ABŞ-da daha bir nəfər güllələnərək öldürüldü: Ölkə qarışdı
ABŞ-nin Minneapolis şəhərində federal hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı bir nəfərin öldürülməsi geniş ictimai rezonans doğurub. Hadisənin görüntüləri təsadüfi şahid tərəfindən mobil telefonla çəkilərək sosial şəbəkələrdə yayılıb.
Crossmedia.az bu barədə TRT World-ə istinadən xəbər verir. Videoda üzləri maskalı, taktiki jilet geyinmiş federal agentlərin bir şəxslə küçədə mübarizə apardığı, daha sonra atəş açıldığı əks olunur. Şahidlər baş verənləri şok və qəzəblə qarşılayıb. Hadisə yerində toplaşan insanlar dərhal “911”ə zəng edilməsi üçün çağırış ediblər.
Qısa müddət sonra hadisə yerinə etirazçılar toplaşıb. Onlar polis əməkdaşlarını “utanc” və “qətl” şüarları ilə ittiham ediblər. Federal qüvvələr isə izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hadisə ilə bağlı açıqlamasında agentlərin özünümüdafiə məqsədilə atəş açdığını bildirib. Rəsmi açıqlamaya görə, əməliyyat zamanı bir şəxs ABŞ Sərhəd Mühafizəsi əməkdaşlarına 9 mm-lik yarıavtomatik silahla yaxınlaşıb, onu tərksilah etmək cəhdi zamanı isə şiddətli müqavimət göstərib. Agentlər həyatlarının təhlükədə olduğunu düşünərək atəş açıblar.
Lakin ölən şəxsin kimliyi ictimai narazılığı daha da artırıb. Məlum olub ki, güllələnən şəxs Minneapolisdə yerləşən reanimasiya şöbəsində çalışan, ABŞ veteranlarına yardım göstərən 37 yaşlı tibb işçisi Aleks Prettidir. Hadisənin şahidləri bildiriblər ki, agentlər əvvəlcə onunla fiziki mübarizəyə girib, başına qaz balonu ilə zərbə endiriblər və bundan sonra atəş açılıb.
Minneapolis şəhərinin meri baş verənlərə sərt reaksiya verərək ABŞ prezidenti Donald Trampı günahlandırıb. O, federal əməliyyatların artıq insan həyatına başa gəldiyini bildirib: “Altıdan çox maskalı agentin bir vətəndaşı döyüb öldürdüyünü göstərən videonu izlədim. Bu əməliyyat nə vaxta qədər davam edəcək?” – deyə vurğulayıb.
Bu, son bir ay ərzində federal hüquq-mühafizə orqanlarının iştirakı ilə baş verən üçüncü ölümcül hadisədir. Daha əvvəl 37 yaşlı Rene Qud miqrasiya reydini dayandırmağa çalışarkən avtomobilində güllələnərək öldürülmüşdü.
Minnesota ştatının qubernatoru federal qüvvələrin fəaliyyətini “təşkilatlanmış zorakılıq kampaniyası” adlandırıb və bunun artıq immiqrasiya nəzarəti çərçivəsindən çıxdığını bildirib.
Son həftələrdə on minlərlə insan Minneapolis küçələrinə çıxaraq etiraz aksiyaları keçirib. ABŞ prezidenti Donald Tramp isə etirazçıları təxribatçı adlandırıb və yerli hakimiyyət orqanlarını iğtişaşları qızışdırmaqda ittiham edib.
O, vəziyyətin gərginləşəcəyi təqdirdə ordu qüvvələrinin şəhərə göndərilə biləcəyini də istisna etməyib.
Rəsmi şəxslər sakitliyə çağırsa da, Minneapolisdə gərginliyin yaxın zamanda səngiyəcəyi gözlənilmir.
Sevinc Yarməmmədova
14:26 25.01.2026
Oxunuş sayı: 416