Türkiyə dənizdəki adalarla bağlı hərəkətə keçdi - Yunanıstanla gərginlik ARTIR
Türkiyə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ölkənin dəniz sərhədləri və hüquqlarını qanunla təsbit etməyi nəzərdə tutan “Mavi Vətən” qanun layihəsi hazırlayır.
Crossmedia.az xəbər verir ki, "TRT Haber"in yaydığı məlumata görə, sənədin Qurban bayramından sonra Türkiyə Böyük Millət Məclisinə təqdim olunması planlaşdırılır.
Qanun layihəsi Türkiyənin Qara dəniz, Aralıq dənizi və Egey dənizindəki hüquq və mənafelərinin vahid hüquqi çərçivədə müəyyənləşdirilməsini nəzərdə tutur.
Məlumata görə, yeni sənəd müxtəlif normativ aktlarda yer alan müddəaları birləşdirərək dəniz yurisdiksiyası ilə bağlı hüquqi boşluqları aradan qaldırmağı hədəfləyir.
Layihədə Türkiyənin eksklüziv iqtisadi zonalarının (EEZ) və kontinental şelfinin hüquqi statusunun rəsmiləşdirilməsi də nəzərdə tutulur. Bundan əlavə, Ankaranın öz dəniz zonalarında tətbiq etdiyi hüquqi standartların müəyyən edilməsi və beynəlxalq sulara qədər uzanan ərazilərin mühafizəsinin gücləndirilməsi planlaşdırılır.
Sənəddə Türkiyə ilə Yunanıstan arasında vaxtaşırı gərginliyə səbəb olan Egey dənizindəki “boz zonalar” — adalar, adacıqlar və qayalar məsələsinə xüsusi yer ayrılıb.
16:38 13.05.2026
Oxunuş sayı: 47