Bir əsrlik borc qalmaqalı: Rusiyaya qarşı sensasion maliyyə iddiası
Çar dövründən qalan borcların ödənilməsi ilə bağlı Rusiya üzərində beynəlxalq təzyiqlər yenidən gündəmə gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər veirr ki, ABŞ-nin Noble Capital RSD investisiya fondu ABŞ federal məhkəməsində Rusiya hökumətinə qarşı iddia qaldırıb.
İddiada Rusiyanın 1916-cı ildə Rusiya İmperiyası tərəfindən buraxılmış istiqrazlar üzrə hüquqi varis kimi məsuliyyət daşımasının tanınması tələb olunur. Fondun mövqeyinə görə, dövlətlərin ardıcıllığı prinsipi əsasında müasir Rusiya həmin borcların qaytarılmasına cavabdeh olmalıdır.
Məhkəməyə təqdim olunan iddianın ümumi məbləği 225 milyard dollar təşkil edir. Bu rəqəmə əsas borc məbləği ilə yanaşı, uzun illər ərzində yığılan faizlər və mümkün kompensasiyalar da daxildir.
Qeyd olunur ki, sözügedən istiqrazlar Birinci Dünya müharibəsi dövründə buraxılıb və 1917-ci il inqilabından sonra bolşevik hakimiyyəti tərəfindən rəsmən tanınmayıb. Buna baxmayaraq, iddiaçılar hesab edirlər ki, beynəlxalq hüquq çərçivəsində Rusiya Federasiyası çar Rusiyasının maliyyə öhdəliklərini üzərinə götürməlidir.
Ekspertlərin fikrincə, bu məhkəmə prosesi təkcə maliyyə deyil, həm də siyasi nəticələr doğura bilər və Rusiyanın xarici aktivləri ilə bağlı yeni hüquqi mübahisələrə yol aça bilər. İddianın taleyinin necə olacağı isə ABŞ məhkəməsinin verəcəyi qərardan asılı olacaq.
Kübra Musayeva
11:49 16.01.2026
Oxunuş sayı: 1469