Rusiya XİN: Moskvanın Maduro ilə bağlı mövqeyi dəyişməyib
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyatını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirməyə davam edir.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, Ryabkovun sözlərinə görə, suveren dövlətin prezidentinin, beynəlxalq hüquqa əsasən tam hüquqi toxunulmazlığa malik ali vəzifəli şəxsin belə “özbaşına və qanunsuz hərəkətlərə” məruz qalması qəbuledilməzdir.
O qeyd edib ki, ABŞ administrasiyasının bu məsələyə yanaşması fərqli olsa da, Rusiyanın mövqeyi dəyişməz qalır.
“Prezident Maduronun ələ keçirilməsi barədə xəbər yayılan ilk saatlardan etibarən biz onun azad olunması məsələsini qaldırmışıq. Bu mövqeyi Latın Amerikası, Karib hövzəsi və dünyanın əksər ölkələri dəstəkləyib”, - deyə Ryabkov vurğulayıb.
Rusiya XİN rəsmisi əlavə edib ki, beynəlxalq hüququn bu cür pozulması qlobal sabitliyə ciddi təhlükə yaradır və Moskva bu cür hallara qarşı prinsipial mövqe tutmaqda davam edəcək.
Türkan Kərimli
15:36 25.01.2026
Oxunuş sayı: 364