BMT: İsrail məsuliyyətə cəlb edilməlidir
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani Qəzzada atəşkəsə baxmayaraq davam edən hücumlarla bağlı məsuliyyət məsələsini gündəmə gətirib. O bildirib ki, uzun müddətdir mövcud olan hesabatlılıq və məsuliyyətə cəlbetmə çatışmazlığı İsrailin hücumlarını körükləyən amillərdən biridir. BMT strukturlarının sənədlərində də Qəzzada mülki əhalinin ölümü, yaşayış binalarının və mülki infrastrukturun dağıdılması ilə bağlı ciddi narahatlıqlar ifadə olunub. Qəzzada atəşkəsin qüvvədə olmasına baxmayaraq hərbi əməliyyatların və zərbələrin davam etməsi bölgədə münaqişənin tam başa çatmadığını göstərir. Son dövrlərdə də İsrailin Qəzzaya zərbələri nəticəsində mülki şəxslərin öldüyü barədə məlumatlar yayılıb. Bu fonda beynəlxalq hüququn pozulması ilə bağlı iddiaların araşdırılması və tərəflərin məsuliyyətə cəlb edilməsi məsələsi yenidən beynəlxalq gündəmə çıxarılıb.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən proseslərin arxasında İsrailin regiondakı ərazi və siyasi məqsədləri dayanır.

Politoloq qeyd edib ki, “Böyük İsrail Dövləti” ideyası İsrailin Fələstin, Qəzza, Suriya və Livanla bağlı siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, İsrail Fələstin əraziləri hesabına öz ərazisini genişləndirir, Suriyanın Qolan yüksəkliklərini işğal altında saxlayır və Livanda müxtəlif səbəblər altında hərbi mövcudluğunu genişləndirir.
“İstər Fələstində, istərsə də Qəzada baş verən hadisələr İsrailin strateji planının tərkib hissəsidir. İsrailin yarandığı dövrdə elan etdiyi torpaqlarla indiki ərazisi arasında böyük fərq var. Çünki İsrail Fələstin torpaqları hesabına öz ərazisini genişləndirməkdədir. İsrail Suriyanın Qolan yüksəkliklərini ələ keçirməklə, “bufer zona” adı altında bu torpaqları işğal altında saxlayır. Livanda isə “terrorla mübarizə” adı altında Livan torpaqlarını ələ keçirməkdədir”.
Azad Məsiyev vurğulayıb ki, Qəzzada baş verənlərə beynəlxalq reaksiyanın kifayət qədər sərt olmaması İsrailin siyasətini davam etdirməsinə şərait yaradır. Politoloq hesab edir ki, ABŞ-nin İsrailə siyasi və hərbi dəstəyi də bu prosesdə mühüm amillərdən biridir.
“ABŞ İsrailə həm siyasi, həm də hərbi dəstək verməsəydi, İsrail regionda bu qədər aqressiv siyasət həyata keçirə bilməzdi. İsrailin apardığı bu siyasət Birləşmiş Millətlər Təşkilatının mövcud qərarlarına ziddir. Hətta xatırlatmaq yerinə düşər ki, İsrail rəsmiləri BMT nizamnaməsini və qərarlarını nümayişkaranə şəkildə cıraraq BMT-ni bir növ təhqir etmiş oldular”.
Politoloqun sözlərinə görə, İsrailin regiondakı siyasətinə beynəlxalq hüquq çərçivəsində qiymət verilməsi və məsuliyyət mexanizmlərinin işlədilməsi vacibdir. O, İsrailə qarşı beynəlxalq səviyyədə siyasi və iqtisadi tədbirlərin görülməsinin zəruri olduğunu düşünür.
“Bu gün İsrailin apardığı siyasət BMT nizamnaməsinə ziddir, beynəlxalq hüquq normalarının tapdalanmasıdır, insanlıq əleyhinə və hərbi cinayətdir. Məhz buna isə dünya ictimaiyyəti göz yummaqdadır. İsrailin apardığı bu siyasətin qarşısını almaq üçün mütləq şəkildə, necə ki Rusiyaya sanksiyalar tətbiq olunur, eləcə də İsrail dövləti sanksiyalara məruz qalmalı və dünya siyasətindən təcrid olunmalıdır”.
Zeynəb Həsən
15:30 07.10.2026
Oxunuş sayı: 107