Erməni Kilsəsinin yepiskoplar məclisi Avstriyaya köçürülür
13 yanvar tarixində Ali Ruhani Şuranın iclasında Erməni Apostol Kilsəsinin katolikosu II Qaregin fevralın 16–19-da erməni yepiskoplarının ümumi məclisinin Ermənistan hüdudlarından kənarda çağırılacağını elan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məclisin ölkə xaricində keçirilməsinin əsas səbəbi kimi II Qareginin qardaşı Ezras Nersisyanın iştirakının təmin olunması göstərilir. Qeyd olunur ki, Ezras Nersisyan Ermənistanda xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur.
Məlumata görə, Ali Ruhani Şuranın bir çox üzvü yepiskoplar məclisinin Erməni Apostol Kilsəsinin mərkəzi olan Birinci Taxt-Tac Müqəddəs Eçmiədzin kənarında keçirilməsinə qarşı çıxıb. İclasın əvvəlində Ktrıç Nersisyan (II Qareginin dünyəvi adı) bu məsələ ilə bağlı yekun qərar verməyib. Lakin iclasın sonunda zalı tərk etdikdən və qısa müddət sonra geri qayıtdıqdan sonra məclisin Avstriyada keçiriləcəyini açıqlayıb. İclas iştirakçıları bu qərarın Ezras Nersisyanla məsləhətləşmədən sonra verildiyini düşünüblər.
Bundan əlavə, II Qaregin erməni vətəndaşlığı olan yepiskoplar üçün Şengen vizalarının təmin edilməsi barədə göstəriş verib. Bildirilib ki, bir neçə gün əvvəl onun tapşırığı ilə Artik Yeparxiyasının rəhbəri, arxiyepiskop Narek Avagyan artıq viza alıb.
Bu addımlar faktiki olaraq Erməni Apostol Kilsəsinin əsas ruhani mərkəzi olan Birinci Taxt-Tac Müqəddəs Eçmiədzinin kənarından həyata keçirilən antieparxial fəaliyyət kimi qiymətləndirilir.
Qeyd olunur ki, ilkin mərhələdə II Qaregin məclisin Avstriyada deyil, Rumıniyada keçirilməsini təklif edib.
Sevinc Yarməmmədova
12:39 16.01.2026
Oxunuş sayı: 1212