Tural Abbaslıdan iddia: Paşinyanın komandasında Azərbaycanla sülhü istəməyənlər var
Tarix sınağından keçməmiş hər bir imza, sadəcə kağız üzərindəki mürəkkəb ləkəsidir. Azərbaycanın qələbəsi ilə dəyişən region reallıqları fonunda, Ermənistanla sülh sazişi imzalanması mövzusu bu gün diplomatik masalarda deyil, birbaşa milli maraqlarımızın süzgəcindən keçməlidir. Çünki sülh məğlub tərəfin özünü bərpa etməsi üçün verilmiş bir möhlətə çevrilməməlidir.

Elə bu mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Crossmedia.az-a açıqlama verib: "Mən əvvəldən Azərbaycan və Ermənistan arasında hər hansı bir sülh müqaviləsinin imzalanmasının əleyhinə olmuşam. Çünki Ermənistan heç bir zaman razılaşmalara əməl eləməyib və bundan sonra da eləməyəcək. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan heç bir liderinin dövründə razılıqlara əməl etməyib".
Partiya sədri qeyd edib ki, Ermənistan tərəfi istənilən anda sülh müqaviləsinə "xəyanət" edə bilər: "Sülh sazişi imzalansa belə, Ermənistan güclənəndən sonra sülh sazişinə xəyanət edəcək. Yəni mən sülhün davamlı ola biləcəyinə inanməram. Sadəcə olaraq, hazırkı Paşinyan hökuməti rola girib. Onlara vaxt lazımdır ki, ölkə ayağa qalxsın. O vaxtı qazanmaq üçün də Azərbaycanla sülh məsələlərindən danışırlar. Bu gün nəinki müxalifət, Paşinyan hökumətində təmsil olunan insanların belə bir çoxu Azərbaycana qarşı revanşist münasibətdədir və münasib şəraitdə bu nifrəti yenidən göstərəcəklər. Ona görə mən əvvəlcədən sülh məsələsində skeptik olmuşam, yəni bu məsələyə inanmamışam. Bugün də Azərbaycanın Ermənistanla sülh imzalamasının əleyhinəyəm.
T. Abbaslı onu da deyib ki, imzalanacaq sülh müqaviləsi bərabər olmamalıdır: "Çünki, burada qalıb tərəf Azərbaycandır. Qalib Azərbaycanla məğlub Ermənistan arasında hər hansı bir razılıq əldə oluna bilər. Sülh yox! Biz sülhü öz şəhidlərimizin, öz ordumuzun hesabına əldə eləmişik. Torpaqlarımızı ordumuzun hesabına geri qazanmışıq. Biz Ermənistanla yalnız üç şərt daxilində razılıq əldə eləyə bilərik: Birinci, işğal və müharibə zamanı Azərbaycana dəymiş maddi ziyanın kompensasiyası ödənilməlidir. Söhbət milyardlarla dollar vəsaitdən gedir. İkincisi, Ermənistan Azərbaycanın tarixi torpaqlarının, yəni Zəngəzur daxil olmaqla 1918-ci ildəki tarixi torpaqlarımızın geri qaytarılmasına dair müzakirələrə hazır olduğunu elan eləməlidir. Üçüncüsü, Ermənistan hücum silahlarından imtina eləməlidir və öhdəlik götürməlidir ki, heç bir zaman ordusuna hücum silahları, hücum texnologiyaları almayacaq.
Yəni, mənə görə, Azərbaycan və Ermənistan yalnız bu üç şərt daxilində hansısa razılığı imzalaya bilər. Bərabərhüquqlu subyekt kimi Ermənistanla hər hansı sənəd imzalasaq, ermənilər buna xəyanət edəcəklər. Necə ki 1918-ci ildə elədilər, necə ki 90-cı illərdə, 93-cü ildə, necə ki 10 noyabr razılaşmasında elədilər, bu dəfə də eləyəcəklər".
Turqut Ansari
20:42 13.05.2026
Oxunuş sayı: 61