Ərdoğan: təhlükəsiz və vahid Suriya regiona rahatlıq gətirəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın şimalında separatçı terror təhlükəsinin tam aradan qaldırılması təkcə Suriya xalqı üçün deyil, bütövlükdə region üçün də ciddi rahatlıq yaradacaq.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, o, bu fikirləri "Ev Sahibi Türkiyə" layihəsi çərçivəsində püşkatma mərasimi, 1482 mənzilin açarlarının təqdim olunması, şəhər xəstəxanasının və digər reallaşdırılmış investisiya obyektlərinin açılışı zamanı çıxış edərkən səsləndirib.
Türkiyə liderinin sözlərinə görə, vahid, ərazi bütövlüyü təmin olunmuş və təhlükəsiz Suriya ölkənin bütün vətəndaşları — ərəblər, türkmənlər, kürdlər, alevilər (nusəyritlər), druzlar, xristianlar və digər icmalar üçün faydalı olacaq.
Ərdoğan vurğulayıb ki, terror təşkilatı DAEŞ-lə mübarizə bu gün daha qətiyyətlə davam etdirilir və regionda terrorizmin bütün formalarının kökləri ardıcıl şəkildə aradan qaldırılır.
“Qonşu ölkələri bürüyən alovun Türkiyəyə keçməsinə imkan vermədik”, — deyə dövlət başçısı qeyd edib.
Prezident, həmçinin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində aparılan müzakirələrə toxunaraq bildirib ki, Ankaranın qlobal sistemlə bağlı daha əvvəl səsləndirdiyi tənqidlər artıq Qərbdə getdikcə daha çox anlayış və dəstək qazanır.
Turqut Ansari
12:01 25.01.2026
Oxunuş sayı: 638