Güclü yanğınlar - təhlükəsizlik qaydalarına niyə əməl olunmur?
Bu gün Bakının Lokbatan qəsəbəsində yerləşən anbarlardan birində baş vermiş güclü yanğın bir daha vətəndaşların, mülk sahiblərinin təhlükəsizlik qaydalarına əməl etməyin necə vacib olduğunu göstərir.
FHN-in yaydığı məlumata görə, əməliyyata Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin qüvvələri səfərbər edilib.
Ümumilikdə 182 nəfər şəxsi heyət, 40 ədəd xüsusi texnika və 2 helikopter alovun qarşısının alınması və ətraf ərazilərin mühafizəsi üçün fəaliyyət göstərib.
Doğrudur, baş verə biləcək bədbəxt hadisədən 100 faiz ehtimalla heç kəs sığortalı deyil, lakin insanların da bilməli olduğu təhlükəsizlik qaydaları var ki, əməl olunarsa bu cür hallar minimuma enər.
Yaxşı bəs bunlar nələrdi?
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycanda yanğın təhlükəsizliyi sahəsində əsasən iki hüquqi-normativ baza mövcuddur: “Yanğın təhlükəsizliyi qaydaları” və “Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu”. Bu normativ aktların ərazilərdə və müvafiq subyektlərdə inteqrasiyası və düzgün tətbiqi təmin olunduğu halda, bu sahədə ciddi problemlərin yaranmasının qarşısı alına bilər.
Burada əsas problemlərdən biri fiziki və hüquqi şəxslərin yanğın təhlükəsizliyi qaydalarına kifayət qədər ciddi yanaşmaması və tələblərə tam əməl etməməsidir.
Digər mühüm məsələ isə müvafiq dövlət yanğın nəzarəti orqanlarının fəaliyyəti ilə bağlıdır. Bu orqanlar mütəmadi olaraq obyektlərdə yoxlamalar aparır, aşkar edilən uyğunsuzluqlara dair tədbirlər görürlər. Bu tədbirlər cərimələrin tətbiqi, inzibati məsuliyyətə cəlb olunma və bəzi hallarda fəaliyyətin məhdudlaşdırılması və ya dayandırılması şəklində həyata keçirilir.
Bəzi hallarda isə aşkar edilən pozuntular ciddi xarakter daşımadığı üçün yalnız xəbərdarlıq verilir və ya inzibati protokol tərtib olunur. İnzibati məsuliyyət isə əsasən cərimə formasında icra edilir.
Bununla yanaşı, dövlət nəzarət orqanlarının resurs və iş yükü məsələləri də mövcuddur. Yoxlamalar adətən dövri xarakter daşıyır və bir obyekt il ərzində yalnız bir dəfə yoxlanıla bilər. Bu müddət ərzində sahibkar və ya hüquqi şəxs tərəfindən aşkar edilmiş nöqsanların aradan qaldırılmaması halları da müşahidə oluna bilər. Nəticədə, növbəti yoxlama zamanı vəziyyət daha da ağırlaşmış ola bilər.
Burada əsas məsuliyyət birinci növbədə obyekt sahiblərinin — fiziki və hüquqi şəxslərin üzərinə düşür. İkinci mərhələdə isə nəzarət və icra mexanizmlərinin effektivliyi dövlət orqanlarının fəaliyyətindən asılıdır.
Nəticə etibarilə, qanunvericiliyin tələblərinə həm vətəndaşlar, həm sahibkarlar, həm də müvafiq dövlət qurumları tərəfindən mütəmadi və məsuliyyətli şəkildə əməl edildikdə, yanğın təhlükəsizliyi sahəsində pozuntuların və bu sahə üzrə statistik risklərin əhəmiyyətli dərəcədə azalması mümkündür".
Elmir Heydərli
17:45 12.05.2026
Oxunuş sayı: 57