Suriyada gərginlik: SDQ geri çəkilmədi, döyüşlər davam edir
Suriya Demokratik Qüvvələri (SDQ) Dəməşq hökumətinin beynəlxalq nəzarət altında əldə olunmuş razılaşmanı pozduğunu bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hökumət qüvvələri razılaşmaya baxmayaraq, SDQ-nin geri çəkilməsini gözləmədən şəhərlərə qoşun yeridib.
Açıqlamada bildirilib ki, bu addım bölgədə gərginliyin yenidən artmasına və silahlı toqquşmaların davam etməsinə səbəb olub.
Eyni zamanda Suriya Ordusunun Əməliyyat Komandanlığı Deyr Haferin şərqində yerləşən 14 kənd və qəsəbədə nəzarətin tam şəkildə təmin edildiyini açıqlayıb. Hərbi mənbələrin məlumatına görə, 200-dən çox SDQ döyüşçüsü silahlarını götürərək mövqelərini tərk edib.
Suriya ordusu SDQ-ni razılaşmanın şərtlərini pozmaqda ittiham edir. Rəsmi bəyanatda qeyd olunub ki, Maskana yaxınlığında SDQ qüvvələri tərəfindən ordunun patrul dəstəsinə atəş açılıb. Hadisə nəticəsində iki Suriya əsgəri həlak olub, bir neçə hərbçi isə yaralanıb.
Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır, tərəflər arasında toqquşmaların davam etdiyi bildirilir.
14:53 17.01.2026
Oxunuş sayı: 2066