Üçüncü dünya savaşı başlayır?
Planetin müxtəlif nöqtələrində bir-birinin ardınca başlayan müharibələr və siyasi qarşıdurmalar artıq bəşəriyyəti ciddi təhlükə ilə üz-üzə qoyub. Yaxın Şərqdən Avropaya, Asiyadan Afrikaya qədər artan gərginlik fonunda dünyanın gələcəyi ilə bağlı qorxulu ssenarilər səsləndirilir. İnsanlar isə eyni sualı verir: “Bəşəriyyət yeni dünya müharibəsinə doğru gedirmi?, III Dünya müharibəsi yaxınlaşırmı?”
Baş verən proseslərin arxasında təkcə siyasi deyil, həm də böyük iqtisadi maraqlar dayanır. Enerji resursları uğrunda mübarizə, supergüclərin nüfuz savaşı, qlobal iqtisadi böhran və sosial qeyri-sabitlik dünyada vəziyyəti daha da kritik həddə çatdırır. Beynəlxalq münasibətlər sistemində isə artan parçalanma isə yeni və daha təhlükəli qarşıdurmaların anonsu kimi qiymətləndirilir.

Bu barədə Crossmedia.az-a danışan politoloq Zaur İbrahimli qeyd edib, XXI əsrdə dünya müharibəsi anlayışına baxış da dəyişir: "Belə ki, dünyanın iqtisadi sistemi elə bir qarşılıqlı asılılıq vəziyyətindədir ki, I və II Dünya müharibəsi formatında dünya müharibəsini təsəvvür etmək çox çətindir. Hazırda II Dünya müharibəsindən sonra Avropada ən böyük müharibə olan Rusiya-Ukrayna müharibəsi davam edir. Eyni zamanda Yaxın Şərqdə son 2 ildir ki, hərbi əməliyyatlar ara vermir. Əvvəl İsrail-HƏMAS müharibəsi, onun ardından ABŞ-İran qarşıdurması baş verdi. Bu proseslər hələ yekunlaşmayıb. HƏMAS və İsrail arasında müvəqqəti atəşkəs imzalanıb, o cümlədən İranla ABŞ arasında danışıqlar gedir. Bununla belə, ara-sıra hərbi əməliyyatlar da baş verir. Bundan əvvəl biz Hindistan və Pakistan arasında hərbi toqquşmaların şahidi olduq. Nəzərə alaq ki, hər iki ölkənin nüvə potensialı var. Cənub-Şərqi Asiyada da biz Tayvan və Çin arasında hərbi toqquşmaların şahidi olduq. ABŞ-nin Venesuelaya qarşı əməliyyatlarını müşahidə etdik. Hazırda ABŞ Kubanı təcrid vəziyyətində saxlayır. Və biz mütəmadi olaraq Rusiyanın Avropa ölkələrinin sərhədini keçdiyini də görürük. Belə bir mürəkkəb şəraitdə bəzi təhlilçilər əslində III Dünya müharibəsinin artıq başladığını qeyd edirlər. Ola bilsin ki, zamanla dünya müharibəsi anlayışı dəyişməkdə davam edəcək. Çünki I və II Dünya müharibəsi formatında müharibə ümumiyyətlə bütün Yer kürəsində mövcud iqtisadi arxitekturanı tamamilə dəyişərdi. Qlobal iqtisadiyyat isə bir-birindən qarşılıqlı asılıdır. Hörmüz boğazının bağlanmasının dünya iqtisadiyyatına təsirinin təhlilləri hələ də davam edir. Lakin bu, farmasevtikadan tutmuş kənd təsərrüfatına qədər o qədər böyük mənfi təsir göstərib ki, hətta qlobal iqtisadi inkişafın da 1 faizə qədər geriləmə olacağı təhlil olunur".
Şərhçi hesab edir ki, bu şəraitdə dünya ölkələrinin müxtəlif cinahlara bölünərək I və II Dünya müharibəsi formatında müharibəyə başlaması faktiki olaraq ictimai-siyasi formasiyanın tamamilə dağıdılması demək olar: "Dünya müharibəsi böyük ölkələrin çoxsaylı proksi müharibələri ilə əvəz olunacaq. Hazırda biz bunu müşahidə edirik. Bu proses müəyyən mərhələdə genişlənə bilər. Yeni-yeni münaqişə ocaqları yarana bilər. Müəyyən mərhələdə səngiyə bilər. Lakin hələlik dünyada qlobal güc tarazlığı qeyri-müəyyən qaldığından, bu cür hərbi əməliyyatların intensivliyi artacaq. Soyuq müharibə formatında tarazlıq yaranmasa, proksi müharibələr davam edəcək. Soyuq müharibədə biz yalnız Qərb və Sovet cəbhəsinin qarşıdurmasını müasir dövrə proyeksiya etmək istəmirik. Ola bilsin ki, bu, ayrı-ayrı qütblərin güc balansı şəklində bərqərar oldu. Lakin istənilən halda bu cür tarazlıq sistemi yaranmayana qədər proksi müharibələrin intensivləşəcəyi və genişlənəcəyi gözlənilir".
Z.İbrahimli lll Dünya müharibəsinin başlama ehtimalını nəzərə alaraq vurğulayıb ki, daha əsas regionlar kimi Yaxın Şərq, eyni zamanda Əfqanıstan-Pakistan-Hindistandır: "Böyük ehtimalla, Rusiya-Ukrayna müharibəsinin sonlanmasından sonra Avropada nisbi sabitlik dövrü başlayacaq. Avropa ölkələri də Rusiya ilə yeni münasibətlər sistemi üzərində düşünürlər. Eyni zamanda Cənub-Şərqi Asiyada və Afrika bölgəsində də bu cür proksi müharibələrin şahidi ola bilərik. Hazırda Afrikada bir sıra ölkələrdə biz vətəndaş müharibələrini müşahidə edirik. Hesab edirəm ki, bu cür müharibələr günümüzün reallığıdır və beynəlxalq münasibətlərin hansı məcrada inkişaf etməsindən asılı olaraq daha da genişlənə bilər, yaxud da məhdud çərçivədə qala bilər. Hələlik artıq II Dünya müharibəsindən sonra formalaşmış qlobal təhlükəsizlik arxitekturası öz qüvvəsini itirib, çoxtərəfli əməkdaşlıq formatları artıq funksionallığını itirib, yeni formatlar və yeni nizam isə hələ formalaşmayıb. Bu müharibələr, müəyyən coğrafi ərazilərdə lokallaşmış hərbi toqquşmalar yeni dünya nizamı formalaşana qədər davam edəcək".
Fatimə
19:52 12.05.2026
Oxunuş sayı: 58