Son anda geri addım: Tramp İran hücumunu dayandırdı
ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi hücum əmri vermədiyi açıqlanıb.
Crossmedia.az bu barədə "The Wall Street Journal" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bu qərar İranda 800 etirazçının edamının dayandırılmasından sonra qəbul edilib. Hadisə iki ölkə arasındakı gərginliyi müəyyən qədər azaltsa da, vəziyyət hələ də yüksək riskli olaraq qalır.
Bildirilir ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof ilə İranın xarici işlər naziri Abbas Əraqçı arasında telefon danışığı baş tutub. Lakin diplomatik təmaslara baxmayaraq, Vaşinqton–Tehran xəttində gərginlik tam aradan qalxmayıb.
Ağ Evin sözçüsü Kerolin Levit bildirib ki, prezident Trampın İranla bağlı qərarları hələ də açıq qalır və bu məsələdə son sözü yalnız dövlət başçısı deyə bilər.
Levit Trampın ABŞ-nin və beynəlxalq ictimaiyyətin maraqlarına uyğun addımlar atacağını vurğulayıb. Ağ Ev isə bölgədəki vəziyyətin diqqətlə izlənildiyini və istənilən ssenariyə hazır olunduğunu açıqlayıb.
Qeyd olunur ki, hazırkı mərhələdə diplomatik kanallar açıq saxlanılsa da, regional təhlükəsizlik baxımından risklər hələ də qalmaqdadır.
14:45 17.01.2026
Oxunuş sayı: 1458