Hantavirusun özü gəlməzdən əvvəl qorxusu gəlir: Psixologiyamızı necə qorumalı?
Son günlərdə canalacaq dərəcədə təhlükəli olan Hantavirus bir neçə ölkədə yayılaraq insanlarda yoluxma halları ilə gündəmə gəlib. Virusun yayılması və yeni yoluxma xəbərləri isə cəmiyyətdə ciddi narahatlıq yaradıb. İnsanlar bu vəziyyəti eşitdikcə təşviş və qorxu hissi keçirirlər. Xəstəliklə bağlı xəbərlərin artması psixoloji gərginliyi daha da gücləndirir. Bir çox insan gündəlik həyatında stress və narahatlıq yaşayır. Bu cür halların davam etməsi ümumi psixoloji vəziyyətə mənfi təsir göstərir. Beləliklə, cəmiyyətdə qeyri-müəyyənlik və qorxu hissi artır.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Crossmedia.az-a insanlarda bu vəziyyətin yaratdığı psixoloji təsirdən danışıb: "Hantavirusla bağlı yayılan xəbərlər insanlarda ilk növbədə təhlükə və nəzarəti itirmə hissini aktivləşdirir. İnsan psixikası xüsusilə görünməyən, tam tanınmayan və mediada intensiv şəkildə təqdim olunan təhlükələrə qarşı daha həssas reaksiya verir. Bu səbəbdən belə xəbərlər yayıldıqda insanlarda təşviş, gərginlik, qorxu, yuxu pozuntuları və davamlı narahatlıq halları müşahidə oluna bilir. Xüsusilə pandemiya dövrünün kollektiv psixoloji təcrübəsi insanlarda xəstəlik xəbərlərinə qarşı həssaslığı daha da artırıb. İnsan beyni əvvəl yaşadığı qorxu təcrübələrini yadda saxlayır və oxşar xəbərlərlə qarşılaşdıqda həmin emosional reaksiyalar yenidən aktivləşə bilir. Belə dövrlərdə hipoxondrik meyllər də arta bilir. Yəni insan bədənində olan ən kiçik fiziki dəyişiklikləri ciddi xəstəlik əlaməti kimi qəbul etməyə başlayır. Sosial şəbəkələrdə və internetdə simptom axtarışı bu vəziyyəti daha da gücləndirir. İnsan bir məlumat oxuyur, sonra özündə həmin əlamətləri müşahidə etdiyini düşünür və nəticədə narahatlıq dairəsi yaranır. Bu proses davam etdikcə psixoloji gərginlik bədəndə real fiziki reaksiyalar da yarada bilir. Ürəkdöyünmə, nəfəs darlığı hissi, halsızlıq və baş ağrısı kimi hallar bəzən qorxunun özü ilə əlaqəli olur. Bu səbəbdən informasiya yükünü düzgün idarə etmək çox vacibdir. Burada medianın və sosial şəbəkələrin rolu da olduqca həssasdır. İnsanların məlumatlandırılması vacibdir, amma məlumatın təqdimat forması panika yaratmamalıdır. Sensasion başlıqlar, qorxu üzərindən qurulan xəbərlər və təsdiqlənməmiş məlumatların yayılması cəmiyyətdə kollektiv təşvişi artırır".
Psixoloqun sözlərinə görə, insan psixologiyası təhlükə xəbərlərini adi məlumatdan daha sürətli qəbul edir və yadda saxlayır. Buna görə də insanlar məlumatı yalnız rəsmi və etibarlı mənbələrdən izləməlidirlər: "Hantavirusla bağlı panikanın qarşısını almaq üçün ilk növbədə emosional reaksiya ilə real riski bir-birindən ayırmaq lazımdır. Qorxu hissi normaldır, amma qorxunun idarəolunmaz hala gəlməsi insanın gündəlik funksionallığına təsir etməyə başlayır. İnsan özünü davamlı xəbər izləməyə məcbur etdikdə, hər simptomu təhlükə kimi qiymətləndirdikdə və sosial mediada saatlarla bu mövzuda məlumat oxuduqda təşviş daha da artır. Psixoloji baxımdan ən sağlam yanaşma məlumatlı olmaq, amma informasiya axını içində itmeməkdir. Belə vəziyyətlərdə gündəlik həyat ritmini qorumaq çox önəmlidir. Yuxu rejimi, fiziki aktivlik, ailə və sosial ünsiyyət, iş və gündəlik fəaliyyətlər insan psixikasında təhlükəsizlik hissini qoruyur. İnsan yalnız xəstəlik xəbərlərinə fokuslandıqda beyin təhlükə rejimində işləməyə başlayır. Amma normal həyat axınının davam etdirilməsi psixoloji tarazlığın saxlanmasına kömək edir. Əgər insan hiss edirsə ki, xəbərlər onda davamlı təşviş yaradır, gündəlik həyatına təsir edir, yuxusunu pozur və ya onda obsesiv qorxu formalaşdırır, bu halda psixoloji dəstək almaq faydalı ola bilər. Çünki bəzən insanların yaşadığı əsas problem virusun özü deyil, həmin virusla bağlı yaranan idarəolunmaz qorxu və qeyri-müəyyənlik hissi olur".
Fatimə
19:38 12.05.2026
Oxunuş sayı: 43