Rusiya Boloniya sistemindən imtina edir: Bu, Azərbaycan üçün də realdır?
Rusiyanın təhsildə Boloniya sistemindən imtina edərək yeni ali təhsil modelinə keçməsi minlərlə azərbaycanlı tələbə və abituriyent üçün ciddi müzakirə mövzusuna çevrilib. Yeni sistemin diplomların Azərbaycanda tanınmasına necə təsir edəcəyi, “baza ali təhsil” və “ixtisaslaşmış ali təhsil” modelinin yerli təhsil standartlarına hansı formada uyğunlaşdırılacağı, eləcə də bu dəyişikliklərin tələbələrin Rusiya universitetlərinə marağını artıracağı, yoxsa azaldacağı hazırda ən çox maraq doğuran suallar sırasındadır.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov baloniya sistemi və onun təsirləri barədə Crossmedia.az-a açıqlama verib.
O, Rusiyanın Boloniya sistemindən çıxmasının və 2026-cı ilin sentyabrın 1-dən yeni ali təhsil modelinə keçməsinin azərbaycanlı tələbələr və məzunlar üçün bəzi suallar yaratdığını vurğulayıb:
"Rəsmi qurumların açıqlamaları bu prosesin kəskin problemlər yaratmayacağı qənaətinə gəlməyimizə əsas verir. Diplomların tanınması meyarlarına nəzər salanda isə Azərbaycan Respublikasının Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu barədə müvafiq rəsmi məlumat yaydığını görürük. Rusiya universitetlərinin diplomları mövcud xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları əsasında tanınmağa davam edəcək. Burada əsas meyarlar olaraq bunlar götürülür. İki dövlət arasında, yəni ikitərəfli hökumətlərarası saziş- Azərbaycan və Rusiya arasında 2002-ci ildə imzalanmış təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında saziş var və bu saziş hazırda qüvvədədir, hüquqi baza rolunu oynayır. Eyni zamanda diplomun tanınması üçün həmin universitetin Rusiyada dövlət akkreditasiyasından keçmiş olması mütləqdir. Digər tərəfdən, Rusiya Federasiyasında əldə olunmuş diplomlar və onlara əlavələr müvafiq qaydada apostil olunmalıdır. Həmçinin tələbənin xaricdə olduğu müddət müvafiq sistemlərin bir-birinə inteqrasiyası vasitəsilə yoxlanılacaq".
İ.Orucovun sözlərinə görə, Rusiyada tətbiq edilən baza ali təhsil və ya ixtisaslaşmış ali təhsil modeli var. Belə ki, baza ali təhsili 4-6 il müddətində reallaşdırılır, ixtisaslaşmış ali təhsil isə 1-3 il müddətində olur: "Bu modellər Azərbaycan tərəfindən aşağıdakı kimi qiymətləndirilə bilər, düşünürəm. Öncə, alınan ixtisasın kredit sayı və təhsil yükü Azərbaycan standartlarına uyğun gələrsə, homoloji səviyyə ilə ekvivalent hesab ediləcək və bu da akademik tanınmanı təmin edəcək. Şərti tanınma məsələsi də var. Qaydalara əsasən iki cür tanınma var- akademik tanınma və şərti tanınma. Əgər Rusiyadakı proqramın kredit sayı az olarsa və ya məzmununda fərqlər olarsa, Azərbaycan universitetlərində müəyyən fərq imtahanları və ya mühazirələr vasitəsilə bu fərqləri aradan qaldırmaq və şərti tanınma almaq imkanı verilə bilər".
Ekspert, həmçinin bu dəyişikliyin tələbələrin seçiminə necə təsir edəcəyi barədə danışıb: "Rəsmi qurumlar diplomların tanınacağını bəyan etdiyi üçün ciddi hüquqi maneə gözlənilmir, yəni hüquqi təminat artıq demək olar ki, var. Eyni zamanda burada müddət faktoru da rol oynayacaq. Baza ali təhsili bəzi ixtisaslar üzrə 5-6 il çəkə bilər ki, bu da 4 illik bakalavr təhsilinə öyrəşmiş tələbələr üçün seçim zamanı nəzərə alınmalı amildir. Tələbələrə təhsil aldıqları ixtisasın Azərbaycan təhsil standartlarına uyğunluğunu əvvəlcədən müvafiq portal vasitəsilə yoxlamalarını və yalnız dövlət akkreditasiyasında olan nüfuzlu universitetlərə üstünlük vermələri məqsədəuyğundur".
Müsahibimiz hesab edir ki, belə olduğu təqdirdə, problem yaranmayacaq: "Yetər ki, universitet Rusiya dövlətində müvafiq dövlət akkreditasiyasına malik olsun və tələbələr Rusiyada ali təhsil almaq arzusunda olan şəxslər kimi müvafiq portal vasitəsilə təhsil aldıqları ixtisasın Azərbaycan təhsil standartlarına uyğunluğunu yoxlasınlar".
Fatimə
20:06 12.05.2026
Oxunuş sayı: 722