Qarabağnamə – keçmişin ağrısı, zəfərin yaddaşı
İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası Azərbaycan səhnə sənətində tarixi yaddaş və milli dövlətçilik ideyasını özündə birləşdirən uğurlu səhnə nümunələrindən biri kimi diqqət çəkir. Akademik Milli Dram Teatrının təqdim etdiyi tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş verən ictimai-siyasi hadisələri bədii-estetik dillə tamaşaçıya çatdırır.
Səhnə əsərində Qarabağ xanı İbrahim xanın siyasi fəaliyyəti, daxili ziddiyyətlərlə müşayiət olunan hakimiyyət mübarizəsi, eləcə də Azərbaycan xanlıqlarının parçalanmış vəziyyətdə xarici təzyiqlərlə üz-üzə qalması dramatik xətt boyunca xüsusi vurğulanır. Əsər bir tərəfdən tarixi gerçəklikləri əks etdirirsə, digər tərəfdən milli birliyin və dövlətçilik düşüncəsinin əhəmiyyətini ön plana çıxarır.
Tamaşanın əsas dramatik xəttini İbrahim xanın mürəkkəb xarakteri təşkil edir. O, həm hakimiyyətini qorumağa çalışan siyasi lider, həm də ailə faciələri yaşayan ata kimi təqdim olunur. Dövlət maraqları naminə qızı Ağabəyim ağanın siyasi məqsədlərlə İran sarayına göndərilməsi tamaşanın emosional yükünü daha da artırır. Ağabəyim ağanın doğma Qarabağa bağlılığı isə əsərdə vətən sevgisinin simvolik ifadəsinə çevrilir.
Səhnə əsərində erməni fitnəkarlığı, xarici güclərin bölgədə həyata keçirdiyi siyasət və bunun Azərbaycan torpaqlarında yaratdığı faciələr tarixi kontekstdə təqdim edilir. Tamaşa göstərir ki, daxili parçalanmalar və siyasi etimadsızlıq nəticədə milli faciələrə yol açır. Bu baxımdan “Qarabağnamə” yalnız keçmişdən bəhs edən tarixi tamaşa deyil, həm də çağdaş dövrə mesaj verən ideya yükünə malik səhnə əsəridir.
Tamaşanın bədii həllində musiqi, səhnə tərtibatı və geyimlər xüsusi yer tutur. Xan Şuşinskinin ifasında səslənən “Şuşanın dağları” mahnısı tamaşanın emosional atmosferini daha da gücləndirərək tamaşaçını Qarabağın mənəvi yaddaşına aparır. Qarabağ koloriti ilə zəngin geyimlər, dekorasiya və işıq həlli səhnədə tarixi mühitin canlı təsvirini yaradır.
“Qarabağnamə” tamaşası iki əsr əvvəl baş verən hadisələri səhnəyə gətirməklə yanaşı, milli yaddaşın qorunmasına, Qarabağ həqiqətlərinin sənət vasitəsilə yaşadılmasına xidmət edir. Tarixi hadisələrin müasir dövrün reallıqları və Qarabağ zəfərinin yaratdığı milli qürur hissi ilə səsləşməsi tamaşanın təsir gücünü daha da artırır.
Aktyor heyətinin peşəkar oyunu, emosional səhnələr və tarixi hadisələrin dramatik təqdimatı tamaşaçıda həm düşündürücü, həm də dərin vətənpərvərlik hissi yaradır. “Qarabağnamə” bu mənada tarix, yaddaş və milli kimlik haqqında sənət dilində danışan səhnə salnaməsidir.
Nigar Yahyazadə
20:30 11.05.2026
Oxunuş sayı: 69