Azərbaycan atdığı addımlarla sabit və təhlükəsiz bir mühit formalaşdırmağı bacarır - RƏY
Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bildirib ki, Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir: "Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik".
Dəmir yolunun inşa edildiyini xatırladan dövlət başçısı deyib:
"Yaxın gələcəkdə - bəlkə də bir il, ilyarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək".
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və infrastruktur layihələri həyata keçirilir. Bu prosesin mühüm istiqamətlərindən biri də nəqliyyat-kommunikasiya şəbəkəsinin yenidən qurulmasıdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngilan gələcəkdə regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevriləcək və mühüm tranzit imkanlara sahib olacaq.
Zəngilanın yerləşdiyi strateji mövqe onu həm Azərbaycanın daxili bölgələrini, həm də region ölkələrini birləşdirən vacib bir dəhlizin hissəsinə çevirir. Gələcəkdə Bakıdan Zəngilana, daha sonra isə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana qədər uzanacaq dəmir yolu xətti regionda iqtisadi və logistik əlaqələrin güclənməsinə ciddi töhfə verəcək. Bu baxımdan Zəngilan təkcə bir şəhər kimi deyil, bütövlükdə regionun nəqliyyat xəritəsində yeni bir mərkəz kimi çıxış edəcək.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı Crossmedia.az-a bildirib ki,bu gün bəşəriyyət siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində dərin böhranla üz-üzə olduğu halda Azərbaycan dünyanın sanki başqa planetində yerləşir: "Sözsüz ki, ölkəmiz də dünya birliyinin bir parçasıdır və bölgəmiz çoxsaylı təhlükələr, geosiyasi proseslər, təhdidlər və ağır silahlı münaqişələrlə əhatə olunmuşdur. Necə deyərlər, biz od-alov çənbəri içindəyik. Yaxın qonşularımızın səmalarında və ərazilərində dağıdıcı müharibələr getdiyi halda biz tam əmin-amanlıq şəraitində yaşayırıq. Bütün bunlar Dövlətimizin Başçısının həyata keçirdiyi müdrik, uzaqgörən, uğurlu və balanslı siyasət sayəsindədir və biz ona borcluyuq".
Deputat vurğulayıb ki, 1994-cü ilin may ayında Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində atəşkəs sazişi və “Əsrin neft müqaviləsi” imzalandı və bununla da bölgəmiz sonu görünməyən müharibədən və fəlakətdən xilas oldu:"Bütün uğurlarımızın, o cümlədən 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin təməli də o zaman qoyuldu. Bu gün bu əbədiyaşar siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın ən şöhrətli və nüfuzlu ölkələrindən biridir. Bu gün Dövlət Başçısının nüfuzuna və ona olan etimad və inama görə ölkəmizdə dünyanın ən mötəbər tədbirləri keçirilir. Ölkəmizdə əldə olunan misilsiz uğurlar haqqında saatlarla danışmaq olar. Elə bu günlərdə möhtərəm Prezidentimizin, Respublikamızın Birinci Xanımı ilə Zəngilana olan səfəri və işğaldan azad olunan ərazilərdə görülən möhtəşəm işlər möcüzə və xəyallarımızda təsəvvür etdiyimiz işlər adlandırıla bilər. Bu işləri hansısa ölkədə görülən işlərlə müqayisə etmək olarmı? Yox… Çünki bu gün dünyanın heç bir yerində analoji işlər görülmür. Bütün bunlar həm də təkcə dövlətimizin gücü ilə həyata keçirilir. Zəngilan səfərində öz doğma evinə, yurduna qayıdan keçmiş köçkünlərlə görüş zamanı Dövlət Başçımız xronologiya ilə bütün dəlilləri yenidən masa üzərinə qoydu. O, ölkəmizin son 30–40 illik keçmişini xatırladaraq tarixi Zəfərin necə əldə edildiyi haqqında ətraflı məlumat verdi, eləcə də hazırkı inkişaf perspektivlərinin dəqiq qiymətləndirilməsinin vacibliyini vurğuladı".
Deputat bildirib ki, cənab İlham Əliyev çıxışında xüsusi olaraq ötən dövr ərzində ATƏT-in Minsk Qrupunun ölkəmizə qarşı qərəzli və ədalətsiz mövqeyini və fəaliyyətsizliyini qeyd etdi:"Dövlət Başçısı çıxışında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və eyni zamanda nüvə dövlətləri olan Minsk Qrupunun ötən dövrdə Azərbaycanla və yaxud da Cənubi Qafqazla bağlı heç bir mühüm qərar almadıqlarını və onlar üçün dünyanın müxtəlif bölgələrində yaşayan xalqların taleyinin maraqlı və önəmli olmadığını xüsusi vurğuladı. Prezident qazandığımız möhtəşəm Zəfər haqqında qürurla danışaraq, bu Zəfərin dünyanın super gücləri və dövlətləri ilə baş-başa gələrək əldə edildiyini bildirdi. O, beynəlxalq təşkilatların, xüsusən də BMT-nin ikili standartlarının yolverilməz və qəbuledilməz olduğunu qeyd edərək, bu təşkilatların ancaq bir neçə dövlətin marağına xidmət etdiyini bildirdi. Belə ki, artıq dünyaya çoxdan məlumdur ki, BMT-nin Təhlükəsizlik Şurasının qərarları bu dövlətlərin marağı üçün lazım olanda bir neçə saat içində icra edilir. Bu vəziyyət Azərbaycana qarşı da eyni idi. Bildiyimiz kimi, ölkəmizlə bağlı qəbul edilən bu qərarlar 30 ilə yaxın müddətdə həyata keçirilmədi. Prezident İlham Əliyev bu həqiqətləri dəfələrlə və açıq şəkildə səsləndirdi. İkili standartları hər zaman tənqid edirdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana səfərə gələn həmsədrlərə də öz kəskin münasibətini göstərdi ki, onları biz dəvət etməmişik və onların səfərinə heç bir ehtiyac yoxdur. Çünki həmsədrlərin etməli olduğu işi məhz Azərbaycan özü etdi.
ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə turistik səfərlər edir, Xankəndidə, İrəvanda bahalı villalar kirayələyirdi. Təbii ki, bunlar yolverilməz idi. Azərbaycan beynəlxalq münasibətlər sistemində müşahidə olunan ikili standartları ifşa etdi. Məhz bu ikili standartlar fonunda biz bu reallığı yaratdıq və nəticə etibarilə ATƏT-in Minsk Qrupunu tarixə göndərdik. Ermənistan həmin bu xarici güclərin diktəsi ilə siyasət həyata keçirirdi. Əgər onların siyasi, iqtisadi, hərbi, mənəvi dəstəyi olmasaydı, Ermənistan bunları edə bilməzdi. Bu gün də biz eyni tendensiyanın şahidiyik. Emmanuel Makron administrasiyası destruktiv fəaliyyət ortaya qoyur, müstəmləkəçilik siyasətinin qalıqlarını burada da tətbiq etməyə çalışır. Sülh gündəliyinə zərbə vurur, bölgəni revanşizm təhlükəsi ilə üz-üzə qoyur, regionda yaranan sabitliyə kölgə salır. Azərbaycan isə bütün bunların əksinə, sülh gündəliyini daha da aktual saxlayır, Qarabağ və Şərqi Zəngəzuru bərpa edir, insanları öz yurd-yuvalarına geri qaytarır, dayanıqlı sülh yaradır. Ermənistanın siması dağıdıcı, Azərbaycanın siması isə qurucudur. Bax, budur aradakı fərq.
Digər bir mühüm amil ondan ibarətdir ki, bu gün bəşəriyyət dünyanın müxtəlif istiqamətlərində yeni çağırışlarla üz-üzə qalıb. Enerji və ərzaq təhlükəsizliyi ilə bağlı risklər getdikcə artır, Yaxın Şərqdə azalmayan, əksinə, artan gərginliyin şahidiyik. Bütün bu gərginliklər dövlətlərin iqtisadiyyatına öz mənfi təsirini göstərir. Bütün bunlara baxmayaraq, Azərbaycan atdığı addımlarla sabit və təhlükəsiz bir mühit formalaşdırmağı bacarır. Azərbaycan sübut edir ki, regionda etibarlı tərəfdaşdır. Azərbaycan sülh yaratmaqla xarici investorları bölgəyə dəvət və cəlb edir. Hansı ki, bu amildən təkcə Azərbaycan deyil, bölgə dövlətləri və bölgə xalqları bu inkişaf perspektivlərindən birbaşa faydalanacaqlar.
Son olaraq qeyd etmək istərdim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Şərqi Zəngəzura səfəri, bu səfər çərçivəsində görülən işlər, eləcə də çıxışında səsləndirdiyi mesajlar bir daha göstərir ki, onun rəhbərliyi ilə bölgənin sülh gündəliyinə və dayanıqlı inkişafına böyük töhfələr verilir".
Mehriban Yariyeva
19:27 12.05.2026
Oxunuş sayı: 54