Arzu Nağıyev: Azərbaycanla sərhəddə insidentlər törədilə bilər - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl Zəngilanda
yerli sakinlərlə görüş zamanı Cənubi Qafqazla bağlı çox mühüm mesajlar verib. Onun
səsləndirdiyi fikirlər regional sabitlik, habelə perspektivlər baxımdan xüsusi əhəmiyyətlidir.
Ümumiyyətlə, bu gün dünyanın fərqli bölgələrində olduğu kimi
Cənubi Qafqazda da yeni dinamika müşahidə olunur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin sədri Arzu Nağıyev dövlət başçısının səsləndirdiyi fikirlər
kontekstində regional proseslərin inkişaf dinamikası barədə Crossmedia.az-a
müsahibə verib:
- Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə
görüşdə bildirib ki, Ermənistanın arxasında duranların heç bir şansı yoxdur.
Sizcə, bu mesajın konkret ünvanı kimlərdir?
- Zəngilandan verilən mesajlar bir neçə istiqamətə yönəlib.
Bunlardan birincisi Ermənistana dəstək verən xarici havadarlardır. Bu sırada,
əlbəttə, Qərb dairələrini və Rusiyanı xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə,
Ermənistanı silahlandıran və regionda balansı dəyişən qüvvələr nəzərdə tutulur.
İkincisi isə Ermənistan daxilindəki revanşist qüvvələrə ismarış verilir ki,
xarici havadarlara arxalanaraq Azərbaycanla qarşıdurma siyasəti aparmağın
perspektivi yoxdur. Bu, tamamilə mənasızdır. Üçüncü bir tərəfdən isə bu mesaj
regionda geosiyasi reallıqları dəyişmək istəyənlərə xəbərdarlıqdır.
- Ermənistan iqtidarı bu mesajlardan hansı nəticəni
çıxarmalıdır?
- Əgər Ermənistan sülh istəyirsə, başa düşməlidir ki, başqa
yol yoxdur. Azərbaycan açıq şəkildə göstərir ki, Ermənistan revanş siyasətinə
üstünlük versə, bu, onun özü üçün ciddi təhlükə yaradacaq. Buna görə də İrəvan
konstitusiya dəyişikliyinə getməli, ərazi iddialarından imtina etməli,
kommunikasiya layihələri ilə bağlı konstruktiv mövqe ortaya qoymalıdır. Onlar
unutmamalıdır ki, Azərbaycan sülhün bərqərar olması üçün öz gücünü, qüdrətini
daim göstərə bilər. Bu baxımdan sülhün pozulması və digər revanşist ideyalar
absurddur.
- Dövlət başçısı, həmçinin deyib ki, Azərbaycana nifrətlə
yaşayan dairələr hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq.
Dövlət başçısının bu fikirlərini necə qiymətləndirirsiniz?
- Dövlət başçımız xəbərdarlıq edib ki, Azərbaycana nifrətlə
yaşayanlar Ermənistanda hakimiyyətə gəlsələr Ermənistan xalqı özü çətin vəziyyətdə
olacaq. Revanşizm Ermənistanı yenidən təcrid vəziyyətinə, iqtisadi böhrana
sala, hərbi risklərlə üz- üzə qoya bilər. Keçmişdəki səhvləri təkrarlamaq Ermənistana
baha başa gələ bilər. Kilsə, diasporun fəaliyyəti və ya qondarma erməni soyqımı
iddialarını ortaya atmaqla onlar heç nəyə nail ola bilməyəcəklər.
- Ermənistanda revanşist ab- havada olanlar bunu necə başa
düşməlidirlər?
- Regionda artıq tamam başqa ab- hava var. Hərbi yolla
status- kvonu dəyişmək mümkün deyil. Azərbaycan həddən artıq güclü mövqeyə
sahibdir. Büdcə ayırmalarında sülhün sabitliyi üçün 21 faiz müdafiə və təhlükəsizliyə
ayrılır. Ən müasir silahların təminatı döyüşkən ordu, hibrit müharibələrin
aparılmasına hazırlıq, risklərin qarşısının alınması kimi məsələlər bu məsələyə
daxildir.
- Qarşıdan gələn parlament seçkilərində baş nazir Nikol
Paşinyanın şanslarını necə qiymətləndirirsiniz?
- Ermənistanda müxalifət parçalanmış vəziyyətdədir. Cəmiyyətin
əhəmiyyətli hissəsi keçmiş hakimiyyət komandalarının qayıdışı məsələsinə
ehtiyatla yanaşır. Hətta müharibədə nəticəsində məğlub olmasına baxmayaraq, Paşinyan
seçkilərdə qalib gəldi. Onun əsas üstünlüyü müharibədən qaçış və sabitlik
strategiyasıdır. Ermənistan hakimiyyətindən tez- tez oxşar bəyanatlar verirlir.
- Sizcə, hazırkı hakimiyyət məğlub olsa, Paşinyanın iddia
etdiyi kimi, yeni müharibə başlaya bilər?
- Paşinyan özü də qeyd edib ki, müxalifət hakimiyyətə gəlsə
onlar daxili legitimlik qazanmaq üçün sərt xarici siyasət kursuna üstünlük verə
bilərlər. Bu isə sərhəddə gərginliyi artıra bilər. Amma genişmiqyaslı müharibə
təkcə Ermənistandan asılı deyil, regional və beynəlxalq balans da bu məsələdə mühüm
rol oynayır. Rusiyanın göndərdiyi Karapetyanlar, Köçəryanlar, Sarkisyanlar və digərləri
birmənanı şəkildə Ermənistan vətəndaşını istəməyən şəxslərdir. Onların öz
maraqları var. Çünki Paşinyan qalib gəlsə Köçəryan və Sarkisyanı da Azərbaycandakı
cinayətkarların aqibəti gözləyir.
- Ümumiyyətlə, mümkün
sülh seçkilərin nəticəsindən nə qədər asılıdır?
- Bu, müəyyən qədər seçkilərdən asılıdır. Çünki hakimiyyətin
iradəsi əsas faktordur. Paşinyan qalib gələcəyi təqdirsə sülh perspektivi daha
real görünür. Bununla belə düşünürəm ki, reallıq Ermənistanın istənilən
hakimiyyətini müəyyən məhdudiyyətlər daxilində hərəkət etməyə məcbur edəcək. Azərbaycanın
bu gün atdığı humanist addımlar, həmçinin Türkiyə ilə sərhədin açılmasının bizdən
asılı olması mühüm məsələlərdir. Ermənistan bu barədə düşünməlidir.
- Seçkilər yaxınlaşdıqca üçüncü qüvvələr provokasiyaya əl
ata bilərmi? Bu ehtimalı necə qiymətləndirirsiniz?
- Bu, mümkündür. Sərhəddə lokal insidentlər törədilə bilər. Bəzi
xarici aktorlar regionda tam formalaşma prosesində maraqlı olmaya bilər. Həmçinin
seçki dövründə emosional fonun yüksəlməsi mümkündür. Əsas məsələ isə odur ki,
Bakı və İrəvan vasitəçisiz danışıqlara gedir, kommunikasiya kanallarını açıq
saxlayır. Mümkün təxibatların genişmiqyaslı gərginliyə şevrilməsinin qarşısının
almaq lazımdır. Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasi kurs ərazi
bütövlüyümüz, suverenliyimizn qorunmasına hesablanıb. Bizin kimsənin torpağında
gözümüz yoxdur. Lakin sülhü qorumaq üçün əlimizdən gələni etməyə hazırıq. Buna hərbi,
siyasi, iqtisadi və xalqla birlikdə olan gücümüz var.
19:15 13.05.2026
Oxunuş sayı: 1221