İndoneziyada təbii fəlakət ağır nəticələrə səbəb olub
İndoneziyada baş verən dağıdıcı torpaq sürüşməsindən sonra xilasetmə xidmətləri təxminən 80 nəfərin axtarışını yenidən davam etdirir. Axtarış əməliyyatlarının koordinatoru Ade Dian Permana bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən gecə saatlarında axtarışlar dayandırılsa da, bazar günü səhərdən etibarən işlər bərpa olunub.
Crossmedia.az Al-Jazeera-yə istinadən məlumat verir ki, şənbə günü Qərbi Yava əyalətinin yaşayış məntəqəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı bazar günü 10-a yüksəlib. Dövlətə məxsus KİV-lərin məlumatına görə, daha üç nəfərin meyiti aşkar edilib.
Güclü və aramsız yağışların təsiri ilə yaranan torpaq sürüşməsi şənbə günü səhər saatlarında Qərbi Yavanın Qərbi Bandung rayonunda yerləşən kəndlərə doğru hərəkət edərək yaşayış sahələrini torpaq altında qoyub və onlarla sakinin evlərini tərk edərək təxliyə olunması ilə nəticələnib.
Kompas TV-nin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, ərazidə torpağın qeyri-sabit olması və davam edən yağışlar ağır texnikanın istifadəsini çətinləşdirib.
Qərbi Yavada, o cümlədən paytaxt Cakartada bir neçə ərazidə daşqınlar qeydə alınıb. Güclü sel suları səbəbindən zərər çəkmiş bölgələrin sakinləri daha yüksək və təhlükəsiz ərazilərə köçürülüb.
Pasir Lanqu kəndinin 36 yaşlı sakini Dedi Kurniawan bildirib ki, bu, onun yaşadığı dağlıq ərazidə gördüyü ilk belə torpaq sürüşməsidir. O, Reuters agentliyinə deyib: “Adətən yaxınlıqdakı çaydan kiçik daşqınlar olurdu, amma bu dəfə sürüşmə meşə tərəfdən gəldi.”
Xilasetmə işlərinə hərbçilər, polis və könüllülər cəlb olunub. Axtarışlar əsasən əl ilə aparılır. Milli Xilasetmə Agentliyinin məlumatına görə, ərazinin yoxlanılması üçün pilotsuz uçuş aparatları və xüsusi təlim keçmiş axtarış itlərindən də istifadə olunur.
Qərbi Bandung şəhərinin meri şənbə günü bildirib ki, ərazi olduqca çətindir və torpaq hələ də sabit deyil.
İndoneziya arxipelaqında yağış mövsümündə - adətən oktyabrdan mart ayınadək - daşqınlar və torpaq sürüşmələri tez-tez baş verir. Ötən ilin sonlarında güclü musson yağışları və tropik fırtınalar Sumatra adasında daşqınlar və torpaq sürüşmələrinə səbəb olub. Rəsmi məlumatlara görə, həmin hadisələr nəticəsində təxminən 1 200 nəfər həlak olub, 240 mindən çox insan isə ev-eşiyindən didərgin düşüb.
Ekoloqlar, mütəxəssislər və hökumət nümayəndələri baş verən fəlakətlərdə meşələrin qırılmasının mühüm rol oynadığını vurğulayıblar. Hökumət Sumatra hadisələrindən sonra altı şirkətə qarşı ümumilikdə 200 milyon dollardan çox zərərin ödənilməsi tələbi ilə məhkəmə iddiaları qaldırıb.
Bu ay İndoneziyanın Siau adasında yağan leysan yağışlar qəfil selə səbəb olub və nəticədə azı 16 nəfər həyatını itirib.
Turqut Ansari
17:15 25.01.2026
Oxunuş sayı: 414