Bu ölkədə seçkilər tanınmadı: nəticələr ləğv oluna bilər
Myanmada mübahisəli ümumi seçkilərin üçüncü və sonuncu mərhələsi başlayıb. Ölkədə davam edən vətəndaş müharibəsi fonunda keçirilən səsvermədə hərbi dairələrin dəstəklədiyi partiyanın böyük üstünlüklə qalib gələcəyi gözlənilir.
Tənqidçilərin fikrincə, seçkilər nə azad, nə də ədalətlidir və məqsəd, hərbçilərin hakimiyyətini legitimləşdirməkdir. Xatırladaq ki, təxminən beş il əvvəl Myanmanın generalları Aun San Su Çjinin rəhbərlik etdiyi seçilmiş hökuməti devirmiş, bu isə minlərlə insanın həlak olduğu və 3,5 milyondan çox şəxsin didərgin düşdüyü vətəndaş müharibəsinə yol açmışdı.
Aun San Su Çji hazırda həbsdədir. Onun rəhbərlik etdiyi Milli Demokratiya Liqası (MDL), eləcə də bir sıra digər müxalif qruplar ləğv edilib. Bu isə siyasi meydanı hərbi dəstəkli İttifaq, Həmrəylik və İnkişaf Partiyasının (USDP) xeyrinə dəyişib.
Seçki komissiyasının məlumatına görə, USDP indiyədək aşağı palatada 209 yerdən 193-nü, yuxarı palatada isə 78 yerdən 52-ni qazanıb.
Bununla yanaşı, Konstitusiyaya əsasən, parlamentdə hərbçilərə ayrılmış 166 yer də nəzərə alınanda, USDP və ordu birlikdə təxminən 400 mandat əldə edir ki, bu da hakimiyyət qurmaq üçün tələb olunan 294 yeri rahatlıqla ötür. Daha 17 partiya parlamentdə bir yerdən 10 yerə qədər mandat qazanıb.
Hazırkı hərbi hökumətin başçısı, general Min Aun Hlainqin yeni parlament toplandıqdan sonra prezident postunu tutacağı gözlənilir.
Crossmedia.az Al-Jazeera-yə istinadən xəbər verir ki, bazar günü Myanma mediasında onun Mandalay şəhərində seçki məntəqəsində seçicilərlə görüşdüyünü əks etdirən görüntülər yayılıb.
Mənbələrin bildirdiyinə görə, hazırkı müvəqqəti prezident, silahlı qüvvələrin rəhbərliyini başqa bir şəxsə təhvil verərək tam siyasi rola keçməyi planlaşdırır. Lakin Min Aun Hlainq gələcəkdə tutacağı vəzifə ilə bağlı suallara cavab verərkən bunun hələ tez olduğunu deyib:
“Parlament toplandıqdan sonra onun öz prosedur və seçim mexanizmləri olacaq”.
Hərbi rəhbərlik parlamentin mart ayında toplanacağını, yeni hökumətin isə aprel ayında fəaliyyətə başlayacağını açıqlayıb. Ordunun seçkilərin “hakimiyyəti xalqa qaytaracağı” barədə vədlərinə baxmayaraq, insan haqları təşkilatları seçkiöncəsi dövrün təzyiq və dissentin boğulması ilə müşayiət olunduğunu bildirir və səsvermənin hərbçilərin hakimiyyətini daha da möhkəmləndirəcəyini vurğulayır.
Yeni qəbul edilən Seçkilərin Müdafiəsi Qanunu seçkilərin tənqidinə görə sərt cəzalar nəzərdə tutur. Son dövrlərdə vərəqə paylama və ya onlayn fəaliyyət kimi səbəblərlə 400-dən çox şəxs ittiham olunub.
BMT-nin Myanma üzrə insan haqları xüsusi məruzəçisi Tom Endryus da üçüncü tur səsvermə ərəfəsində seçkilərin nəticələrinin tanınmamasına çağıraraq onları “saxtakarlıq” adlandırıb. O, sosial şəbəkədə yazıb: “Qanunsuz seçkidən yalnız qanunsuz hökumət yarana bilər”.
Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən parlamentdə bildirib ki, Myanmanın üzvü olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) seçkilərə müşahidəçi göndərməyib və nəticələri təsdiqləməyəcək. Bu, 11 üzvdən ibarət regional blokun seçkiləri tanımayacağına dair ilk açıq bəyanatdır.
Seçkilərin əvvəlki iki mərhələsində seçici fəallığı təxminən 55 faiz olub ki, bu da 2015 və 2020-ci illərdəki 70 faizlik göstəricidən xeyli aşağıdır. Rəsmi nəticələrin həftənin sonuna qədər açıqlanacağı gözlənilir, lakin USDP artıq bazar ertəsi qələbəsini elan edə bilər.
Qeyd edək ki, Aun San Su Çjinin MDL partiyası 2020-ci il seçkilərində USDP-ni böyük fərqlə məğlub etmişdi. 2021-ci il fevralın 1-də isə ordu hakimiyyəti ələ keçirmişdi.
Siyasi Məhbuslara Yardım Assosiasiyasının məlumatına görə, vətəndaş müharibəsi başlayandan bəri azı 7 705 nəfər öldürülüb, 22 745 nəfər isə hələ də həbsdədir. Silahlı Münaqişələrin Yeri və Hadisələri Məlumat Layihəsi (ACLED) isə münaqişənin bütün tərəfləri üzrə ölənlərin sayını 90 mindən çox qiymətləndirir.
Turqut Ansari
17:25 25.01.2026
Oxunuş sayı: 419