ABŞ Ukrayna müharibəsinə nəzarət mexanizmi formalaşdırır
ABŞ hakimiyyəti Ukraynada müharibənin dayandırılmasına dair mümkün razılaşmanın icrasına nəzarət etmək üçün Qəzza üzrə yaradılmış “Sülh Şurasına” bənzər yeni mexanizm formalaşdırmaq imkanını müzakirə edir.
Crossmedia.az bu barədə Financial Times nəşrinə istinadən xəbər verir. Nəşrin həmsöhbətinin sözlərinə görə, belə bir strukturun yaradılması ABŞ prezidenti Donald Trampın sədrliyi ilə nəzərdə tutulan və 20 bənddən ibarət sülh planının tərkib hissəsidir. Plan çərçivəsində formalaşdırılacaq şuraya Ukrayna, Avropa ölkələri, NATO və Rusiya nümayəndələrinin daxil olması, qurumun isə sülh razılaşmasının icrasına nəzarət və təminat verməsi gözlənilir.
Mənbələr bildirir ki, 16 yanvarda tərkibi elan edilən Qəzza üzrə Sülh Şurası gələcəkdə digər münaqişələr üzrə də fəaliyyət göstərə bilər. Financial Times-a danışan mənbələrdən biri Tramp administrasiyasının bu şuranı “BMT-yə potensial alternativ, qeyri-rəsmi paralel mexanizm” kimi gördüyünü qeyd edib.
Nəşrin yazdığına görə, ABŞ rəsmiləri artıq Venesuela məsələsinin də bu şuranın gündəminə çıxarılmasını təklif ediblər.
Sevinc Yarməmmədova
13:50 17.01.2026
Oxunuş sayı: 1288