Fransa hərbi təyyarələrinin Ermənistana uçuşları ciddi suallar doğurur
Son günlər Fransa Aerokosmik Qüvvələrinə məxsus hərbi nəqliyyat və tanker təyyarələrinin hərəkəti diqqət çəkən geosiyasi dinamika kimi izlənilir.
Məlumata görə, F-UJCS qeydiyyatlı Airbus A330-200 təyyarəsinin 4 mayda İrəvana enməsi, daha sonra Paris və Marsel yaxınlığındakı İstres-le-Tübe hərbi bazasına qayıtması region üzrə intensiv uçuş marşrutlarının mövcudluğunu göstərir.
Eyni zamanda, bu uçuşların izləmə sistemlərində müxtəlif kodlarla qeydə alınması onların xüsusi missiyalarla əlaqələndirildiyini ehtimal etdirir.
Eyni dövrə təsadüf edən hərbi logistik hərəkətlər isə bölgədə daha geniş strateji planlamaların ola biləcəyinə dair müzakirələri gücləndirir.
Ümumən 11 mayda CTM2025 çağırış nişanlı Fransa A400M hərbi yük təyyarəsinin Cənubi Qafqaz istiqamətində uçuşu və yük kimi qaz balonları, litium batareyaları və kimyəvi maddələrin bəyan edilməsi də bu marşrutların yalnız diplomatik deyil, həm də logistika və müdafiə təyinatlı ola biləcəyini gündəmə gətirir.
Bəs maraqlıdır Fransa prezidentinin Ermənistanda keçiriləcək seçkilər öncəsi İrəvana səfəri, keçirilən genişmiqyaslı görüşlər və Ermənistana göndərdiyi dəstək regiondakı proseslərə necə təsir edə bilər?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elşad Musayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Əvvəlcədən də aydın görünürdü ki, Avropa İttifaqına daxil olan bəzi ölkələr, xüsusilə də Fransa, Ermənistan-Azərbaycan münaqişəsində açıq şəkildə Ermənistan tərəfini dəstəkləyiblər və müxtəlif vasitələrlə Ermənistana yardım göstərməyə çalışıblar.
Avropa Parlamentinin qısa müddət ərzində Azərbaycan əleyhinə qəbul etdiyi çoxsaylı qətnamələr də bunun bariz nümunəsidir. 44 günlük Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Fransa müxtəlif yollarla Azərbaycana təzyiq göstərməyə çalışırdı ki, ölkəmiz öz torpaqlarını işğaldan azad etməsin.
Fransa prezidenti və bir sıra fransız siyasətçiləri bu məsələdə ermənilərdən daha artıq ermənipərəst mövqe nümayiş etdiriblər. Müxtəlif dövrlərdə Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı müqavilələr imzalanıb. Ermənistanın müdafiə nazirinin Fransaya səfərləri baş tutub və tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılıb.
Son olaraq isə məlumdur ki, Avropa İttifaqına daxil olan ölkələrin nümayəndələrinin toplantısı keçirilib və burada Ermənistanın təhlükəsizliyinə dəstək göstərilməsi ilə bağlı bəyanatlar səsləndirilib.
Eyni zamanda, Fransa prezidenti Ermənistana səfər edib və iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müəyyən razılaşmalar əldə olunub.
Müxtəlif mənbələrdə yayılan məlumatlara görə, Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Həmin memorandum çərçivəsində Ermənistana yeni hərbi texnologiyaların verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, erməni hərbçilərinin fransız təlimatçılar tərəfindən bu texnologiyaların mənimsənilməsi istiqamətində hazırlanması da əməkdaşlıq planına daxildir.
Bundan əlavə, Fransadan Ermənistana müxtəlif hərbi yüklərin göndərildiyi barədə məlumatlar yayılır. Fransaya məxsus hərbi təyyarələrin Ermənistana eniş etməsi ilə bağlı xəbərlər də bunu təsdiqləyən məqamlar kimi qiymətləndirilir.
Bütün bunlar göstərir ki, Fransa bölgədəki güc balansını dəyişməyə çalışır. Təbii ki, bu addımlar regionda əməkdaşlığa deyil, daha çox qarşıdurmaya xidmət edir. Azərbaycan tərəfi də bu məsələləri diqqətlə izləyir.
Biz hesab edirik ki, bəzi Avropa təsisatları Ermənistan-Azərbaycan məsələsində qərəzli mövqe nümayiş etdirirlər. Halbuki, hazırkı mərhələdə onların əsas məqsədi bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə dəstək vermək olmalıdır.
Digər tərəfdən, istənilən xarici dəstək bölgədəki real güc balansını dəyişə bilməz. Bu bölgənin aparıcı dövləti Azərbaycandır. Regionda ən güclü əməkdaşlıq modeli Azərbaycan-Türkiyə tərəfdaşlığıdır. Bundan sonrakı dövrdə də Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edən tərəflər qazanacaq.
Əks halda, qarşıdurma siyasətinin davam etdirilməsi heç kim üçün faydalı olmayacaq. Xüsusilə də bu, Ermənistanın özü üçün ciddi mənfi nəticələr doğura bilər".
Məsələ ilə bağlı həmçinin politoloq Əziz Əlibəyli də öz fikirlərini bölüşüb:

"Hesab edirəm ki, Ermənistana göndərilən silah və digər hərbi ləvazimatlar, eləcə də keçirilən təlimlər regiondakı hərbi balans və təhlükəsizlik mühitinə birbaşa təsir göstərir. Bu proses Ermənistanın hərbi potensialını artırmaqla yanaşı, Azərbaycan üçün də əlavə təhlükəsizlik narahatlıqları yaradır. Belə addımlar regionda onsuz da həssas olan vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.
Digər mühüm məqamlardan biri isə Rusiyanın bölgədəki təsir imkanlarının tədricən zəifləməsi fonunda Ermənistanın müdafiə sahəsində Qərb texnikasına yönəlməsidir.
Bu, yalnız hərbi əməkdaşlıq məsələsi deyil, həm də regiondakı geosiyasi balansın dəyişdirilməsi cəhdi kimi qiymətləndirilə bilər.
Eyni zamanda, Ermənistanın süni şəkildə gücləndirilməsi Türkiyə üçün də əlavə hərbi-siyasi narahatlıqlar yaradır və regiondakı qüvvələr nisbətinə təsir edən amillərdən biri kimi görünür. Gürcüstan üzərindən hərbi vasitələrin Ermənistana çatdırılması da bu prosesin əsas logistika marşrutlarından biri kimi diqqət çəkir".
Elmir Heydərli
16:30 13.05.2026
Oxunuş sayı: 64