İranda 200 saatdan artıq davam edən genişmiqyaslı internet məhdudiyyətlərindən sonra bağlantıda yalnız çox cüzi artım müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə rəqəmsal hüquqlar üzrə monitorinq təşkilatı NetBlocks bildirib.
Təşkilatın məlumatına görə, ölkə üzrə internet aktivliyi normal səviyyənin cəmi təxminən 2 faizi həddindədir. Bu artım real bərpa kimi qiymətləndirilmir və internetin tam və ya qismən normallaşmasına dair ciddi əlamətlər müşahidə olunmur.
Bununla belə, İranın dövlət mediası internet və rabitə xidmətlərinin mərhələli şəkildə bərpa edildiyini iddia edir. Rəsmi məlumatlara əsasən, ötən gecədən etibarən SMS mesajlarının göndərilməsi və qəbulu qismən bərpa olunub.
Dövlət mediası qeyd edir ki, ilkin mərhələdə yalnız milli internetə və daxili mesajlaşma tətbiqlərinə çıxış təmin ediləcək. Beynəlxalq internetə çıxışın isə daha sonrakı mərhələdə mümkün olacağı bildirilir.
Müşahidəçilər mövcud vəziyyətin ölkədə informasiya axınının ciddi şəkildə məhdudlaşdırıldığını və əhalinin hələ də rəqəmsal blokada şəraitində yaşadığını göstərdiyini vurğulayırlar.
Kübra Musayeva