Trampın təhdidlərinə cavab: Kanada Çin ilə yaxınlaşır
Çin Kanada ilə strateji tərəfdaşlıq çərçivəsində iqtisadi münasibətləri möhkəmləndirməyi planlaşdırır. Bu barədə Çinin Ottavadakı səfirliyi ABŞ Prezidenti Donald Trampın Kanadaya qarşı 100 faiz gömrük rüsumları tətbiq etmək hədələri ilə bağlı The Globe and Mail qəzetinə açıqlamasında bildirib.
Səfirliyin bəyanatında qeyd olunur ki, Çin–Kanada münasibətlərinin sağlam və sabit şəkildə inkişafı hər iki ölkənin ümumi maraqlarına cavab verir və dünyada sülhə, sabitliyə, inkişafa və rifaha töhfə verir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Donald Trampın Truth Social platformasında “qubernator” adlandırdığı Kanada Baş naziri Mark Karni ABŞ liderinin açıqlamalarına cavab verib. Karni bildirib ki, ölkə iqtisadiyyatı xaricdən gələn təhdidlərlə üz-üzə qaldığı bir vaxtda kanadalılar seçim ediblər: diqqəti nəzarət edə bildikləri sahələrə yönəltmək.
“Biz digər ölkələrin nə edəcəyini idarə edə bilmərik. Amma özümüz üçün ən yaxşı alıcı ola bilərik. Biz Kanada məhsullarını alacağıq və Kanadada istehsal edəcəyik”, – deyə Baş nazir vurğulayıb.
22:13 25.01.2026
Oxunuş sayı: 506