Ankara-İrəvan münasibətlərində yeni diplomatik dönüş
Türkiyə ilə Ermənistan arasında uzun illərdir davam edən gərgin münasibətlərdə yeni mərhələ başlayır.
Normallaşma prosesi çərçivəsində atılan addımlar nəticəsində iki ölkə arasında birbaşa ticarətin bərpasına hazırlıqların tamamlandığı bildirilir.
Bu inkişaf regional diplomatiyada diqqət çəkən dönüş nöqtəsi kimi qiymətləndirilir və tərəflər arasında iqtisadi əlaqələrin yenidən qurulması istiqamətində mühüm siqnal hesab olunur.
Rəsmi məlumatlara görə, proses 2022-ci ildən başlayan normallaşma xəttinin davamı olaraq formalaşıb və 2026-cı ilin may ayında konkret mərhələyə keçib.
Eyni zamanda, sərhədlərin açılması istiqamətində texniki və siyasi işlərin davam etdirildiyi qeyd olunur. Bu addımlar yalnız iki ölkə arasında deyil, bütövlükdə regionda iqtisadi və siyasi dinamikanın dəyişməsi baxımından da əhəmiyyətli hesab edilir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi mövcuddur və bu istiqamətdə tərəflər müəyyən olunmuş rəsmi nümayəndələr vasitəsilə danışıqlar aparır. Lakin hazırkı mərhələdə iki ölkə arasında tam formalaşmış və sabit xarakter daşıyan münasibətlərdən danışmaq hələ tezdir. Proses daha çox ilkin və qurulma mərhələsindədir və qarşılıqlı addımların ardıcıllığı ilə inkişaf edir.
Bu normallaşma prosesi eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərindəki dinamika ilə də sıx bağlıdır və paralel şəkildə irəliləyir. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş olmadan Türkiyə-Ermənistan münasibətlərində tam normallaşma mümkün deyil.
Son dövrlərdə isə regionda nəqliyyat və iqtisadi əlaqələrin müəyyən dərəcədə canlanması müşahidə olunur, o cümlədən müxtəlif istiqamətlər üzrə yük daşımalarının həyata keçirilməsi və enerji resurslarının ötürülməsi bu prosesin ilkin göstəriciləri kimi qiymətləndirilir.
Bütün bunlar Cənubi Qafqazda yeni mərhələnin formalaşdığını göstərir və gələcək inkişafın regional əməkdaşlıqdan asılı olacağını ortaya qoyur".
Elmir Heydərli
13:40 13.05.2026
Oxunuş sayı: 69