Süni intellektin insanlaşması - saxta görüntülər real fotolardan seçilməz hala gəlir
Süni intellekt texnologiyalarının sürətli inkişafı son illərdə vizual məzmunun yaradılmasında tamamilə yeni mərhələ açıb.
Artıq bu sistemlər yalnız ideal və estetik baxımdan mükəmməl görüntülər deyil, həm də real həyatın təsadüfi, qüsurlu və plansız anlarını belə inandırıcı şəkildə canlandıra bilir.
Sosial şəbəkələrdə yayılan yeni trend də məhz bu istiqamətdə formalaşıb: istifadəçilər süni intellektdən sanki təsadüfən çəkilmiş, bulanıq, işığı pozulmuş və qeyri-peşəkar kadrlar tələb edirlər.
Bu cür görüntülərin getdikcə daha real görünməsi isə təkcə maraq və heyrət doğurmur, eyni zamanda müəyyən narahatlıqlar da yaradır.
Çünki süni intellektin yaratdığı fotoların real çəkilişlərdən fərqləndirilməsi çətinləşdikcə, informasiya doğruluğu və vizual etibarlılıq məsələsi daha aktual olur.
Bu vəziyyət saxta görüntülərin asanlıqla yayılmasına, kontekstdən çıxarılmış və ya manipulyasiya olunmuş vizualların həqiqət kimi qəbul edilməsinə şərait yarada bilər.
Digər tərəfdən, texnologiyanın “insanlaşması” kimi görünən bu tendensiya həm də rəqəmsal təhlükəsizlik və etik sərhədlər mövzusunu gündəmə gətirir.
Süni intellektin real həyat səhnələrini bu qədər dəqiq təqlid etməsi şəxsi məkanın pozulması, vizual manipulyasiya və məlumatın yanlış təqdim olunması risklərini artırır.
Nəticədə, bu inkişaf bir tərəfdən yaradıcılıq imkanlarını genişləndirsə də, digər tərəfdən rəqəmsal dünyada həqiqətlə saxtanın sərhədini daha da bulanıqlaşdırır.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyəti fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri Məhəmməd Cəbrayılov Crossmedia.az-a öz münasibətini bildirib:

"Süni intellekt texnologiyaları inkişaf etdikcə, onunla yanaşı sosial, mənəvi və psixoloji narahatlıqların yaranması da qaçılmazdır. Bu qorxular səbəbsiz deyil. Çünki burada söhbət yalnız texnoloji yenilikdən və ya texniki dəyişiklikdən getmir. Məsələ insanın sosial funksiyalarını, mənəvi və psixoloji bacarıqlarını müəyyən mənada əvəz edə bilən yeni bir subyektin meydana çıxmasından gedir.
Əgər belə demək mümkündürsə, söhbət insanın idrak qabiliyyətini, sosial həyatda yerinə yetirdiyi funksiyaları, təhsil, tibb və digər sahələrdəki bacarıqlarını müəyyən hallarda ondan daha sürətli və effektiv şəkildə icra edə bilən bir texnologiyadan gedir. Belə bir şəraitdə insanların süni intellektə qarşı müəyyən qorxu və narahatlıq hiss etməsi tamamilə təbiidir.
Zaman keçdikcə süni intellekt texnologiyalarının imkanları genişlənir və insan fəaliyyətində onun rolu artır. Bunun nəticəsində hüquqi sahədə müəyyən boşluqların meydana çıxdığını müşahidə edirik.
Bu gün kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı müxtəlif qanunlar qəbul olunur. Azərbaycan da bu istiqamətdə inkişaf etmiş ölkələrlə paralel şəkildə müasir dövrün tələblərinə uyğun hüquqi mexanizmlər formalaşdırmağa çalışır ki, cəmiyyət kibercinayətkarların və rəqəmsal təhlükələrin qurbanına çevrilməsin.
Lakin nəzərə almaq lazımdır ki, artıq söhbət yalnız texniki təhlükələrdən getmir. Burada insan bacarıqlarının transformasiyası, onların müəyyən hissəsinin süni intellektə ötürülməsi və insanı təqlid edən yeni texnologiyaların meydana çıxması məsələsi var. Belə bir vəziyyətdə bu proseslərin qarşısının alınmasının və tənzimlənməsinin ən vacib yollarından biri qanunvericiliyin inkişaf etdirilməsidir.
Xüsusilə, “deepfake” videoların hazırlanması, insanların görüntü və səsindən icazəsiz istifadə olunması, onların nüfuzuna və sosial mövqeyinə zərər vuracaq materialların yayılması ciddi hüquqi məsuliyyət yaratmalıdır.
İnsanlar bilməlidirlər ki, bu cür addımların hüquqi nəticələri və cəza mexanizmləri mövcuddur. Əks halda, belə halların qarşısını almaq çətin olacaq.
Təbii ki, maarifləndirmə də mühüm vasitədir. Cəmiyyətin məlumatlandırılması və insanların bu texnologiyalardan düzgün istifadə qaydalarını bilməsi vacibdir.
Ancaq təkcə maarifləndirmə ilə bu problemin tam həll olunacağına inanmaq düzgün olmazdı. Bəşəriyyətin inkişaf tarixi göstərir ki, cinayətkarlığın qarşısının alınmasında ən təsirli vasitələrdən biri məhz çəkindirici hüquqi mexanizmlərdir. Qanun və cəza mexanizmi olmadıqda, bəzi insanlar bu imkanlardan sui-istifadə etməyə davam edirlər.
Son dövrlərdə süni intellekt vasitəsilə dezinformasiyanın yayılması, saxta xəbərlərin hazırlanması və insanları manipulyasiya edən məzmunların paylaşılması ilə bağlı müəyyən hüquqi dəyişikliklərin edildiyini müşahidə edirik. Lakin texnologiyalar inkişaf etdikcə qanunvericilik də daim yenilənməli və təkmilləşdirilməlidir.
Bu gün artıq insanı təqlid edən videolar və rəqəmsal simulyasiyalar mövcuddur. Gələcəkdə isə insanı tam şəkildə təmsil edən avatarların meydana çıxacağı gözlənilir.
Bu avatarlar insanların yerinə müəyyən funksiyaları yerinə yetirə, hətta müəyyən hüquqi və sosial proseslərdə iştirak edə bilər. Bir neçə il əvvəl bu mövzular futuristik fikir kimi görünürdüsə, artıq bu mərhələyə doğru sürətlə yaxınlaşırıq.
Süni intellekt dövrü yalnız texnoloji inkişaf mərhələsi deyil, həm də sosial, mənəvi və psixoloji dəyişikliklər dövrüdür. Bu dəyişikliklərə hazır olmayan cəmiyyətlər ciddi problemlərlə üzləşə bilər. Eyni zamanda, bu proseslərə uyğunlaşa bilməyən dövlətlərin geridə qalmaq riski də var.
Azərbaycan dövləti də son illərdə rəqəmsal inkişaf və süni intellekt strategiyalarının qəbul olunması ilə göstərir ki, müasir dövrün çağırışlarına uyğun addımlar atmağa çalışır.
Lakin cəmiyyət də bu dəyişikliklərə hazır olmalıdır. İnsanlar bilməlidirlər ki, süni intellekt vasitəsilə hazırlanan və başqalarının həyatını, fəaliyyətini və nüfuzunu təqlid edən materialların yayılması hüquqi məsuliyyət yarada bilər.
Düşünürəm ki, hazırkı mərhələdə bu problemlərin qarşısını almağın ən effektiv yolu hüquqi mexanizmlərin gücləndirilməsi və paralel şəkildə maarifləndirmənin genişləndirilməsidir.
Xüsusilə, orta məktəblərdə süni intellekt etikası ilə bağlı proqramlar tətbiq olunmalı, təhsil müəssisələrində süni intellekt texnologiyaları və etik məsuliyyət mövzuları tədris edilməlidir.
Məhz bu cür addımlarla cəmiyyət sürətlə dəyişən texnoloji və sosial tendensiyalara daha hazırlıqlı şəkildə cavab verə bilər".
Elmir Heydərli
17:30 13.05.2026
Oxunuş sayı: 53