Bu, Qarabağ müharibəsində bizi ən böyük zəfərə aparan qələbələrimizdən biri oldu - İllər sonra açıqlandı
Prezident İlham Əliyev bu günlərdə Zəngilan şəhərində sakinlərlə görüşdə deyib ki, Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılıb.
"Şuşanın işğaldan azad olunması ilə faktiki olaraq Ermənistan ordusunun beli qırılmışdı. Ermənistan silahlı qüvvələri faktiki olaraq mühasirədə qalmışdı", - Prezident bildirib və əlavə edib ki, o vaxt müharibənin dayandırılması Kəlbəcər, Laçın, Ağdam rayonlarının qan tökülmədən qaytarılmasını təmin edib:
"O vaxt müharibənin dayandırılması bizə imkan verdi ki, bizə imkan verdi ki, qan tökülmədən Kəlbəcər, Laçın, Ağdam rayonlarını siyasi yollarla, faktiki olaraq ultimatum yolu ilə qaytara bilək. Ultimatum da ondan ibarət idi ki, əgər Ermənistan qısa müddət ərzində, faktiki olaraq bir ay, ondan da az müddət ərzində bu torpaqlardan çıxmasa, Qarabağda qalmış bütün erməni silahlı qüvvələri məhv ediləcək. Əmr də verilmişdir və 15 minlik erməni silahlı qüvvələrinin kontingenti məhv olunacaqdı. Məhz buna görə Ermənistan, yenə də deyirəm, bizim tələblərimizə uyğun Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxmışdı.
Burada heç bir başqa amil yox idi, heç bir kənar qüvvə onlara təzyiq etmirdi, ancaq bizim sərt mövqeyimiz. Nəzarətdən kənarda qalan hissə də gec-tez bizə qayıtmalı idi, amma o tez oldu, nəinki gec. Yenə də güclü iradə, peşəkarlıq və 2023-cü ilin sentyabrına qədər görülmüş taktiki işlər, addımlar, hərbi əməliyyatlar - bütün bunlar zəmin hazırladı ki, antiterror əməliyyatı cəmi bir neçə saat davam etsin. Ermənistan ordusu ikinci dəfə təslim oldu, separatçılığa son qoyuldu, işğala son qoyuldu və biz suverenliyimizi tam bərpa etdik.
Bütün bu şanlı tarix bizimlə əbədi olacaq. Təbii ki, bizim nəsil bunu heç vaxt unutmayacaq, gənc nəsil isə bunu bilməlidir - məktəblərdə, ailələrdə, cəmiyyətdə. Bu parlaq tariximiz bizim qürur mənbəyimizdir, bu, əbədi belə olacaq".
44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad olunması Azərbaycanın tarixi qələbəsinin əsas dönüş nöqtəsi olmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu hadisə Ermənistan ordusunun məğlubiyyətini qaçılmaz etmiş, nəticədə Kəlbəcər, Laçın və Ağdam rayonları qan tökülmədən geri qaytarılmışdır. Bu zəfər Azərbaycanın gücünü, qətiyyətini və suverenliyinin tam bərpasını nümayiş etdirmişdir.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı dövlət başçısının səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışıb: " Cənab Prezidentimizin Zəngilan sakinləri ilə o cənnət bölgəmizdə görüşü zamanı vətən torpağının suyuna, havasına, təbiətinə böyük sevgi ilə yanaşdığı hər hərəkətində hiss olunur. Və onun əsəri də Qarabağdır. Məhz buna görə Azərbaycan xalqına belə bir qürur yaşadıb. Ona görə də öz azad etdiyi torpaqları sahiblərinə təslim edəndə, onlarla görüşəndə, əlbəttə, başqa bir qürur və sevinc yaşayıb. Bu da kənardan çox ciddi şəkildə hiss olunur. O, çıxışında qeyd etdi ki, İkinci Qarabağ müharibəsinin taleyini, qədərini Şuşanın işğaldan azad olunması həll etdi. "Dəmir yumruq" düşmənlərin başına Şuşada endi. Bu, Qarabağ müharibəsində bizi ən böyük zəfərə aparan qələbələrimizdən biri oldu. Çünki ermənilər üçün də Şuşa çox önəmli idi. Onlar Şuşanı alanda o qədər böyük bayram etmişdilər ki, xəyallarına belə gəlməzdi ki, bir gün Şuşa azad olunacaq, onların əlindən çıxacaq. Həm də strateji baxımdan çox önəmli, yüksək bir nöqtədir. Şuşaya sahib olmaq Qarabağın hər bölgəsinə, hər nöqtəsinə nəzarət etmək deməkdir. Ona görə də Cənab Prezidentimiz bunları çox gözəl bilən bir Ali Baş Komandan olaraq müharibənin gedişatını dəyişdirəcək çox ciddi addımlar atdı. Onlardan biri də Şuşa idi. Düşünürəm ki, haqlıdır — düşmən ordusunun, erməni ordusunun belini gerçəkdən Şuşanın azad olunması qırdı və Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin təminatçısı oldu".
Tənzilə Rüstəmxanlı bildirib ki, bunların hamısı şəhidlərimizin, Azərbaycan Ordusunun və o ordunu yönəldən, onun başında duran Ali Baş Komandanın ciddi cəsarəti, qətiyyəti, addımları və zəkasının birləşməsi nəticəsində Azərbaycan xalqına belə böyük bir zəfər yaşatdı.
Mehriban Yariyeva
19:02 12.05.2026
Oxunuş sayı: 59