Süni intellekt vasitəsilə ortaq türkcə proqramı yaradılır - Professor şərh etdi
Türk Dil Qurumunun (TDQ) sədri Osman Mert deyib ki, süni intellekt vasitəsilə ortaq türkcə proqramı yaradılır.
O qeyd edib ki, üzərində iki ildən çoxdur iş aparılan sözügedən proqramın təxminən il yarım ərzində sistemli şəkildə tətbiq olunması planlaşdırılır: "Daha sonra Azərbaycan da daxil olmaqla, hər bir türk dövlətində koordinasiyalı şəkildə işlədiləcək eyni model və metodologiyaların tətbiqi nəzərdə tutulur".
"Yəni ayrı-ayrı milli modellər inteqrasiya edilərək ortaq və daha güclü süni intellekt platforması formalaşdırılacaq. Bu yanaşma nəticəsində türk dünyasının ümumi bilik bazası vahid intellektual sistemdə cəmləşəcək. Beləliklə, inteqrasiya prosesi reallaşacaq və effektiv məlumat mübadiləsi mümkün olacaq", - O. Mert bildirib.

Sözügedən təşəbbüs barədə Bakı Dövlət Universitetinin Multimedia və Elektron Kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlamasında hazırda süni intellektin bir çox sahələrdə tətbiq olunduğunu xatırladıb: "İnformasiya mübadiləsi, tarix, dil, din və mədəniyyət baxımından yaxın olan ölkələrin informasiya mübadiləsi üçün süni intellektin çox böyük faydası var. Türk dövlətləri üçün ortaq informasiya bazası: bu, həm dilə aiddir, həm mədəniyyətə aiddir, həm də ayrı-ayrı ölkələrin ümumi intellektual informasiya mübadiləsinə aiddir. Ona görə də burada söhbət təkcə ortaq türkcə yaratmaqdan deyil, türkcə ortaq mədəniyyətlər, ortaq informasiya mübadiləsi platforması yaradılmasından gedir və bunun üçün də süni intellektdən istifadə olunur".
Q.Məhərrəmlinin fikrincə, bu, alternativ informasiya mənbəyi kimi türk xalqlarının bir-birini tanıması, tarix, dil və mədəniyyət baxımından, indiki şəraitdə əsas hədəfləri görmək və geniş auditoriyaya məlumat ötürmək üçün çox önəmlidir: "Biz çox sevinirik ki, Türkiyədəki alimlər və bu sahəyə aid olan dövlət qurumları bununla ciddi şəkildə məşğul olur. Həmçinin Azərbaycanda da bu türkcə platformasının bir parlaq elementi kimi, bir subyekti kimi bu məlumatlardan faydalanacaq. Həm məqalə sayəsində, həm elmi fikir mübadiləsi baxımından və əlbəttə ki, birinci növbədə informasiya, məlumat almaq, fikir mübadiləsi aparmaq aspektində bu ortaq türkcə platforması çox faydalı olacaq".
Fatimə Məmmədova
20:23 20.04.2026
Oxunuş sayı: 70