtəlif hərəkətliliklər də müşahidə olunur: "Son dövrlərdə Rusiya dronlarının Polşa, Rumıniya, Almaniya, Danimarka və Baltik ölkələri istiqamətində görünməsi Avropa təhlükəsizlik gündəmində ciddi narahatlıq yaradıb".
O. Qasımov qeyd edib ki, hazırkı mərhələdə Rusiyanın verdiyi xəbərdarlıqlar daha çox Ukraynanın Rusiya ərazilərinə endirdiyi dərin və dəqiq zərbələrlə bağlıdır: "Xüsusilə 1500 kilometrədək məsafədə yerləşən hədəflərin vurulması və Moskva ətrafında baş verən hadisələr Kremlin narahatlığını artıran əsas amillər sırasındadır. Yaxın 1–2 il ərzində Rusiya ilə NATO arasında genişmiqyaslı hərbi qarşıdurma ehtimalı aşağıdır. Buna səbəb kimi Rusiyanın iqtisadi vəziyyəti və mövcud resurs məhdudiyyətləri göstərilir. 2026-cı ilin ilk rübündə qeydə alınan iqtisadi geriləmə də bu risklərin daha ehtiyatla qiymətləndirilməsinə səbəb olur. Bununla belə, regionda gərginlik elementlərinin qalacağı istisna edilmir. Belarus ərazisində keçirilən hərbi təlimlər və Baltikyanı ölkələrə dair müxtəlif iddialar təhlükəsizlik risklərini gündəmdə saxlayır".
Ekspert bildirib ki, Avropada bəzi hərbi-siyasi dairələr 2029–2030-cu illər aralığında Rusiya ilə mümkün qarşıdurma ehtimalını istisna etmir: "Bu isə qlobal güc balansında dəyişikliklər fonunda daha geniş geosiyasi müzakirələrə yol açır. Gələcək ssenarilər əsasən NATO daxilində ABŞ-nin rolundan, alyansın kollektiv müdafiə mexanizminin yəni 5-ci maddənin işləmə səviyyəsindən və dünya üzrə yeni güc mərkəzlərinin formalaşmasından asılı olacaq".
Ümumilikdə isə ekspert hesab edir ki, hazırkı mərhələdə Rusiya–NATO gərginliyi yüksək səviyyədə qalmaqda davam edir və proseslər əsasən siyasi ritorika və lokal hərbi təzyiq elementləri ilə müşayiət olunur.
Nigar Xəlilli
20:24 21.05.2026
Oxunuş sayı: 78