Gənc komandir: Döyüş meydanında verilən qərarlar müzakirəsiz icra olunur
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindədir.
Bu tarixi yazanlar isə Azərnaycan ordusunun mərdi nümayəndələridir. Belələrindən
biri də Daxili Qoşunların zabiti, gənc komandir Cəfər İbrahimlidir. Onun öz
döyüş yolu, hərbi təhsili və antiterror əməliyyatları zamanı yaşadığı unudulmaz
anlar barədə müsahibəsini
təqdim edirik
- Xahiş edirəm, özünüz barədə məlumat verərdiz.
- Mən İbrahimli Cəfər Natiq oğlu, 7 iyul 2000-ci ildə
Şəmkir rayonu Dəllər Cirdaxan kəndində anadan olmuşam. 2018-ci ildə məktəbi
bitirdikdən sonra Daxili Qoşunların ali hərbi məktəbinə daxil olmuşam. Kursant
həyatı bizim üçün böyük bir məktəb oldu. Pandemiya dövrünə təsadüf edən təhsil
illərimizdə ailəmizlə uzun müddət görüşə bilməsək də, cənab General Məmmədov
İlqar kimi rəislərin rəhbərliyi altında vətənpərvərlik ruhunda yetişdik.
- Antiterror əməliyyatlarına necə başladınız?
- 2020-ci ildə 44 günlük müharibə başlayanda biz 3-cü kurs tələbəsi
idik. Hər bir Azərbaycan gənci kimi biz də cəbhəyə getmək istəyirdik.
Antiterror əməliyyatları başladığında akademiyanı bitirmişdim və
komandir idim. Biz oraya ölümün gözünə baxıb getmişdik. Düşmən heç bir
qaydalara uymasa da, biz cəmi 23 saat 45 dəqiqə ərzində qələbəni və sülhü təmin
etdik. Müharibə şəraitində komandir üçün ən çətin məqam qərar verməkdir. Sülh dövründə qərarlar müzakirə olunsa da, döyüş meydanında
verilən qərarlar müzakirəsiz icra olunur.
- Heyətdə komanda ruhunu necə qoruyurdunuz?
- Mən heyətin ən gənc üzvü idim - cəmi 23 yaşım var
idi. Heyətimdəkilərin isə minimum 30-35 yaşları var idi. Onlar 44 günlük
müharibənin iştirakçıları idilər. Bir komandir kimi özünü dik tutmalı, nümunə
olmalısan. Qorxsan belə bunu göstərməməli, hamıdan öncə şəxsi heyəti düşünməlisən.
- Əməliyyat zamanı yadda qalan bir hadisəni bölüşə bilərsinizmi?
- Gecə səhərə yaxın yol kənarında əyləşmişdik. Çantalarımızın ağırlığı 40-50 kq idi və düşmənlə aramızda cəmi 70-100 metr məsafə var idi. Şəxsi heyətim üçün yer seçməli idim. Azad olunmuş həmin ərazilər minalı ola bilərdi. Şəxsi heyətimin həyatını öz həyatımdan üstün tutaraq, o ərazini addım-addım özüm gəzib yoxladım. Bu, mənim üçün ən yadda qalan hadisələrdən biridir. Müharibəyə sağ-salamat getsən də, qayıdanda artıq həmin insan olmursan. Yeni azad olunmuş Xankəndini görmək Azərbaycan gənci və hərbçisi olaraq mənim ən böyük arzum idi.
16:17 13.05.2026
Oxunuş sayı: 90