Bioloji aktiv qidalar - təhlükəsizlik qaydalarına necə əməl olunur?
Türkiyədən Azərbaycana gətirilən və normativ tələblərə cavab verməyən bioloji aktiv qida məhsullarının məhv edilməsi bu sahədə nəzarətin vacibliyini bir daha gündəmə gətirib.
Son illər qida əlavələrinə marağın artması ilə yanaşı, onların təhlükəsizliyi və keyfiyyət standartlarına uyğunluğu məsələsi də aktuallaşıb.
Mütəxəssislərin fikrincə, xaricdən idxal olunan məhsulların mənşə və təhlükəsizlik sertifikatları, uyğunluq sənədləri, eləcə də beynəlxalq keyfiyyət standartlarına cavab verməsi əsas tələblər sırasındadır.
Ekspertlər bildirirlər ki, idxal zamanı məhsulun qeydiyyatı, laborator yoxlanışı və etiket məlumatlarına xüsusi diqqət yetirilməlidir.
Mövzu ilə bağlı "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin icraçı direktoru Seymur Qafarov Crossmedia.az-a açıqlama verib:

“Gündəlik istehlak olunan qida məhsulları ilə yanaşı, insanlar tərəfindən dəstək məqsədilə qəbul edilən bioloji aktiv qida əlavələri də dünyada geniş populyarlıq qazanıb və artıq Azərbaycanda da istehlakçılar tərəfindən ciddi maraq görməkdədir”.
Onun sözlərinə görə, bu məhsulların bəzi növləri marketlərdə, əksər hissəsi isə aptek şəbəkələrində satışa çıxarılır:
“Eyni zamanda, onların onlayn satışı da həyata keçirilir. Lakin bəzən tələblərə cavab verməyən, istehsal şəraiti və keyfiyyət standartları ilə bağlı şübhə doğuran idxal məhsulları ilə də rastlaşmaq olur. Belə hallarda həmin məhsulların satışına müvafiq dövlət qurumları tərəfindən məhdudiyyət tətbiq edilir”.
Mütəxəssis qeyd edib ki, ümumilikdə bioloji aktiv qida məhsullarının qeydiyyatı və bu proseslərin icrası ilə bağlı müəyyən çətinliklər mövcuddur:
“Bu baxımdan, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və onun tabeliyində fəaliyyət göstərən müvafiq institut tərəfindən məhsullar üzərində ekspertiza aparılır və bir sıra sənədlər tələb olunur.
Bu sənədlərə Analitik Ekspertiza Mərkəzinin rəyi, sahibkar tərəfindən məhsulun qeydiyyata alınması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilən müraciət ərizəsi, mənşə sertifikatı, uyğunluq sertifikatı, HACCP və ya GMP (Good Manufacturing Practice – Qabaqcıl İstehsalat Təcrübələri) sertifikatları daxildir.
Bundan əlavə, məhsulun istehsal olunduğu ölkədə dövriyyədə olduğunu təsdiq edən rəsmi sənəd də təqdim edilməlidir. Bu sənəd çox zaman “Free Sale Certificate” – yəni sərbəst satış sertifikatı adlanır və əsas problemlərdən biri də məhz bunun əldə olunması ilə bağlı yaranır.
İdxal edilən məhsullarla bağlı səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş təhlükəsizlik sənədi də vacib hesab olunur.
Məsələn, Türkiyədən gətirilən məhsullar üçün sağlamlıq və ya təhlükəsizlik sertifikatı tələb edilir. Eyni zamanda, istehsalçı tərəfindən məhsulun tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin (GMO), nanomaterialların, hormonların, pestisidlərin, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, həmçinin Ümumdünya Antidopinq Agentliyinin qadağan etdiyi maddələrin olub-olmaması barədə məlumat təqdim olunmalıdır.
Bununla yanaşı, məhsulun istehsal yeri, istehsal sxemi və texnoloji prosesin mərhələli qısa təsviri barədə sənədlər də tələb olunur. Bioloji aktiv qida məhsulunun istifadəsi üçün nəzərdə tutulmuş orijinal və Azərbaycan dilinə tərcümə edilmiş istifadə təlimatı da təqdim edilməlidir”.
Ekspert əlavə edib ki, məhsulun istehsal sxemi ilə yanaşı, Azərbaycan Respublikasında satış üçün nəzərdə tutulmuş etiket və qablaşdırmanın təsdiqlənmiş maketləri, yəni qablaşdırma materialları da aidiyyəti quruma təqdim olunur:
“Həmçinin məhsulun istehsalı ilə bağlı standartlar, texniki şərtlər, texnoloji təlimatlar, spesifikasiyalar, resepturalar və istehsalçının bu məhsul qrupunu istehsal etməyə icazəsini təsdiqləyən digər sənədlər də tələb edilir.
Bütün bu sənədlər toplandıqdan və ekspertiza prosesi yekunlaşdıqdan sonra məhsul qeydiyyata alınır, dövlət reyestrinə daxil edilir və bundan sonra onun ölkə daxilində tam şəkildə satışına icazə verilir.
Bu prosedurlar yalnız idxal məhsullarına deyil, eyni zamanda ölkə daxilində istehsal olunan bioloji aktiv qida məhsullarına da şamil edilir”.
Ayhan
17:08 13.05.2026
Oxunuş sayı: 42