Anar yaradıcılığında hekayə və povest janrı
Ədəbiyyat tarix boyu yazıçıların qılıncı olub. Yazıçılar ədəbiyyat vasitəsilə əsrlər boyu sosial, siyasi, iqtisadi problemlər cəmiyyətin diqqətinə çatdırılıb, bəzi hallarda problemlərin həlli, çıxış yolları da göstərilib. Ədəbiyyat yalnız problemləri göstərən vasitə yox həm də insanların ruhunu qidalandıran mənəviyyat xəzinəsidir. Ədəbiyyat, insanların hər zaman demək istəyib deyə bilmədiklərinin toplu halıdır. Nizami Gəncəvi xalqın qorxub dilə gətirə bilmədiyi hökmdar zülmündən, ideal dövlət modelindən yazırdı, irəli zamanlarda dövrün gətirdiyi vəziyyətə uyğun olaraq, Axundov cəhalətdən, savadsız mollalardan yazdı. Bir az keçdi mətbuat yarandı. 1875-ci ildə yaranan mətbuat XX əsrin sonuna kimi ədəbiyyatla vəhdət halında idi. Bu birləşmə yenə də dövrə uyğun olaraq müəyyən məqsədə xidmət edirdi. Bu məqsəd xalqın maariflənməsi, ana dilində yazıb oxuya bilməsi və ədəbi dilin inkişafı idi. Qısacası ədəbiyyat xalqın dilidir, ədəbiyyat deməyə çəkindiymiz, içimizdə basdırdığımız duyğuların gün işığına çıxmasıdır. Bu proses ədəbiyyatın müxtəlif janrları vasitəsilə həyata keçirilir ki, hər janrın özünəməxsus xüsusiyyəti var. Hansı ki, bu xüsusiyyətlər də qoyulan məsələyə ayrı bir rəng qatır və onu gözəlləşdirir. Bu janrlardan biri də “povest” janrıdır. Hazırda Azərbaycan ədəbiyyatında çox nadir rast gəlinən, hətta deyərdim rast gəlinə bilinməyən janr. XX əsrin əvvəllərindən başlayaraq ədəbiyyatımızda özünə yer edən, 1960-cı illərdən isə təkmilləşərək ədəbiyyatın ayrılmaz və ən çox işlənən janrına çevrilən povest janrı öz xüsusiyyətləri və rəng çalarları ilə diqqəti çəkir. Povest janrı ilə yanaşı ədəbiyyatımızda azalan hekayələrdə müasir dövrlə müqayisədə 60 il əvvələ qədər ən aktual məsələlərin problem kimi qaldırıldığı janr idi.
Biz bu gün Anar yaradıcılığında povest və hekayə janrından danışacağıq. Anar Azərbaycan ədəbiyyatında çox fərqli imzaya və dünyagörüşünə sahibdir. Anarın povestlərində olan rəng çalarları, obraz müxtəlifliyi sanki cəmiyyətin hər təbəqəsinə xitab edir. Nəinki povest, onun hekayələri də bu cür, fərqli yanaşmalar, insan psixologiyasının dərinliklərində yatan duyğuları və xatirələri oyatmağa, insanları insan kimi olmağa səsləyir. Anarın povest yaradıcılığından danışsaq ən gözəl povest nümunələrindən “Mən, sən, o və telefon”, “Dantenin yubileyi”, “Otel otağı” və “Gürcü familiyası” nın adını hökmən çəkməliyik. Bu povestlərin hər birinin təhlilinə ayrıca yer verəcəyik. Lakin əvvəlcə Anar yaradıcılığında povest janrına professor Cahangir Məmmədli gözü ilə baxaq.
“Anarın insanı məişətdə təsvir edən hekayələri, povestləri birdən-birə qavranılası bəsit dünya deyil. Burda palitra rəngarəngliyi var və bu rəngləri seçmək üçün bəzən dəfələrlə ona baxmalı olursan. Obrazlarla hər dəfə görüşəndə onların yeni dünyası, yeni aləmi ilə qarşılaşmalı olursan. Ona görə ki, Anar oxucu səviyyəsinə hörmət edən, ona inanan sənətkardır. O, hadisələrin “aydınlaşması” prosesində “rəhmdil” sadəbazlıqdan uzaqdır. O öz oxucusunu obrazlar ilə təklikdə qoyur və oxucunun “sərbəst düşünməsinə” mane olmur”.
Anarın bir əsərdə yaratdığı obrazlar zahirən bir birinə oxşamağa çalışan lakin daxilən bir birindən olduqca uzaq və fərqli dünyaların insanlarıdır. Anar onlar arasında olan münasibətin bir qismini göstərir, geri qalanını isə oxucunun dünyagörüşünə buraxır. Məsələn oxucu öz dünyagörüşünə və obrazların verilən müəyyən xüsusiyyətlərinə uyğun şəkildə təxmin etməldir ki, “Gürcü familiyası” da Əsməri Moskvada nələr gözləyir, təxmin etməlidir ki, “Dantenin yubileyi” də metro səyahətindən sonra Kəbirlinskini hansı danlaqlar, hansı mübahisələr gözləyir yaxud “Mən, sən, o və telefon” da Mədinə bir də Seymura zəng edəcəkdimi? Bunların sonu oxucunun təxmin etməli olduğu sonluqlardır.
Anarın əsərlərindəki rəng çalarlarına, ortaya qoyduğu obrazların münasibətlərinə daha yaxından baxaq.
Dantenin yubileyi povestində yeni və köhnə nəsil arasındakı uçurumu Kəbirlinski və Cavad Cabbarov ilə göstərən Anar, onların eyni ixtisasa sahib olmasına baxmayaraq aradan keçən zamanın necə fərq yaratdığını, tələblərin necə dəyişdiyini göstərib. Təbii ki, bu sadəcə dövr məsələsi deyildi, Kəbirlinskinin xarakterində olan boşluqlarda buna səbəb idi. Xaraktercə zəif olan Kəbirlinskiyə bütün obrazların münasibətində mənfilik və istehza var. Lakin bir həyat yoldaşı Həcər onu nə qədər danlasa və nə qədər mübahisə etsələrdə onun ərinə olan münasibəti altında heç bir kinayə heç bir istehza yoxdur. Acı dilinin altında, qəlbinin dərinliyində həyat yoldaşına olan sevgisi hələ də təzədir. Bu münasibət bütün əsər boyu mübahisə edən cütlüyün sonda olan dialoqu və metro səyahətində ortaya çıxır. Bəlkə də evə gedərkən yenə onları dava dalaş, daha doğrusu Kəbirlinskini danlaq gözləyirdi. Lakin həmin an, o metro səyahəti hər ikisini hələ Kəbirlinskinin kənd-kənd gəzib göstərdiyi tamaşalar vaxtındakı münasibətlərini, saf sevgilərini xatırlatdı onlara.
Kəbirlinskinin oğlu ilə arasında olan münasibətindəki uçurumda onun zəif xarakterinin, bacarıqsızlığının nəticəsi idi. Oğlu Eldarla bir yerdə çalışan Kəbirlinskinin hər gün biri tərəfindən alçaldılması, bir fəxri ad belə ala bilməməsi Eldarı başıaşağı edirdi. Kəbirlinski özü də bir ata kimi, bir aktyor kimi, bir həyat yoldaşı kimi nüfuzunun olmadığının fərqində idi. “Dantenin yubileyi” tamaşasına bilet tapdığını zənn edərkən Kəbirlinskinin yoldaşı Həcərə olan münasibəti bunu aydın şəkildə göstərir. Hətta Həcərin Kəbirlinskinin tələb ədası ilə danışığına heçnə deməməsi, əksinə həyat yoldaşının dediklərinə şübhəsiz əməl etməsi də onlar arasındakı problemin qaynağının nə olduğunu – Kəbirlinskinin fərsziliyi – göstərir. Bu fərsizlikdən xilas olacağı yolda ilk addımı atan Kəbirlinski qalib ədası ilə həyat yoldaşı ilə tamaşaya gedir. Və tamaşada fərsiz olduğunun ortaya çıxması onu daha çox utandırdı, daha çox sıxdı. Kəbirlinski zənn etdi ki, həyat yoldaşı yenə başlayacaq onu təhqir etməyə. Lakin tam əksi oldu, Həcər heç olmasa bir dəfə də olsun, bir gündə olsun yoldaşını danlamadı, təhqir etmədi. Sabah nə necə olacaqdı, heç biri bilmirdi. Amma bu gün onlar keçmiş günlərindəki kimi xoşbəxt idilər.

Otel otağı povesti müstəqillik illərinin ən sarsıdıcı ədəbi əsərlərindən biridir. Otel otağı… Dar, boğucu, lakin bütün həqiqətlərin üzə çıxdığı bir məkan. Burada zaman qat-qat üst-üstə düşür: Qırmızı terrorun qanlı kölgəsi, 90-cı illərin xaosu, Qarabağ yarası və Türkiyəyə uzanan ümidlərin qırıldığı sərhəd. Kərim Əsgəroğlu bu otaqda təkcə yorulmuş bədənini deyil, bütün bir xalqın nisgilini, aldatılmış ümidlərini və ziyalı ləyaqətinin son nəfəsini yatırır. Anar sanki ürək ağrısını kağıza tökür:
Ziyalı — o, həmişə cəmiyyətin vicdanıdır, amma vicdan çox vaxt ən ağır yükə çevrilir. O, torpaq itirəndə, yurd dağılanda, qardaş ölkədə belə tənhalığa məhkum olur. Ümidlər otel otağının divarları qədər daralır, vədlər isə siqaret tüstüsü kimi havaya sovrulur.
Povest faciəvi bir elegiyadır. Qardaşlıq hisslərinin sınağa çəkildiyi, satqınlığın və fürsətçiliyin maskalarının yırtıldığı, lakin həqiqi mənəviyyatın şam kimi yanıb-sönən bir məkanıdır. Son nəticədə Kərimin ölümü təkcə bir insanın yoxa çıxması deyil, bütöv bir ziyalı nəslinin mənəvi əzabının kulminasiyasıdır. Anar oxucuya deyir: “Ey xalqım, ayıq ol, sadəlövhlüyün bəlasından qurtul!
Əsərin mərkəzi qəhrəmanı Kərim klassik Azərbaycan ziyalısının timsalıdır. Alim, müəllim, daxilən zəngin, lakin xaricdən zəif görünən insan. O, fiziki və mənəvi təzyiqlərə sinə gərir: Qırmızı terrorun xatirələri, sovet repressiyaları, Qarabağ faciəsi (xüsusilə Xocalı və Şuşa həsrəti), ailə qayğıları və Türkiyədə qarşılaşdığı məyusluqlar. Kərim ləyaqətini satmır, cilddən-cildə girmir. Bu səbəbdən də ən ağır cəzaya — tənhalığa və ölümə məhkum olur. O, ürəyində daşıdığı Qarabağ dərdi ilə yaşayan, lakin bu dərdə dözə bilməyən ziyalının simvoludur. Onun ölümü qəhrəmanlıq deyil, sistemin və şəraitin qələbəsidir, amma eyni zamanda mənəvi qələbədir — çünki o, təmiz qalır.
Çopur Cabbar isə tam mənfi, rəngarəng satqın tipajıdır. Sovet dövründə “türkçülüyü ifşa edən”, müstəqillik illərində isə “alovlu millətçi”yə çevrilən fürsətçi. Karyera və mənfəət naminə hər cür cildə girə bilir. O, zamana uyğunlaşan, prinsipsiz, “həyatda qalmaq” bacarığına malik anti-qəhrəmandır. Anar bu obraz vasitəsilə cəmiyyətdəki konformizmi və dəyərsizliyi ifşa edir.
“Otel Otağı” sadəcə bir povest və ya film deyil, Azərbaycan ziyalısının XX əsrin sonu — XXI əsrin əvvəlindəki taleyinin fəlsəfi təhlilidir. Anar burada qardaş Türkiyəyə böyük sevgini saxlamaqla yanaşı xəbərdarlıq edir: “Qardaşlıq hissi gözəldir, amma ayıqlıq da vacibdir”.
Əsər həqiqi dəyərləri — Vətən sevgisini, ləyaqəti, təmizliyi və mənəvi dayanıqlığı tərənnüm edir. Faciəvi sonluqla bitməsinə baxmayaraq, oxucuda nikbinlikdən çox düşüncə və ayıqlıq hissi yaradır. Bu, Anarın ən güclü ictimai-publisistik povestlərindən biri kimi Azərbaycan ədəbiyyatında xüsusi yer tutur.

“Mən, sən, o və telefon” hekayəsi Mədinənin daxili dünyasının qarışıqlığı, həmin gecə radiosunun xarab olmasının danışmağa bəhanə olması, özünə qulaq yoldaşı axtarması Seymurun danışmaq istəyilə həmahəngdir. Seymur da Mədinəyə duyduğu hissin nə olduğunu dəqiq bilmirdi. Bu sadəcə vərdiş idimi, yoxsa qardaşlarının ailələrinin yanında çox tək qalmışdı, yaxud da sevirdi. Telefondamı? Bu da oxucunun ixtiyarına verilən təxminlər sırasında yer alır. Mədinənin münasibəti də həmçinin qeyri-dəqiq idi. Belə ki, Mədinə Seymura daha çox dərd ortağı, danışıb içini tökəcəyi bir vasitə, bir telefon idi. Bundan artığı yox. Həmçinin Mədinənin telefonda Rüstəm kimi tanıdığı Seymura işdəki eşqindən danışması, lakin işdəki Seymura telefondakı Rüstəmdən danışmaması da onun münasibətini aydın şəkildə göstərir. Daha sonra Seymurun Mədinənin iş yerinə şöbə müdiri gəldikdən sonra telefon zənglərində özü haqqında maraqlanıb dinləməsi də birmənalı deyil. Seymur burda özü haqqında məlumat alarkən həm necə davranacağı haqqında yol xəritəsi cızmış olur, həm də işdəki özünü telefondakı özünə qısqanırdı. Burda da Seymurun psixologiyasının təhlili də auditoriyanın ixtiyarına verilib. Bundan sonrakı prosesin necə irəliləyəcəyi, Mədinənin bir də Seymura zəng edib etməyəcəyi yaxud Seymurun telefondakı Rüstəmdən xəbər verib verməyəcəyi də müammadır. Mədinə özü necə? Həm radioda təyyarə dalğası tutur -həyat yoldaşı pilot idi və təlim zamanı həyatını itirmişdi – həm də Seymurla danışır, dərdləşirdi. Bəs onların sonu nə olacaqdı? Seymur Rüstəmdən danışacaqdımı, nə vaxta kimi bu müəmmada yaşayacaqdı? Bu da auditoriya ixtiyarına buraxılan məsələdir.

Gürcü familiyası hekayəsində də obraz müxtəlifliyi, obrazın daxili dünyasının müxtəlifliyi ön plandadır. Gürcü familiyası hekayəsində sevgisini ifadə edə bilməyən Oqtaydan illərlə sevgi etirafı gözləyən Əsmər hətta buna şərait də yaradır: “Mən düşünmüşdüm ki, Oqtay o qutunun içində heç olmasa bircə dənə də kibrit qalıbsa, biz evlənəcəyik”. Oqtay bəlkə də sevmirdi, amma sevmədiyini ifadə edəcək də heç bir hərəkət etmir, qeyri-müəyyənlik içində idi. Əsmər isə Oqtayı başa düşmürdü və bu qeyri-müəyyənlikdən bezmişdi. İllər keçir və Əsmər evlənir, Moskvaya gedir. Günlərin bir günü Oqtaya teleqram gəlir: “Muradov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla” İmzasız! 203-cü reyslə uçan təyyarə Moskvadan gəlir. Amma axı kim ola? Moskvadan heç kəs gələsi deyil. Heç kimi gözləmirəm. Bu teleqramı kim vurub görəsən?.. Ağlıma heç kəs gəlmir”. Bunlar hekayənin ilk cümlələridir. Oqtay ağlına gələn bütün variantları beynindən keçirir, kim ola bu gələn? Ağlına gəlmir. Bu məqamda müəllif ani olaraq ağıla gələn ikinci, üçüncü, neçəncisə bir xəyal qırıqlığı yaradan ehtimalı da diktə edir - Əsmərin gəlişini: “Ağlıma bir fikir də gəldi. Amma bu fikir — xam xəyal idi. Qeyri-mümkün şey idi, baş tutan iş deyildi. Ola bilməzdi”…
Və Əsmər gəlir. Əsmər, evli olsa da Oqtayın ad gününü nəinki unutmaq, qeyd etmək, onu görmək üçün böyük risk alaraq Bakıya gəlir. Gəlib nə görür? Oqtay elə həmən Oqtaydı. Əsmər nə üçün gəlmişdi? Axı o evli idi, heç bir şansları yox idi. Əsmər Oqtayı görmək, düşüncələrinin dəyişib dəyişmədiyini bilmək, keçmişdə ifadə edə bilmədiyi hisslərinə bəlkə öyrənmək ümidilə gəlmişdi. ƏSmər başqa heç nə istəmirdi, Oqtay onu qucaqlamaq istəyəndə də Əsmər imkan vermir. Çünki o evlidir, bunun fərqində olaraq gəlib. Qayıdanda nə olacağını bilməsə də…

Obrazlar arasında olan bu fərqlər, onların daxili dünyasının bəzən öz dilləri bəzən ətrafındakılar tərəfindən açılması, obrazların psixoloji analizi Anarın ustalığının göstəricisidir. Hadisələrin davamının auditoriyanın ixtiyarına buraxılması isə Anarın öz oxucularına inamının ifadəsidir. Anar öz povest yaradıcılığı ilə bir birindən tamam fərqli insanları təqdim etmiş, onların psixolozi analizini bəzən özü açmış bəzən oxucu ixtiyarına vermişdir. Povest yaradıcılığı öz zirvəsini Azərbaycan ədəbiyyatında məhz Anarla yaşadı və oxucu psixoloji povestlərlə də tanış oldu.
20:00 11.05.2026
Oxunuş sayı: 62