Bu məlumatlar suşi sevənləri məyus edib: Sən demə...
Dünyada milyonlarla insanın sevdiyi suşi ilə bağlı yayılan məlumatlar narahatlıq yaradıb. Çinli bioloqların apardığı araşdırmalar zamanı suşinin hazırlanmasında istifadə olunan bəzi çiy balıq və krevetkalarda yeni virusun aşkarlandığı iddia olunur. Məlumatın yayılmasından sonra sosial şəbəkələrdə və ictimaiyyətdə ciddi təşviş yaranıb. İddialara görə, həmin virus insan orqanizmində müxtəlif problemlərlə yanaşı, xüsusilə göz iltihabı kimi fəsadlara səbəb ola bilər.
Son günlər bu xəbərin sürətlə yayılması suşi sevənləri də iki yerə bölüb. Bəziləri bunun ciddi təhlükə olduğunu düşünür, digərləri isə yenə də suşi yeməyə davam edir.Xüsusilə çiy şəkildə istehlak olunan dəniz məhsullarının yenidən müzakirəyə çıxması diqqət çəkib. Dünyanın bir çox ölkəsində insanların ən çox seçdiyi yeməklərdən biri olan suşi ətrafında yaranan bu iddialar isə “yeni təhlükə qapıdadırmı?” sualını gündəmə gətirib.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, bişirilməmiş qidalar, xüsusilə suşi məhsulları daha çox Asiya ölkələrində yayılıb: " Burada diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, onların hazırlanma texnologiyasında istilikdən istifadə olunmur. Bu məhsullar xüsusi qaydada qaba yerləşdirilir, üzəri möhkəm şəkildə örtülür. Müəyyən müddətdən sonra həmin örtük açılır, yenidən bağlanır və bu proses davam edir. Yəni suşi və digər çiy balıq məhsulları istilik emalından keçmədən hazırlandığı üçün həmin qidalarda müəyyən dəyişikliklər baş verir. Təbii ki, nəticədə fərqli dad və xüsusiyyətlər ortaya çıxır".
A.Əliyevin dediklərinə görə, bu proses zamanı xüsusi bir mühit formalaşır və həmin mühitdə virusların yaranma ehtimalı da ola bilər: "Viruslar gözlə görünməyən, ən xırda canlı varlıqlardır. Sanitar-gigiyenik qaydalara düzgün riayət olunmadıqda, həmçinin qidaların hazırlanma texnologiyası düzgün tətbiq edilmədikdə, virusların formalaşması və yayılması mümkündür. Bu baxımdan, daha çox ev şəraitində, ənənəvi bişirmə üsulları ilə hazırlanan qidalara üstünlük verilməsi tövsiyə olunur".
Fatimə Məmmədova
20:54 13.05.2026
Oxunuş sayı: 94