Nağdsız ödənişlər kölgə iqtisadiyyatının azalmasına necə təsir edir?
Azərbaycanda son illər qeyri-rəsmi məşğulluğun azaldılması və əmək münasibətlərinin leqallaşdırılması istiqamətində həyata keçirilən islahatlar iqtisadi və sosial sahədə mühüm nəticələr verib.
Muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” nəticəsində dövlət büdcəsinə daxilolmaların artması, eyni zamanda sosial müdafiə sisteminin gücləndirilməsi hökumətin prioritet istiqamətlərindən birinə çevrilib.
Bu proses həm “kölgə iqtisadiyyatı”nın miqyasının azalmasına, həm də vətəndaşların sosial təminat imkanlarının genişlənməsinə şərait yaradıb.
Bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunmuş “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması nəticəsində əldə olunan sosial sığorta və vergi daxilolmaları sosial müdafiəyə ehtiyacı olan şəxslərin mənzil təminatına yönəldilir və bu da dövlət üçün dayanıqlı maliyyə mexanizmi formalaşdırır.
Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Kölgə iqtisadiyyatının ölkə iqtisadiyyatında payı nə qədər böyük olarsa, bir çox istiqamətlərdə ciddi problemlər yaranar və bu da büdcə daxilolmalarına mənfi təsir göstərər. Uçotun şəffaf şəkildə aparılması ölkə iqtisadiyyatı üçün mühüm qərarların qəbul edilməsində xüsusi əhəmiyyət daşıyır. Çünki kölgə iqtisadiyyatı artdıqca məşğulluq, büdcə daxilolmaları və iqtisadi aktivliklə bağlı dəqiq proqnozlar vermək çətinləşir.
İqtisadiyyatın bütün sahələrində kölgə iqtisadiyyatı öz mənfi təsirini göstərir. Əksinə, onun minimuma endirilməsi iqtisadi göstəricilər üzrə proqnozların daha dəqiq və əlçatan olmasına şərait yaradır. Azərbaycanda kölgə iqtisadiyyatının azaldılması istiqamətində uzun illərdir mühüm addımlar atılır və bu proses hazırda da davam etdirilir.
Hesab edirəm ki, “ƏDV geri al” layihəsi Azərbaycanda kölgə iqtisadiyyatının azaldılması istiqamətində həyata keçirilən ən böyük və effektiv layihələrdən biridir.
Eyni zamanda, nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində görülən bütün tədbirlər də kölgə iqtisadiyyatının minimuma endirilməsinə hesablanmış mühüm addımlardır".
Elmir Heydərli
13:30 21.05.2026
Oxunuş sayı: 72