Paşinyan "Don Kixot"luk edir?- Kilsə ilə mübarizənin dərin qatları
Ermənistanın daxili siyasi arenasında kilsə və dövlət arasındakı illərdir davam edən soyuq müharibə artıq açıq qarşıdurma müstəvisinə keçib. Baş nazir Nikol Paşinyanın hakimiyyətini qorumaq naminə atdığı strateji addımlar bu dəfə birbaşa dini iyerarxiyanın ən yüksək zirvəsini hədəf alıb. Eçmiədzin divarları arxasında başlayan gərginlik, katolikosun ailə üzvlərinə qədər uzanan hüquqi təqiblərlə yeni və daha təhlükəli bir mərhələyə qədəm qoyur.

Məsələ ilə bağlı Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Crossmedia.az-a açıqlama verib:
"Ermənistan hazırda seçkiqabağı gərginlik yaşamaqdadır. Siyasi toqquşmalar Ermənistan cəmiyyətini parçalamaqla yanaşı hüquq-mühafizə orqanlarını da haqsız təqiblərə sövq edir. Hazırda Paşinyanın ən ciddi rəqiblərindən biri II Qaragendir. Çünki kilsə ictimai rəyə təsir gücünü hələ də saxlamaqdadır. Paşinyan daimi olaraq Eçmiədzini gərginlikdə saxlayır. Bununla da kilsənin rəqib siyasi qüvvələrə ardıcıl dəstək verməsinin qarşısını alır. II Qaragenin qohumlarının həbsi də bu məqsədlə həyata keçirilib. Paşinyan uzun müddətdir ki, kilsə ilə açıq mübarizə aparır. Lakin onu zərərsizləşdirməyə və özününküləşdirməyə nail ola bilməyib. Parlament seçkilərində kilsənin çağırışı ermənilərin rəyinə həlledici təsir göstərə bilər. Ona görə də Paşinyan çalışır ki, kilsəni ermənilərin gözündən salsın. İndi həyata keçirilən həbslər, irəli sürülən ittihamlar buna hesablanıb. Erməni ictimaiyyətinə inandırmağa çalışırlar ki, kilsə korrupsiyanın beşiyidir. Üstəlik, ermənilərin uzun illər fəlakət həddində yaşamasının baiskarıdır. Artıq buna müəyyən qədər nail olub. Çox güman ki, iyunun 7-dək hakimiyyətin II Qaragenə qarşı təqibləri davam edəcək, onu təzyiq altında saxlamaq üçün bu prosesi davam etdirəcək. Seçkilərdən sonra isə kilsəyə həlledici zərbəni vuracaq".
Turqut Ansari
18:45 12.05.2026
Oxunuş sayı: 58